Gəlin, tanış olaq – müasir erməni yazarları nədən yazır?

Tural Turan
 Azərbaycanlılar erməni poeziyasını ötən əsrin səksəninci illərinin sonuna kimi izləyə bildi. Sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və elan edilməmiş müharibəsi başladı. Bölgə qan çanağına döndü. Hiddət və hikkə o həddə çatdı ki, iki xalqın ədəbiyyat cəbhəsində də “tikanlı məftillər” çəkildi. Azərbaycan birtərəfli qaydada erməni poeziya və nəsrindən özünü təcrid etdi.
Ermənistanda isə bu gün də müasir Azəbaycan ədəbiyyatı nümayəndələrinin – Seymur Baycanın, Əli Əkbərin, Günel Mövludun hətta sovet dövrü yazarlarımızdan Səməd Vurğun, Cəlil Məmmədquluzadə, klassiklərdən Sabir və Nizami Gəncəvi nəşr edilir. Açığı, Ermənistanda orta məktəb dərsliklərində Nizami Gəncəvi erməni şairi kimi təqdim edilib. Erməni xisləti ömrü boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılan Gəncədə yaşayıb yaratmış bu şairi də özününküləşdirmək üçün qarmaqlar atır…
Mətləbdən uzaqlaşmadan deyək ki, bu gün erməni ədəbiyyatını, oradakı hazırkı ədəbi prosesi ən azından düşmən ədəbiyyatı prizmasından mütəmadi izləməliyik. Onlar bizi izləyir və bunu esseist Anahit Arpenin timsalında “müasir Qafqaz ədəbi mühitinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan ədəbiyyatından təcrid edə bilmərik” kimi ağıllı don geyindirməyi bacarırırlar. Bu arada qeyd edim ki, Anahit Arpen müasir Azərbaycan ədəbiyyatı nümunələrini tərcümə edən, onların təhlilini qısa köşə yazıları ilə verən azsaylı erməni filoloqlarındandır.
Keçək əsas məsələyə, bu gün müasir erməni ədəbiyyatındakı əsas simalar kimlərdir və düşmən cəbhənin ədəbiyyat ordusu nədən yazır, müasir nəsr və poeziyaları hansı istiqamətdə inkişaf edir?!..
Əvvəla onu vurğulayım ki, müasir erməni nəsrində bir cümləlik və təxminən min işarə həcmindəki qısa hekayələr çox məşhurlaşıb. 2000-ci illərin ortalarında Ermənistan ədəbiyyatına ayaq açmış qısa hekayələri o vaxtlar Lionda, indi isə İrəvanda yaşayan Ruben Qaliçiyan gətirib. Qaliçiyanın Qarabağ müharibəsindən bəhs edən “indi torpaq “Miatsum”un qara mərmər otlarını cücərtməkdən təngə gəlib” misrası daha məşhurdur. Yazıçı hətta 2006-cı ildə buna görə, “Le Pen” dərgisinə müsahibəsində təhdid məktubları aldığını da bildirmişdi.
Dadaist şeirlər, eqsensualist fəlsəfə, postmodern təfəkkür tərzi ədəbi mühitin əsas “şah damarı” olan İrəvanda daha qabarıq təzahür edib. Heç şübhəsiz ki, bu da Avropada yaşayıb yaradan erməni gənclərin əsərlərinin işğalçı ölkə paytaxtında mütəmadi və silsilə nəşrindən sonra başladı. Söhbət o vaxtkı prezident Robert Koçaryanın 2000-ci ildə imzaladığı “ədəbi islahatlar fərmanı”ndan sonra atılan addımlardan və Dünya erməni yazıçılarının 2002-ci ildə baş tutan Eçmədzin (Üç müəzzin-T.T) qurultayından sonra görülən köklü işlərdən gedir…
Etiraf edək ki, müasir erməni nəsri və poeziyası forma və struktur baxımından kifayət qədər yenilikçidir və Azərbaycanı bu baxımdan üstələyə bilir. Bunun da səbəbi əksər gənc erməni yazıçı və şairlərinin Fransada, ABŞ-da, Kanadada, Rusiyada və hətta Şoqiq Fodulyanın timsalında Yaponiyada kifayət qədər ciddi təhsil almalarıdır. Lakin müasir erməni ədəbiyyatı istedadlı yazıçı və şair böhranı yaşamaqdadır. Hətta özləri belə, etiraf edirlər ki, onlar ssenari sahəsi istisna olmaqla, digər ədəbi sferalarda Avropa oxucusunun zövqünü oxşaya bilmir. İrəvanda isə Vardan Zadoyan adlı tənqidçi “Qərb oxucusunu doydura bilməmək” sindromunu gənclərin “erməni folklorunu yetərincə bilməməsi və ondan uzaq düşmələri ilə” əlaqələndirir.
Keçək əsas tanışlığa; Müasir Erməni nəsrinin ən üzdə olan və tanına simalarından bəlkə də birincisi Amerikada yaşayan aktyor və yazar Elfik Zohrabyandır. 24 yaşlı yazıçının 2016-cı ildə nəşr olunan “Qafqaz pritçaları” və “Gümrü qeydləri” ABŞ-da böyük şöhrət qazanıb. Hətta sonuncu kitab qısa zaman ərzində 300 min nüsxə satılıb. Hər iki əsər ingilis dilində qələmə alınıb. “The Sun” qəzeti Elfikin “Qafqaz pritçaları”nı “bu günün Amerika ədəbiyyatında yeni ruhun axtarışı” kimi təqdim edib. Bütün bunlara baxmayaraq, İrəvan ədəbi camiası və Zöhrabyanın özü yaradıcılığını müasir erməni ədəbiyyatının, ədəbi prosesinin bir parçası hesab edir.
Maraqlı məqam ondan ibarətdir ki, Zohrabyanın ən çox bənzəmək istədiyi yazıçı Çingiz Aytmatov və Oskar Uaylddır. O, müasir erməni nəsrinə Aytmatov və Kafkanın öz yaradıcılıqları ilə böyük töhvə verdiyini müsahibələrinin birində açıq şəkildə bildirib.
Müasir erməni tənqidçilərinin bir qrupu Marina Petrosyandan (1960) sonra Ermənistan poeziyasında durğunluq hökm sürdüyünü, yeni nəfəs və rəngarənglik toxumlarının səpilmədiyini iddia edir. Ümumiyyətlə, hazırda erməni poeziyasında iki dominant sima var. Biri Marina Petrosyan, digəri Vahram Sahakyandır (1964). Onların yazıları daha ciddi qəbul edilir və ədəbi portallarda acgözlüklə yayımlanır.
Violette Qriqoriyan İranda doğulub sonrada İrəvana köçən və fars, erməni eləcə də ingilis dillərində yazıb yaradan erməni şairdir. Ara-sıra esseləri də nəşr olunur. Şeirləri Ermənistanda ən çox mübahisələrə səbəb olan qələm adamıdır. Siyasi baxış etibarı ilə solçudur. Yazıdğı nəzm nümunələrində də bunu aşkar duymaq olur. “Mən həqiqəti danışıram” kitabının nəşrinə hətta bir ara qadağa da qoyulub. Kitab ABŞ-da məşhurlaşdıqdan sonra Ermənistanda nəşrinə icazə verilib. Prinsipial mövqeli yazıçı işğalçı ölkədəki bütün hakimiyyətlərə qarşı müxalif mövqeyi ilə seçilib. Hətta siyasi və ictimai basqılara tab gətirməyən yazıçı indi Gürcüstanda – Kutaisidə yaşayır. Onun “Belə sərt qış olmamışdı” kitabı isə daha məşhurdur. Əsərdə erməni gəncliyinin mövqe fahişəliyindən bəhs edən esse və şeirlər toplanıb. Vieolette Qriqoriyan bu gün Ermənistanda dərsliklərə də salınıb. Yaradıcılığının ilkin dövrlərində qələmə aldığı uşaq şeirləri ibtidai siniflərdə tədris olunur.
Şuşan Avaqyan yeni təhkiyə üsulunu erməni ədəbiyyatına gətirən gənc yazarlardan hesab olunur. Qısa hekayələri ilə məhşurlaşıb. Hekayələri adətən min işarə həcmini keçmir. Cəmi iki kitabı çapdan çıxıb. İnternet mediada isə daha fəaldır. Erməni və rus dillərində yazıb yaradır. Rus dilində hekayə kitabı – “Zurabyanın qadınları” 2014-cü ildə üç dəfə nəşr edilib. “Hraparaq” nəşri Şuşan Avaqyanı müasir erməni nəsrinin “on ən güclü imzası” siyahısına da salıb.
Ani Asatryan yaşı otuzun altında olan və erməni qadınlarının problemlərini öz hekayələrində qabardan yazıçılardan hesab edilir. O müasir erməni qızlarının “bakirəlik sindromundan” qurtula bilmədiyinə yazılarında geniş yer ayırır. Yaradıcılığının əsas qayəsini də demək olar ki, bu təşkil edir. Hətta yazılarındakı sosial baxışlarına görə, dəfələrlə tənqid olunub. “Mən öləcəyəm” kitabı da məhz erməni qadınlarının azad fikirli ola bilməməsindən bəhs edir. O, Ermənistanda yaşayan qadınların sosial problemlər burulğanında “xanımlıq keyfiyyətlərindən məhrum olduğunu” qeyd etdiyinə görə, məhkəməyə də verilib. Təzminat ödəyib.
Lilit Karapetyan isə “Miatsum” təşkilatının yazarı kimi məşhurdur. “Ermənistan həqiqətləri” mövzusunda yazılar yazır. “Günəşdən əvvəl” tarixi romanı klassik təhkiyə üslubunda qələmə alınıb. “Günəşdən əvvəl” kitabı Qarsın “erməni şəhəri” olmasından bəhs edir. Əsər Türkiyə türkcəsində də nəşr olunsa da 2012-ci ildə çapına qadağa qoyulub. Karapetyan əsərlərini həm erməni, həm də Anadolu türkcəsində qələmə alır. Türkiyədəki “Aqos” qəzetində köşə yazıları nəşr edilir.
Sonda bir haşiyə:
Bu yazını yazmaqda yalnız bir məqsədim var, müasir erməni yazarlarının nədən yazdığı və erməni ədəbiyyatının hazırkı durumuna baxış. Düşməni izləmədən ona adekvat addım atmaq başqa nüansdır. Biz isə güclü keçmişi olmayan düşmən ədəbiyyatından geridə qalmamaq və onu qat-qat üstələmək üçün onların yazdıqlarına da nəzər salmalıyıq. Hər halda bu mənim baxışımdır.

Share: