FHN-in komandası minifutbol turnirinin qalibi oldu — Video

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin final oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mayın 7-də final oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Dövlət Təhlükəsizliyi Xidmətinin komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən və əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. 

Rəqib qapısından 8 top keçirən Fövqəladə Hallar Nazirliyinin komandası 8:7 hesabı ilə qalib gələrək turnirin çempionu olub. 

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və digər rəsmilər təqdim edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və 18 noyabr 2022-ci ildə start götürən 52 dövlət qurumunun komandasının iştirak etdiyi minifutbol turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin komandası 19 qələbə, bir oyunu bərabərə bitirməklə məğlub olmadan ən çox qələbə qazanan yeganə komanda kimi yarışı uğurla başa vurub.


Share: