Azərbaycan dövlətinin növbəti qlobal əhəmiyyətli layihənin gerçəkləşdirilməsi istiqamətində inamlı addım atması ölkəmizin düşmənlərini ciddi şəkildə pərt edib. Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi Bakının bölgədə oynadığı mühüm rolun daha bir göstəricisi oldu.
İyunun ortalarında isə TANAP layihəsinin açılış mərasimi keçiriləcək. Hansı ki, uzun müddət idi Azərbaycana qarşı fəaliyyət göstərən dairələr və onların havadarları müxtəlif təxribatlara əl ataraq bu projenin baş tutmamasına çalışırdılar. Elə bu günlərdə ABŞ-dakı erməni lobbisinin hərəkətə keçməsi də səbəbsiz deyil. Ölkəmizə qarşı davamlı təxribatlara əl atan, ABŞ Konqresində və Senatındakı ermənipərəst qüvvələri ələ alan erməni diasporu Vaşinqton-Bakı münasibətlərinə xələl gətirməyə çalışır.
Amma Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinin açılış mərasimi münasibətilə Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubu erməni lobbisinə cavab sayıla bilər. “Hörmətli cənab Prezident, Sizi və Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edirəm. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 30 illik əməkdaşlığın bu mühüm nailiyyətini sizinlə birlikdə qeyd edirəm. İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir”-Tramın məktubunda deyilir. ABŞ lideri daha sonra yazıb: “Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə sizinlə birgə işləmək əzmindəyəm”.
ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk də öz növbəsində Bakıda səfərdə olarkən deyib ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür.
Belə bir məqamda anti-Azərbaycan qüvvələrin ifşasına yönəlmiş materialların ABŞ-da dərci də kifayət qədər ciddi məsələdir. Amerikalı jurnalist Raul Loveri Kontreras (Raoul Lowery Contreras) ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab yazıb. “Erməni Lobbisi və ABŞ Xarici Siyasəti” (the Armenian Lobby & U.S. Foreign Policy) başlığı daşıyan və Kaliforniyanın “Berkeley Press” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda təkzibolunmaz sənədlər əsasında erməni lobbisinin uzun illərdən bəri apardığı məkrli fəaliyyətlər, çirkli maliyyə oyunları və bütün bunların fonunda ABŞ-ın xarici siyasəti üçün yaratdığı problemlər qeyd olunur. Bu kitab Azərbaycana qarşı çirkin planlar hazırlayan qüvvələrin böyük maliyyə vəsaitləri müqabilində ermənilərin maraqlarına xidmət etdiklərini sübut etmək baxımından çox ciddi mənbədir.
Faktlarla zəngin olan bu əsərdə müəllif qondarma “erməni soyqırımı” iddialarından Azərbaycanla əlaqədar 907-ci düzəlişə, ştatlar və federal səviyyədə qəbul edilmiş anti-Azərbaycan və anti-Türkiyə məzmunlu qətnamələrdən şübhəli seçki kampaniyalarına qədər, yaxın tarixdə baş vermiş bir çox gərgin siyasi-ictimai proseslərin əsl iç üzünü açıb göstərir. (APA) Mütaliə zamanı oxucu aydın şəkildə görür ki, uzun illərdir ABŞ Konqresində erməni lobbisinin və erməni maraqlarının ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez timsalında bəzi senatorlar, eləcə də bir çox başqa qanunvericilər məhz külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycan və Türkiyəyə qarşı hər bir qərəzli sifarişi canla-başla yerinə yetirmişlər. Eləcə də, müəllif Kaliforniya Senatında və Assambleyasındakı ermənipərəst qanunvericilərin təxribatçı əməllərindən bəhs edir.
Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San Fransisko bölməsi ötən ay ABŞ-da Azərbaycanla bağlı tədbirin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Bu zaman, ANCA tədbirə nümayəndələrini göndərərək, Azərbaycan haqda yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhdlər göstərib. Bunun da qarşısı alındıqdan sonra, erməni lobbisi təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər. Cavab olaraq, DQİDK-in sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox soydaşımızın didərgin salınması, bu münaqişənin dinlərarası münaqişə olmamasını qeyd edərək, BMT TŞ-nin müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmamasını sorğu edib. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər tədbir iştirakçılarının da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.
Təəssüf doğuran budur ki, bəzi azərbaycanlılar da bilərəkdən, yaxud bilməyərəkdən Azərbaycana qarşı fəaliyyət göstərən dairələrlə sinxron hərəkət edirlər. Onların fəaliyyəti, donosları son nəticədə ölkəmizə qarşı səylə çalışan ermənipərəst qüvvələrin əlinə əlavə arqument verir.
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, erməni lobbisi Azərbaycana qarşı mütəmadi olaraq iş aparır: “Erməni lobbisi durmadan, dayanmadan, nəfəs almadan anti-Azərbaycan fəaliyyəti ilə məşğuldur. Bu, yeni bir hadisə deyil. Erməni lobbisinin, diasporunun fəaliyyətinin ABŞ-Azərbaycan münasibətlərini korlaya biləcəyinə gəldikdə isə, hesab edirəm ki, buna yalnız Birləşmiş Ştatların maraqları müstəvisindən yanaşmaq lazımdır. ABŞ-ın dövlət maraqlarının olduğu məsələlərdə erməni lobbisinin ən güclü hay-küyü belə milçək vızıltısından başqa bir şey deyil. Vaşinqton üçün fundamental olmayan məsələlərdə erməni lobbisinin fəaliyyətinin müəyyən təsiri ola bilər. Bu da o zaman baş verə bilər ki, Vaşinqtonun siyasətində erməni lobbisinin verə biləcəyi bəhanələrə ehtiyac duyulsun”.
Bəzi azərbaycanlıların ölkəmizə qarşı iş aparan erməni lobbisi ilə sinxron hərəkətlərinə gəldikdə, E.Mirzəbəyli qeyd etdi ki, onlar bu prosesdə azərbaycanlı kimi deyil, konkret layihələrin əməkdaşları kimi iştirak edirlər: “Bu adamlar erməni lobbisinin muzdlu işçiləridir. Bütün bunların müqabilində xarici siyasətimizi daha çevik etməliyik, ölkəmizin daha da güclənməsi istiqamətində fəaliyyətimizi davam etdirməliyik, qlobal informasiya məkanında mövqelərimizi daha da möhkəmləndirməliyik”.
“TANAP geriyə dönüşü olmayan bir layihədir və buna erməni lobbisinin etirazları boşunadır. Əlbəttə, bu layihənin açılışını həzm etməyən ermənilər Trampa təsir etməyə çalışacaqlar. Amma onun Azərbaycan prezidentinə yazdığı isti məktubdan sonra bunun da mənası yoxdur”.
Bu fikirləri isə ermənişünas-alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, bu layihənin işə düşməsi Azərbaycanın əlini bir az da gücləndirəcək və Qarabağ danışıqlarında bəzi üstün duruma gələcəyik: “Çox maraqlıdır ki, bu layihəyə əvvəllər mane olmağa çalışan Rusiya onu təhlükə hesab etmir, digər qaz layihələrinə alternativ də görmür, hətta bu layihədə iştirak etməyə meyllidir. Demək, Azərbaycan bu məsələdə müəyyən qələbə qazanıb. Şübhəsiz ki, Ermənistanın bu layihədən də kənarda qalması onun başqa proyektlərdən də kənarda qalacağı anlamına gəlir. Azərbaycan təmkinlə bu layihənin həyata keçirilməsi tədbirlərini görməlidir”.(musavat.com)