Fanatizim

VOLTERin hekayəsi

Qızdırmadan törəyən çılğınlıq, hikkədən doğan quduzluq nədirsə, dini xurafatdan yaranan fanatizm də elə o deməkdir. Kimsə, nəyə görəsə, coşub özündən çıxırsa, qarabasmaların gerçəkliyinə, yuxunun çin çıxacağına inanırsa, fantazaiyasını öncəgörmə kimi qavrayırsa, belələri entuziastdır – yalançı vurğunluğun çaşdırdığı şəxslərdir; kimlərsə, özünün bu sayağı şüur pozuntularını, başqalarını öldürməklə gerçəkləşdirməyə çalışırsa, onlar fanatikdir. Romadam çıxıb Nürnberqə gedən Jan Dias, Roma papasının Qiyamət günündən öncə ortaya çıxacaq antixrist olduğuna ürəkdən inanırdı, onun antixristdə olacağı deyilən bütün yırtıcı keyfiyyətlərin daşıyıcısı olduğunu düşünürdü: o, bu qavramı ilə entuziast idi. Romadan onun ardınca yollanan doğma qardaşı, doğrudan da Tanrıya olan sevgisinə görə onu öldürən  Bartolemeo Dias isə, xurafatın bütün tarixi boyunca yaratdığı ən iyrənc bir fanatik idi.

Polivekt, böyük bir dini bayram günü, məbədə gəlib oradakı bütün bəzəkləri qoparıb atmış, heykəlləri sındırmışdı, o, Dias kimi qorxunc olmasa da, ancaq cəhalətdə ondan geridə qalmayan bir fanatik idi. Hersoq Fransua de Gezi, Vilhelmi, Oran prinsini, krallar: III Henrix və IV Henrixi, bir sözlə, bu kimi çoxlu insanları öldürənlər – ruhunu iblisə satmış, Diasın yoluxduğu quduzluğa tutulmuş yaramazlardır.

Ən iyrənc fanatizm örnəyini isə, onların sıralarına qoşulmaq istəməyən yurddaşlarını öldürən, doğrayan, evlərinin pəncərəsindən aşağı tullayan, parça-parça eləyən, paris burjuaları göstərmişdilər.

Soyuqqanlı fanatiklər də olur: bunlar, yeganə günahı onlar kimi düşünməmək olan şəxslərə ölüm hökmü kəsən hakimlərdir; bu hakimlər, insanlıq qarşısında o biri fanatiklərdən qat-qat artıq günahkardır, yer üzündə onlardan daha alçaq olan kimsə yoxdur, onlar: Klement, Şatel, Ravalyak, Jerar, Damen kimi fanatiklər sayağı, başlarını itirəcək bir quduzluğa qapılmadığından, sağlam düşüncələrinin səsinə qulaq asıb, düzgün hökmlər verə bilərdilər.

Beyin, fanatizm qanqrenasına yoluxubsa, bu artıq sağalmaz bir xəstəlikdir. Mən keçmişlərdə, çox böyük çılğınlıqla, Müqəddəs Parisin möcüzələrindən danışan adamlar görmüşdüm, onlar danışdıqca qızışıb özlərindən çıxır, gözləri alışıb yanmağa başlayır, bədənlərini əsməcə tutur, üzlərində ağıl itirməyin əlamətləti görünməyə başlayırdı: bu anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər.

Bu yoluxucu xəstəlikdən qurtulmağın tək yolu, insanlar arasında birindən o birinə keçib yayılan fəlsəfi ruh ola bilər, bu vasitə, – xəstəliyi yüngülləşdirir, insanları sağaldır, xəstəliyin gücləndiyi vəziyyətləri aydınlaşdırır: bu xəstəlik gücləndimi, gərək oradan baş götürüb qaçasan, haradasa bir uzaq yerdə, havanın arınıb sağlamlaşmasını gözləyəsən. Qanunlar və dinlər bu, ruhun taunu adlana biləcək düşkünlüyü aradan qaldırmaqda gücsüzdürlər; din onsuz da, ruhun aclığını doyuracaq sağlam qidalar ortaya çıxara bilmir, fanatizm taununa yoluxmuş ruhlara gəlincə, din onlar üçün zəhərə çevrilir. Bu qaragünlü fanatiklər: kral Eqlonu öldürmüş Aodu; onunla bir yasdığa baş qoyan Olofernin başını kəsən Yudifi; kral Aqaqanı parça-parça doğpamış Samuili, bir örnək olaraq, böyük hörmətlə anmaqdadırlar. Onlar, keçmişlərdə hörmətlə anılan bu örnəklərin, bu gün necə də iyrənc göründüyünü anlamaq istəmirlər; beləliklə də, onları yanlışa qapılmaqda günahlandıran dinin özündən güc alıb, bir az da qızışırlar.

Qanunlar, bu quduzluq tutmasına qarşı nəsə eləməkdə büsbütün gücsüzdür; burada qanunun araya girmək istəməsi, sizin – qəzəbdən azğınlaşıb başını itirmiş birisinə, onun  qanunla davranmadığını anlatmaq istəyinizə bənzəyərdi. Bu adamların inamına görə, onların ürəyinə dolmuş müqəddəs ruh bütün qanunlardan üstündür, bundan doğulan çılğınlıq – onların boyun əyməli olduğu yeganə qanundur. Birdən kimsə qayıdıb sizə desəydiki, o, insanların yox, ancaq Tanrının sözünə qulaq asır və sizi öldürməklə də, Tanrının hökmünü yerinə yetirir, – sizin ona deməyə bir sözünüz qalardımı?

Fanatiklərinin cilovu, çox vaxt, fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verir; deyilənə görə, dağlarda yaşayan bir Qoca, bu sayaq fanatiklərə cənnəti bu dünyada dadızdırarmış, sonra da bu, dadı damaqdan getməyən cənnət mülkündə sonsuzlara kimi ömür sürə bilməyin tək yolunun, onun göstərdiyi adamı öldürmək olduğunu onlara aşılayarmış, elə bu dediyimiz fırıldaqçılar da, o yaramaz Qocanın tayıdır. Dünyadakı dinlərdən ancaq biri fanatizmə bulaşmamışdır. Bu, Çin müdriklərinin dinidir. Fəlsəfi baxışlara gəlincə, onlar bu tauna yoluxmamaqdan başqa, onu sağaltmaq üçün dərmanlar da düzəldirlər, bu fəlsəfi baxışlar, insanların ruhunda bir toxdaqlıq yarada bilirlər, fanatizm isə, ruhun toxdaqlığı ilə uyuşmayan bir haldır. Bu, ibliscəsinə quduzluğun, sürəkli olaraq bizim müqəddəs dinimizə ziyan vurması isə, insanların ağılsızlığı ucbatından baş verir, ona görə də, bu işdə biz ancaq onları qınamalıyıq.


Rus dilindən Tərcümə etdi Araz GÜNDÜZ  

 

Share: