Cütləşməmək üçün özünü ölülüyə vurur,öz erkəklərini yeyirlər….MARAQLI

İnsan oğlu minillər əvvəl vəhşi təbiətlə tanış olmağa başlasa da, hələ də orada baş verən hadisələr müxtəlif və rəngarəngliyi qədər, həm də qəribəliyi ilə insanı təəccübləndirməyə bilmir.

Publika.az xəbər verir ki, bu qəribəliklərdən biri çox zaman gözdən, diqqətdən uzaq qalan cırcıramalardır.

Daha doğrusu onların dişi qisimləri. Dişi cırcıramalar arzuolunmaz cütləşmədən qaçmaq üçün özlərinə ideal üsul tapıblar. Necə? Özlərini ölülüyə vuraraq!

İsveçrənin Zürix Universitetinin professoru Rassim Xəlifə bu davranışa ilk dəfə dişi “aeshna juncea” cırcıramasında rast gəlib. O, İsveçrənin Alp dağlarında müşahidə apararkən erkək cırcırama tərəfindən təqib edilən dişinin özünü sərt şəkildə yerə çırpmasına şahid olub. Dişi cırcırama hərəkətsiz şəkildə yerdə uzanıb. Onu təqib edən erkək isə bir müddət sonra oradan uzaqlaşıb. Ətrafın boş olduğunu görən dişi isə qalxaraq yenidən uçmağa başlayıb.

10 ildir cırcıramalar üzərində müşahidələr aparan R.Xəlifə daha əvvəl heç vaxt belə bir şey görmədiyini dilə gətirib.

Dişi “aeshna juncea” cırcıramaları yumurtlayan zaman hücumlara qarşı müdafiəsiz olur. Çünki cırcıramaların bu növünün erkəyi öz dişisini qorumur. Əlavə olaraq, başqa bir erkək cırcırama ilə bir dəfə cinsi əlaqədə olmaq bütün yumurtaları mayalandırmaq üçün kifayət edir və yenidən cütləşmək nəsilartırmaya zərər verə bilər.

Alim müşahidəsi zamanı 31 dişidən 27-nin erkəklərdən qaçmaq üçün sürətlə özünü yerə çırpıb ölü kimi aparmasına rast gəlib. Bu manevrlərdən də 21-i uğurlu alınıb. Ancaq onların yerə düşərkən yığdığı sürət həyatları üçün təhlükə daşıyır.

İspaniyanın Viqo Universitetinin professoru Adolfo Kordero-Riveranın fikrincə, bu metod sadəcə həddən artıq cırcıramanın olduğu məkanda müraciət etdikləri bir yol ola bilər. Və dişilər yalnız həddən artıq təzyiq altında saxlanıldıqda belə təhlükəli yollara əl ata bilər. Eyni davranış bir hörümçək növündə və ovçu milçəklərin iki növündə də rast gəlinib. Ancaq yırtıcılardan qaçmaq üçün ölü təqlidinə baş vurmaq cırcıramalarda daha sıx rast gəlinən bir durumdur.

Bu davranış sadəcə yumurtlayan cırcıramalar üçün xarakterikdirmi? Bu sual Rassim Xəlifəni xeyli narahat edən durumlardandır. Xəlifə bu sirləri ortaya çıxarmaq üçün qəti şəkildə araşdırmalarını davam etdirir.

Onu da qeyd edək ki, bu cütləşmə təzyiqindən qurtulmaq üçün istifadə edilən ağlasığmaz təqlidlər sadəcə dişi “aeshna juncea” cırcıramalarına xas deyil. Məsələn, onların qohumları olan kiçik çəyirtkələrin dişisi daha sərt yollara baş vurur. Onlar öz erkəklərini yeyirlər.

Share: