“Yurd TV” ekranlara qayıda bilər

Azərbaycanın ilk tam həcmli yayıma malik internet-televiziyası olan “Yurd TV” efir kanalı kimi ekranlara qayıda bilər.

Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna bu il noyabrın 16-dan dekabrın 16-dək elan edilmiş müsabiqə başa çatıb.

MTRŞ-dan verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı – “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “Media Master” MMC müsabiqəyə sənədlərini təqdim edib. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanunun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, “Media Master” şirkəti “Yurd TV”nin təsisçisi olub.

 

Müstəqil.Az

Share: