Fransa və Ermənistanı birləşdirən genosid dəyəri: dünya niyə susur? – ŞƏRH

Tarixə Qalib Azərbaycan möhürü vuran Zəfər savaşı və 23 saatlıq antiterror tədbirləri Cənubi Qafqazda 200 ildən artıqdır davam edən erməni separatizmini birdəfəlik məhv etdi. Hətta ən qatı erməni şovinistləri belə məğlubiyyət reallığı ilə barışdıqları halda, bu xalqdan alət kimi istifadə edən bəzi imperialist güclər hələ də xam xülyalarını gerçəkləşdirmək yolundan dönməyiblər.

 

Ali Baş Komandanın Xankəndidə üçrəngli Bayrağımızı ucaltması isə bu şər yuvalarını xüsusilə fəallaşdırıb və bu sırada Fransanın ermənipərəst mövqeyini gücləndirməsi diqqət çəkir. Bu ölkənin müdafiə naziri Ermənistanla silah satışı ilə bağlı saziş imzalayacağını bəyan edib və bildirib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı yaratmaq lazımdır. Rəsmi Paris əsl niyyətini “Ermənistanı xilas etmək”lə pərdələyərək, “bu ölkənin Azərbaycanla sərhədlərini möhkəmləndirmək” adı altında vəziyyəti yenidən gərginləşdirmək, regionda sabitliyi və sülhü pozmaq yolunu tutub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib.

O qeyd edib: “Normal siyasi düşüncə onu diktə edir ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanla ayaqlaşa bilməyəcək. Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistana silah və hərbi texnika əvəzinə ağıllı məsləhət verilməlidir. Çünki Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmaması bu ölkənin sonuna gətirə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Dövlətimizin başçısının bu fikri Fransa üçün ciddi xəbərdarlıqdır”.

Fəzail İbrahimli deyib ki, əslində, Fransa və Ermənistanı siyasi maraqlardan daha çox, təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməllərin dövlət ideologiyasına çevrilməsi birləşdirib. Qarabağdan könüllü gedən erməniləri “etnik təmizləmə” adı ilə dünyaya təqdim etməklə, “soyqırımı”, “zor” ifadələrini ortaya atmaqla Fransa yenidən aranı qarışdırmaq, müharibəni alovlandırmaq niyyətindədir. Çünki özü təcavüzkardır, sui-qəsdlər, mina terroru törətməkdə mahirdir. Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən dövlətlərdən biridir. Fransanın XX əsrin sonlarında törətdiyi cinayət, soyqırımı faktlarına diqqət yetirək: “1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada 800 min insan öldürülüb, ölkə əhalisinin 20 faizi məhv edilib, 100 minlərlə qadın cinsi təcavüzə məruz qalıb. Bu cinayətdən 25 il sonra Ruandada kütləvi qırğınların qurbanı olan 2 min, 2020-ci ildə isə 5 min nəfərin qalıqları tapılıb. Hələ də ölkənin bu və ya digər yerlərində soyqırımı qurbanlarının gizli basdırıldığı yerlər üzə çıxmaqdadır. Eynilə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər kimi. Xocalı soyqırımından iki il sonra dünyanın başqa yerində belə bir cinayətə imza atan Fransanın Ermənistanla eyni mövqedə olması təəccüb doğurmur. Fransa tarixinin üzqarası olan başqa bir fakta nəzər yetirək. Fransa müstəmləkəsi Əlcəzair Hitler Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa bu təklifi qəbul etdi. Almaniya əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. Fransanın qələbəsi Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq onlara verilən “müstəqillik” sözünün tutulacağını düşünərək təntənəli yürüşlər keçirdi. Ancaq Fransa verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqa işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə-yeksan edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən on minlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir”.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Fransa və Ermənistanı eyni terror məfkurəsi, Əlcəzairlə Azərbaycanı isə oxşar tale birləşdirir. Hər iki müsəlman ölkəsinin dinc sakinləri eyni dinin və əqidənin daşıyıcısı olan Fransa və Ermənistanın soyqırımı siyasətindən bu gün də əziyyət çəkir. Təəssüf ki, hər iki halda qeyri-insani, bəşəri cinayətlərə qərəzli yanaşma da var. Gecə-gündüz Türkiyəni 1915-ci ildə “erməni soyqırımı” törətməkdə ittiham edən, Xocalı soyqırımını görməzdən gəlib Xankəndini könüllü tərk edən ermənilərə yas tutan Qərb Fransanın Əlcəzairdə və Ruandada törətdiyi qətliamları yada belə salmır. Bu barədə ara-sıra son dərəcə xəsisliklə nəsə yazılıb. Fransanın Əlcəzairdə də soyqırımı törətməsi tarixi faktdır. Qərb bu məsələ ilə də bağlı susmağa üstünlük verib. Qərbin insan hüquqları ilə bağlı yüzlərlə nəhəng təşkilatı var. Ancaq onların heç biri bu məsələdə ortaya nümunə sayıla biləcək mövqe qoymayıb. Niyə belədir? Çünki Avropa xalqları Amerika materikində, Afrikada, Asiyada, elə Avropanın özündə də dəfələrlə soyqırımı aktları törədiblər. Ancaq onlar bu barədə danışmağa meylli deyillər.

“Sülhpərvər dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar öz məramlarında səmimidirlərsə Paris və İrəvanı durdurmalı, insanlıq əleyhinə ağlasığmaz cinayətlərini təkrarlamasına imkan verməməlidirlər. Əks halda, bu, bütün tərəqqipərvər dünyanın qan və fəlakətlərlə üzləşməsinə səbəb olacaq. Fransanın məhz Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistana hərbi yardımına, müdafiə sahəsində imzaladığı müqavilələrə, separatçılara hərbi-siyasi dəstək verməsinə gəldikdə, bütün bunlar səmərəsiz gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını işğaldan azad edib, suverenliyini qoruyub, sərhədlərini möhkəmləndirib. Otuz ildə BMT-nin, ATƏT-in və bir çox beynəlxalq təşkilatların yerinə yetirə bilmədiklərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz öz gücünə həyata keçirdi. Əgər düşmən və havadarları düz yola gəlməsələr, daha ciddi tədbirlər görülə bilər və Azərbaycan xalqı buna hər an hazırdır. Ermənistan və başda Fransa olmaqla, havadarları buna əmin ola bilərlər”, – deyə F.İbrahimli qeyd edib.

Share: