Feysbukdan kütləvi imtina: Reklamverənlər də aksiyaya qoşuldu

İstifadəçiləri tərəfindən boykot edilən feysbuka daha bir zərbə reklamverənlərdən gəldi.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Mozilladan sonra alman şirkəti Commerzbank da etibarlılığının sarsılması əsası ilə “feysbuku sil” kampaniyasına qoşulub və feysbuka reklam verməmək qərarını verib. Buna səbəb isə milyonlarla istifadəçinin şəxsi məlumatının yayılmasıdır.

Commerzbank şirkətinin rəsmisi Uve Hellmann marka və məlumat təhlükəsizliyinin əhəmiyyətini nəzərə alaraq belə bir addım atdıqlarını deyib. O həmçinin bu müddətin daimi olmadığını, yenidən feysbuka reklam vermək üçün şirkətin yayılan məlumatları ilə bağlı araşdırmanın yekunlaşmasını gözləyəcəklərini bildirib.

Qeyd edək ki, ay ərzində aktiv istifadəçilərinin sayı 2.1 milyardı keçən feysbukun keçən il gəlirləri 46 faiz artaraq 40.6 milyard dollar çatıb. Bu gəlirin 40 milyard dollarını reklamlardan əldə edir. Dünyada ən çox feysbuk istifadəçisi 250 milyon nəfərlə Hindistandadır. Ötən il feysbuk dünya miqyasında hər bir istifadəçisinə görə 6.18 dollar qazanıb. Bu rəqəm Avropa miqyasında 8.86 dollar, ABŞ və Kanadada isə 26.76 dollar olub.

Share: