Ermənidən çox erməni olan Zatulin

Cəbhə xəttində son bir neçə həftənin gərginliyi fonunda olduqca vacib bir məsələ diqqət mərkəzindən kənarda qaldı. Söhbət Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin sentyabrın 1-də Dağlıq Qarabağdakı bir neçə separatçı-terrorçunun cəmləşdiyi qanundan kənar quruma “təbrik məktubu” göndərməsindən gedir. Məlumat üçün xatırlatmağa dəyər ki, sentyabrın 2-i tarixini separatçılar həmin qurumun “respublika günü” kimi qeyd edirlər. Son 30 ildə onlar bu “bayram”larını səs-küylə, təmtəraqla keçiriblər. Ancaq 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu onlara elə bir dərs keçib ki, yaşadığımız bu son iki ildə bu pafosdan əsər-əlamət qalmayıb.

Bununla belə, belə görünür ki, cənab Zatulin ermənilərdən artıq erməni olmaq istəyib, yaxud da özünü Araik Arutunyandan daha çox erməni hiss etdiyinə görə separatçılara belə bir məktub göndərib. Prinsipcə, biz hamımız Zatulinin hansı “yuvanın quşu” olduğunu çoxdan bilirik. Onun nəyinsə müqabilində illərdir erməniləri müdafiə etdiyi heç kimə sirr deyil. İndi sadəcə bu “məhəbbət” qabaqkı kimi ümumi olaraq ermənilər və Ermənistana deyil, daha qabarıq olaraq sırf Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan ermənilərə münasibətdədir. Çünki Yerevandakıların da Rusiya sevgisi əvvəlki kimi deyil…

Bəli, zövqlər fərqli olur, heç kim kimi və nə səbəbdən sevdiyinə görə mühakimə edilə bilməz. Ancaq Zatulinin davranışı və konkret olaraq son məktubu bir sıra suallar doğurur. Birincisi, Zatulin hakim partiyanın deputatıdır və yaxşı anlamalıdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda imzalardan biri nəinki onun prezidentinə, üstəlik, təmsil etdiyi siyasi təşkilatın liderinə məxsusdur. Bu, Zatulinin partiyasının xətti və liderinə qarşı saymamazlıq deyil, nədir? Axı bəyanatı qoyaq kənara, müharibə dövründə Rusiya prezidenti verdiyi bəyanatlarda bir neçə dəfə Dağlıq Qarabağın Azəraycanın ayrılmaz tərkib hissəsi olduğunu deyib! Belə çıxır ki, Zatulin bu bəyanatları qulaqardına vurur?

İkincisi, bəyanata imza atan dövlətlərdən biri ki, Zatulin oranın vətəndaşıdır, – bu sənədin həyata keçirilməsinin təminatçısı qismində çıxış edir. Elə Qarabağda dislokasiya olunmuş sülhməramlılar da Zatulinin yerliləridir. Bəyəm bu fakt da ona çatmır?

Üçüncüsü, bəyanata əsasən, Ermənistan ərazisindən nəqliyyat dəhlizi keçməlidir. O dəhlizin təhlükəsizliyini Zatulinin dövləti təmin etməlidir. Rusiyalı parlamentarinin bundan da xəbəri yoxdur? Bilmir ki, təbrik etdiyi ermənilər 2 ildir Rusiyanın da tərəf olduğu anlaşmanı sabotaj edir?

Təbii ki, bunların hamısından xəbərdardır. Dövlətinin hazırki geosiyasi durumu,  maraqları və imkanlarını da gözəl anlayır. Di gəl ki, bu “məhəbbət” haradan qaynaqlanır, bunu anlamaq çətindir. Rusiya Dövlət Dumasının Zatulinin hazırki reallıqlarda bu davranışına izahı nədən ibarətdir?

Milli Məclisin deputatı Elnur Allahverdiyev

 


Share: