Gəlin, mehriban yaşayaq!..

Həzrəti Məhəmməd peyğəmbər (s.ə.s) vəfat edəndən sonra, müsəlmanlar parçalanaraq, müxtəlif məzhəblərə, təriqətlərə bölündülər. Yüz illərdir ki, bu məzhəblər öz aralarında gizli müharibə aparırlar. Nəticədə, İslam dini öz içindən şaxələnir. “Allahu Əkbər!” deyən, qardaşlar bir-birinə düşmən kəsilir…

Siyasi partiyalar da buna bənzəyir. Bildiyiniz kimi Azərbaycanda 50-yə yaxın partiya var. Bu o deməkdir ki, on milyon əhalinin böyük bir hissəsi siyasi mənsubiyyətinə görə 50 yerə bölünüb. Hamısının da rəhbəri, guya ölkəni xoş günə çıxaracağına, xalqı inandırmağa çalışır. Nəticədə nə baş verir? Əhali müxtəlif partiyalara bölünərək vahidliyini itirir, ölkədə ayrıseçkilik yaranır. İnsanlar iqtidaryönlü və müxalifyönlü təbəqələrə parçalanırlar. Necə deyərlər, eyni xalqın nümayəndələri arasında qarşılıqlı nifrət yaranır. Biri hansısa liderdən fikir söyləyəndə, o biri onu təhqir edir və s.. Bu, kimə lazımdır bilmirəm…
Müqaisə üçün dünyanın ən mütərəqqi ölkəsi ABŞ-ı götürək. Burada Azərbaycandan təxminən qırx dəfə çox- 400 milyona yaxın insan yaşasa da, cəmi 8 partiya var, onlardan ən əsasları isə Demokratlar və Respublikaçılar partiyalarıdır. Yəni 400 milyona yaxın əhalinin siyasi mənsubiyyəti bizdəki kimi 50-yə yaxın yerə deyil, iki qütbə bölünüb. Başa düşürəm, hər bir iqtidarın müxalifi və hər bir müxalifətə dirəniş göstərən öz iqtidarı olmalıdır, bu normal haldır, amma necə?..
İnsanların hisslərilə oynamaq olmaz. Əgər strategiyan yol tapıb gerçəkləşmirsə, deməli zəifsən, gücsüzsən və hesablaşmağa məhkumsan. Bəlkə də məni qınayanlar da tapılacaq. Partiya nədir, sualına cavabım belədir- Bir ağıllı və mənsəbpərəst adamın hakimiyyətə gəlmək və ya gündəmdə olmaq üçün ortaya atılıb, minlərlə vətən aşiqini, millət fədaisini öz ətrafında birləşdirməsi üçün düşünülən cəhddidir. Güclənmək, hakimiyyətə güc nümaiş etdirmək fəndidir…
Bəli, biz rəsmi statistikaya görə cəmi on milyon nəfərdən ibarət xalqıq. Azərbaycanlı azərbaycanlının rəqibi ola bilər, amma düşməni olmamalıdır. Məşhur, multfilimdəki kimi- “Gəlin, mehriban yaşayaq!”
Bir də ki, dünyada ölkələr yaranandan üzübəri belə olub, kim ən ağıllıdırsa, ən güclüdürsə hakimiyyət də onundur. Vinston Çörçillin gözəl bir deyimi var: “Seçkilərə qatıldınsa söz ver ki, seçiləsən. Seçildinsə, çalış verdiyin sözə əməl elə. Yox əgər əməl edə bilməsən, qəti qorxusu yoxdur, artıq seçilmisən…”
Bəli, bu fikirlər dünyanın ən nəhəng siyasətçilərindən birinin tövsiyəsidir…
Elman Eldaroğlu
Share: