Erməni əsgər analarının etirazları və haray səsləri əslində Ermənistan rəhbərliyi üçün SOS siqnalı olmalı və onları ayıltmalıdır

Özü hazırda dərin siyasi böhran yaşayan və iqtisadi sıxıntılar içində çabalayan Ermənistan dövlətinin Azərbaycan ərazisinə – Dağlıq Qarabağa tikinti materialları adı altında əsgər daşıması həm beynəlxalq hüquqa və 10 noyabr razılaşmasının müddəalarına ziddir, həm də siyasi riyakarlıqdır.
Yaxşı ki, cürbəcür millətçi, faşist, daşnak ideyaları ilə zəhərlənmiş Ermənistan cəmiyyətində övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq Müdafiə Nazirliyin qarşısına toplaşan, buna etirazını bildirən və “Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil”, – deməyi bacaran valideynlər, əsgər anaları da var. Bu analar haqlı olaraq tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki dərk edirlər ki, Qarabağ Azərbaycanın ərazisidir.
Bir sözlə, erməni əsgər anaları Ermənistanın hərbi-siyasi rəhbərliyindən daha ayıq-sayıq və daha realist düşündüklərinə görə, öz övladlarının Qarabağda ölməsini istəmirlər. Onlar Ermənistan rəhbərliyinin və hərbi komandanlığının zorakı mövqeyinə, bu qanunsuz addımına etirazlarını bildirirlər. Erməni əsgər analarının etirazları və haray səsləri əslində Ermənistan rəhbərliyi üçün SOS siqnalı olmalı və onları ayıltmalıdır. Rəsmi İrəvan məsuliyyətli davranmalı və başa düşməlidir ki, Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əməl etməyə məcburdur. Hətta istəməsə də belə, məcburdur.
Ermənistanın hərbi-siyasi rəhbərliyi heç olmasa, Azərbaycan Prezidentindən nümunə götürməlidir. “Bizim hədəfimiz sülhdür”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lər üçün mətbuat konfransı zamanı sülh və əməkdaşlıq barədə fikirlər səsləndirməsi və revanşizmdən əl çəkməyə çağırış etməsi Ermənistan rəhbərliyi üçün ibrət olmalıdır. Ancaq çox təəssüflər olsun ki, biz tamamilə bunun əksinə olan bir mənzərəni müşahidə edirik. Belə ki, Ermənistan tərəfi həm Rusiyanı, həm də Azərbaycanı aldadaraq əsgərləri mülki paltarda və ya inşaat materiallarının altında gizlədərək Qarabağa daşımağa davam edir.
Əfsuslar olsun ki, bütün bu biabırçı-spekulyativ addımlar, hərəkətlər məhz Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Qondarma “dqr”in terrorçu rəhbərliyi kimi rəsmi İrəvan da məhz Rusiya sülhməramlılarına arxalanaraq üçtərəfli Bəyanatın məlum müddəalarını həyasızcasına pozur. Rusiya sülhməramlıları Ermənistan ərazisindən “Laçın dəhlizi” vasitəsilə əsgərlərin Dağlıq Qarabağa daşınmasına şərait yaradır. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmaması məsələsinə də tam ciddiyəti ilə əməl etmirlər. İlham Əliyev də sözügedən mətbuat konfransında bu məsələyə toxundu və qeyd etdi ki, sülhməramlıların yol verdiyi bu cür nöqsanlar bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq.
Azərbaycan Prezidenti 26 fevral tarixli mətbuat konfransında bütün bu kimi məsələlər barədə kifayət qədər sərt danışdı və həm Ermənistan rəhbərliyinə, həm də Ermənistanı yenidən silahlandırmağa hazırlaşan havadar ölkələrə birmənalı şəkildə xəbərdarlıq etdi. İlham Əliyev hər kəsin diqqətinə çatdırdı ki, heç kim bizim sülhpərvərliyimizdən sui-istifadə etməyə çalışmasın və səbrimizi də imtahana çəkməsin. Bizim səbrimiz limitsiz deyil. Odur ki, heç kim Azərbaycanı sərt antiterror əməliyyatı keçirməyə və ya Üçüncü Qarabağ müharibəsinə təhrik etməməlidir.
Əgər hazırki xoşagəlməz mənzərələr bu şəkildə davam edərsə, o zaman söz haqqı yenidən hərbçilərə verilə bilər. Azərbaycan bütün bu təxribatlara, siyasi oyunlara, “sülhməramlı” spekulyasiyalara dəmir yumruğu ilə son qoymağa qadirdir. Ermənistan rəhbərliyi öz xalqının gələcəyini az da olsa düşünürsə, Azərbaycan Prezidentinin bu xəbərdarlığını hər an göz önünə gətirməlidir: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır”.
Paşinyan hökumətinin nöqtəsi ilə, vergülü ilə bu Bəyanatın bütün müddəalarına əməl etməkdən başqa bir çarəsi yoxdur. Odur ki, Ermənistanın baş naziri buyursun, həm millətçi-revanşist siyasətçilərin ipini yığsın, həm də Bəyanatın müddəalarını pozan erməni generallara öz yerlərini göstərsin. Əks təqdirdə, Azərbaycan Ordusunun erməni təxribatlarının qarşısını güc yolu ilə almaqdan başqa bir yolu qalmayacaq!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: