Fərqanə xanım bənzərsiz, böyük şair idi …

80-ci illər idi. Mən onda hələ Laçında, doğulub boya-başa çatdığım Qoşasu kəndində yaşayırdım. “Qorizont” markalı ağ-qara rəngli bir televizorumuz var idi. Atam Pənah Mikayilov kəndimizdəki orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdi. O, S.M.Kirov adına Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi.

Atamın Respublikada bir çox məşhur şairlərlə, yazıçılarla möhkəm dostluq əlaqələri də var idi. Öz şeirləri də müntəzəm olaraq Respublikanın qəzet və jurnallarında dərc olunurdu. Atamən şox gözəl səsi və bir az da tar çalmağı da var idi. Televiziyada gedən ədəbi musiqili verilişləri həmişə böyük maraqla izləyirdi. O verilişlərin içərisində bizim ailənin çox sevdiyi “Aşıq Pəri” məclisi də var idi. Rəhmətlik Narınc Xatun xanımın rəhbərliyi ilə çox istedadlı qadın aşıqlarımızın, şairlərimizin çıxışlarından böyük zövq alardıq…
O sənətkarların arasında həzin, mülayim səsə, gözəl istedada malik gənc bir şair qız da var idi. Həmişə şeirlərindən böyük zövq aldığımız Fərqanə xanım Mehdiyeva.
1992-ci ilin may ayında Azərbaycanımızın dilbər guşələrindən biri olan Laçın rayonu mənfur ermənilərin və onların havadarlarının dəstəyi ilə işğala məruz qaldı. Biz ailəmizlə birlikdə Sumqayıt şəhərində məskunlaşa bildik.
Rəhmətlik atam bu ayrılığa bu intizara tab gətirə bilməyərək 1998-ci ilin may ayında dünyasını dəyişdi.
Bizə xatirə olaraq iki şeirlər kitabı qaldı. Mən 2008-ci ildə Ukrayna Respublikasına getdim, və 2014-cü ilə qədər, yəni işğalçı Rusiyanın Ukraynaya təcavüzünə qədər Donetsk vilayətində yaşadım. Orda yaşadığım illərdə Facebook sosial şəbəkəsində və bəzi saytlarda ara-sıra öz cızma-qara şeirlərimi təqdim edirdim. Özümə müəyyən qədər oxucu kütləsi də yığa bilmişdim. Tanınmış şairlərimizdən hər zaman tövsiyyələr alırdım.
Bir dəfə bir şeirimin altıdan Fərqanə xanım Mehdiyeva gözəl bir şərh yazmışdı. Düzü heç inana bilmirdim. Düşünürdüm yəqin özü olmaz, kimsə adından istifadə edə bilər. Dostluq təklifi göndərdim, qəbul elədi. O vaxtdan xoş ünsiyyətimiz yarandı və bu ünsiyyət bacı-qardaş münasibətinə qədər inkişaf elədi. 2012-ci ildə Azərbaycana dönərkən Fərqanə xanım Mehdiyeva ilə bir neçə dəfə görüşdük. Rəhmətlik atamın kitablarını da hədiyyə etdim. Çox səmimi, istiqanlı, qədirbilən, həssas, duğulu bir insan idi. Mən Ukraynaya dönəndən sonra, Fərqanə xanım rəhmətlik atamın kitablarını oxuyub və sonra mənə məktub yazmışdı. Rəhmətliyin sağlığında tanış ola bilməmələrindən çox heifisinləndiyini bildirmişdi. Rəhmətlik atamın, rəhmətlik anama xəstəliyi zamanı Laçın rayon xəstəxanasında yazdığı “Xəstə ürəyi” şeiri onun ürəyinə geniş yol tapmışdı. Hər zaman bir az xəstələnən kimi, Arif qardaşım, atanın “Xəstə ürəyi” şeirini məni tağ etməklə paylaş xahişini edirdi. Və bu axşam Pənah müəllimin şeirlərinə bürünüb yatdım, deyərdi.
Hər zaman Azərbaycana gedəndə Fərqanə xanımla hökmən görüşürdüm. Hər görüşümüzdən sonra ona qarşı olan sayğılarım daha da böyüyürdü. Şair kimi də bənzərsiz, böyük şair idi Fərqanə xanım. Sağlığında dövlət tərəfindən fəxri ad almaması mənə çox təsir edir. O xalqın ürəyində özünə yer tapmış əsil xalq şairi idi.
Mənim  kiçik yaradıcılığıma həmişə dəyər verib, Arif, sən istedadlı şairsən, deyirdi.
İndi mənə doğma olan nə Laçınım, nə Qoşasu kəndim, nə ağ-qara televizorumuz, nə atam, nə Fərqanə bacım var…
Bu gədər itkilərə bu qurbət diyarda dözmək çox çətindir.
Fərqanə xanımın dünyasını dəyişməsi xəbərini böyük ürək ağrısı və göz yaşları ilə qarşıladım. Çox üzüldüm, lap çox. Tanrı rəhmət eləsin Fərqanə bacımıza, onun müqəddəs ruhu qarşısında baş əyirəm. Əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
Onun əziz ruhunu bir daha yad etmək üçün rəhmətlik atam Pənah Mikayilovun “Xəstə ürəyi “ şeirini də dəyərli oxucularımıza təqdim edirəm.
 
XƏSTƏ ÜRƏYİ
 
Siz allah şux gülün şirin danışın,
Başqa bir ürəkdi xəstə ürəyi,
Bir tutqun baxış da dəyir xətrinə,
Yamanca kövrəkdi xəstə ürəyi.
 
Xəstədir sağlıqdan ümidin kəsən,
Bəxtindən inciyən, həyatdan küsən,
Yarpaği saralmiş ormanda əsən,
Xəfif bir küləkdi xəstə ürəyi.
 
Ümidi gerçəkdi, inamı yalan,
Arzusu dumanlı, istəyi talan,
Həkimin əlində qəm notu çalan,
Həzin bir tütəkdi xəstə ürəyi.
 
Təskinlik eyləyib salmasan başa,
Gözlər tab gətirməz süzülən yaşa,
Pənahın köksündə döyünür qoşa,
Bilməyin ki, təkdi xəstə ürəyi…
 

Arif Pənahoğlu

Share: