Esmira Günəşin Lənkəranda kitab təqdimatı oldu

 

İyunun 5-i şairə Esmira Günəşin Lənkəran Mərkəzi Kitabxanasında şəhidlərə həsr etdiyi kitablarının təqdimatı olub.

Tədbiri Lənkəran şəhər Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları təşkil edib. Tədbirdə Lənkəran şəhid ailələri ilə yanaşı şəhid kapitan Vüsal Quliyevin təhsil aldığı məktəbin direktoru Xarici Dillər İnternat tipli təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev, Şəhid Kənan Axundzadənin təhsil aldığı Girdəni kənd orta məktəbinin direktor müavini Fizuli Şabanov, şəhid Həsənağa Abdullazadanin təhsil aldığı 9 saylı məktəbin direktor müavini Gülşən müəllimə, Şəhid Taleh İsmayılovun təhsil aldığı Boladi kənd məktəb direktoru Seyran muəllim, Lənkəran şəhər Tarix Diyarşünaslıq Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən İlham Quliyev, qazi Rauf Salayev, aktiv məktəblilər və şəhidlərə dəyər verən könüllü vətəndaşlar iştirak ediblər. Tədbir boyu qonaqların bir-birindən maraqlı çıxışları, məktəblilərin şairənin şeirlərini sıra ilə səsləndirməsi tədbirə xüsusi ahəng qatıb. Tədbirin sonunda diyarşünaslıq muzeyinin əməkdaşı Aynur xanım şairə Esmira Günəşə kitablarında Lənkəran şəhidlərinə də yer ayırdığı üçün təşəkkür edərək gül dəstəsi bağışlayıb. Son olaraq şairə xanım da, tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edərək, Lənkəranın digər şəhid ailələri ilə də bir-bir tanış olub. Onu da qeyd edək ki, tədbirdən sonra iyunun 5-i şəhid Vüsal Quliyevin doğum günü olduğundan bütün qonaqlar birlikdə şəhidin məzarını və ev muzeyini də ziyarət ediblər.

Share: