“Farsa- rusa əyildikcə, yetmədi, Çiyinlərim dayağına vətənin…”-İlqar Türkoğlu yazır…

 

Müstəqil.Az  şair  İLQAR Türkoğlunun yeni şeirini təqdim edir:

 

VƏTƏNİN

Xocalıda qurulmuşdu”oyunu”
Bölündükcə bəyə-xana, vətənin.
Bir lalənin, bir fidanın toyunu
Boyadılar bayrağına vətənin.

Qulağımda səsləndikcə ağılar,
Sıralanır gözlərimdə “axı”lar.
Başa keçib, sahib olur yağılar,
Həm balına, həm yağına vətənin!

Başım üstən çəkilmədi, getmədi,
“Min bir gecə” min ildi ki, bitmədi.
Farsa- rusa əyildikcə, yetmədi,
Çiyinlərim dayağına vətənin.

Bazar açıb, top əvəzi at alar,
Düşmənini tanımayan atalar.
Xəyanətin ürəyindən atalar,
Daş dəyməsin ayağına vətənin!

O tay, bu tay, hələ yarı gedirəm,
Canımda can, gücüm varı, gedirəm.
Bir yol tutub Tura sarı gedirəm,
Ümid olub mayağına vətənin.

Share: