Eşq kor əlində çəlikdi -“İlham QƏHRƏMAN ın yeni şeirləri

AYRILIĞIN SABAHI

Pəncərədən baxıram,
dilim adını pıçıldayır…
Adın dilimə gələndə
dodağım yüz yerdən çat verir,
dodağım uçuqlayır.

Sən gedəndən ölmüşəm
görünən də şəkildi, –
bunun niyəsi yoxdu!
Xəncərin qını, sapı var,
ağzı, tiyəsi yoxdu.

Eşq kor əlində çəlikdi,
o çəliyi apardın.
Aşiqə Haqqdan mükafat
köləliyi apardın.

Qırmızı gey, nəzir de –
qaragünlü qarabəxt
hələ sənə əsirdi…
Sevgidən söhbət düşəndə
məni belə xatırlama –
“Bədbəxt oğlu bədbəxt,
sevgi üstə əsirdi!”.

Pəncərədən baxıram,
dilim adını pıçıldayır…
Adın dilimə gələndə
dodağım yüz yerdən yarılır,
dodağım uçuqlayır.
01.04.2020

QARĞIŞA GƏLMƏK

Bu necə qarğışa gəlməkdi, fələk,
Bunun arxasında Şeytan olmasın?!
Anatək sevəsən yurdu – di gəl ki,
Sevgisi ürəyə yatan olmasın.

Görən hara qaçır o qarşı qaçan?!
Kimin naləsidi bu ərşi aşan?!
O günə qalasan – kor qarışqacan
Vətən deyiləndə butan olmasın.

Qor sönsün, gözlərin külə dikilsin,
Yükün ağır bassın, dizin bükülsün.
Davada üstünə millət tökülsün
Sənə əl yetirən, tutan olmasın!
24.03.2020

MƏRMİYƏCƏN YAŞAMAQ

APREL ŞƏHİDLƏRİNƏ

(şəhidin dilindən)
Ömür vəfa etmədi – 
qara buluda girən aya döndü,
gizləndi məndən…
Kim düzdü bu ömrü sapa, bilmədim,
ha çırpındım,
ömrümün ardını tapa bilmədim?!
Ömürümün sonunda mərmi dayandı…
İyirmiyəcən yaşadım,
Həmin mərmiyəcən yaşadım.
Yıxıldım qaldım torpağınan,
son dəfə sarmaşdıq bayrağınan.
Ömrüm az oldu, amma
vətən sevgimdən tamsındı bir az.
Yağış, günəş, qarıynan sevdim,
Qanım süzən əsgər paltarıynan
sevdim vətəni.

2
Anamın sevgisi
çardağımızın altı kimiydi.
Çardağın altında az oldum,
anam ağlayanda
çardax axtarar məni.

Qonaq-qara olanda
daxaldan məclisə
gətirərdim bardağı…
Qonaq gələndə
bardax axtarar məni.

Hər axşam
çöl qapının çırağını
mən yandırardım.
Axşam düşəndə
çırax axtarar məni.

3
Atam toya gedəndə
çəkmələrini silərdim.
Toya hazırlaşanda
atamın yadına düşərəm.

Başımda iki burux vardı, –
“iki arvad alacaq?”-deyirdilər.
İkiburuxlu baş qırxanda
ustamın yadına düşərəm.

…Sevgimi bildirməyə
ömür vəfa etmədi…
(…başımda iki burux varıdı)
Ürəyim boş deyil, –
bir mərmi,
bir nakam sevgi dadı,
bir də o qızın adı…
Nə o qızı soruşun,
nə də bir sual edin,
apardıqlarımı halal edin!
30.03.2017

Share: