Fərqanə Mehdinin xatirə gecəsi

Tanınmış şair, “Ulduz” jurnalınının poeziya şöbəsinə rəhbərlik etmiş Fərqanə Mehdinin xatirə gecəsi və  xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsi təşkil olunub. 

Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və “Fərqanə ədəbi məclisi”nin  birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda baş tutub.  Tanınmış ədəbiyyat, mətbuat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri Dünya Yazarlar Birliyinin başqanı İntiqam Yaşar açıq elan edib.

Fərqanə Mehdinin qələm dostları mərhum şairə haqqında xatirələrini bölüşüblər.Tədbirin ikinci hissəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən mərhum şairin xatirəsinə ənənəvi olaraq təşkil olunan şeir müsabiqəsi keçirilib. Tanınmış ədəbiyyat nümayəndələri Əkbər Qoşalı, İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Vahid Aslan və Kənan Hacının münsifliyi ilə baş tutan müsabiqədə qaliblər və iştirakçılar mükafatlandırılıb. Müsabiqədə birinci yeri Arzu Hüseyn, ikinci yeri  Gülnar Ümid və Səddam Laçın, üçüncü yeri isə Nicat Hunalp olub. Birinci yerin qalibinə “Fərqanə” ədəbi mükafatı təqdim olunub.

Sonda “Fərqanə” ədəbi məclisinin rəhbəri Qabil Ədalət və şairənin ailə üzvləri təşkilatçılara, qonaqlara təşəkkür edib, xatirə fotosu çəkilməklə tədbirə yekun vurulub.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Share: