Emilya – Elnur NƏHMƏDİN yeni hekayəsi

Proloq
Mərkəzi Zabitlər Evinin arxa tərəfində – xəzələ bürünmüş kiçik bağçada bir qız bir oğlanla şirin söhbət edirdi. Onlar ailə qurmaq üçün növbəti günü gözləməli idilər.
*
Bayıl. 2000-ci il.
Dörd aya yaxındır ki, Bakının qaramat basmış Bayılında yaşayıram. Gecələr çay daşı döşənmiş küçələrilə üzüyuxarı qalxır, başqa bir küçəsilə də üzüaşağı enirəm. Ətrafda uşaq xəyallarımda canlandırdığım şəhər mənzərəsindən əsər-əlamət yoxdur. Bura eynilə kəndimizə oxşayır, bircə fərq var, o da itlərinin sahibsizliyi.
Yorulub Həzi Aslanov bağına gəlirəm. Bura da cansıxıcıdır, hər tərəf boz rəngə bürünüb. Kirayə qaldığım zabitlər üçün nəzərdə tutulan 16 mərtəbəli binaya yaxın gedə bilmirəm. Bina sanki indicə uçacaq. Hərdən “Bayıl-Dvadçatı-Muxtarov”,- deyə qışqıran konduktora da əsəbiləşirəm, amma buna heç gərək yoxdur. Çünki narahatlığımın səbəbi bambaşqadır.
Bazar günü telefonda eşitdiyim səs ürək döyüntümü artırıb. Mənə elə gəlir ki, sinəm bu dəqiqə yarılacaq, ürəyim çölə atılacaq. Həmin zəngi yenə də gözləyirəm, amma qulağım səsdə qalıb. Yiyəsini yıxmış at kimi kirpiyimdən daş asılıb. Mənə elə gəlirdi ki, o səsi eşitdiyimdən bəri dörd fəsil bir-birini bir neçə dəfə əvəz edib.
Bayıl həbsxanasının yanında yerləşən hərbi tribunalda işləyirdim. Vəzifəm xalq iclasçısı idi. Yəni, hakim hökmü oxumazdan əvvəl təqsirləndirilən şəxsin günahının nə dərəcədə olduğu, veriləcək cəza müddəti barədə mənim də fikrimi öyrənər və bundan sonra qərarını oxuyardı. Bəzən məhkəmə zamanı protokollar da yazardım. Müttəhimin xarakterik xüsusiyyətlərini çözməyi hakim məndən xahiş edərdi. İş gününün sonunda protokolları bir daha nəzərdən keçirər, lazım olan qeydləri edərdim. İş vaxtı hər gün saat 17:00 – da qurtarırdı. Hakim otağın açarını mənə verib sağollaşardı.

Bir gün axşamüstü yenə də otaqdakı kağızların içində eşələnirdim. Telefon zəng çaldı. Dəstəyi qaldırdım:
– Salam.
– Salam. Kim idi?
– Adım Emilyadır. Bu gün atamla siz işləyən yerə gəlmişdim.
– Buyurun, Emilya xanım, eşidirəm. Nəsə lazımdırmı?
– Yoox, eləcə sizinlə tanış olmaq istədim.
Bu səs həyatım boyu eşitdiyim ən gözəl qadın səsi idi. Düşünürəm ki, o səsi həmin gün eşitməsəydim, həyatım tamam mənasız olardı.
Həmin gün Emilya həyatıma daxil olmuşdu.
Amma neçə vaxt idi, Emilya adlı o sehrli səs sahibi zəng vurmurdu. Onu necə tapacağımı, səsinə vurulduğum qadına etiraflarımı necə edəcəyimi düşünürdüm
Bəli, neçə gün idi, telefonun yanında dayanıb zəng gözləyirdim, amma çifayda, zəng gəlmirdi.
Nəhayət, üzünü görmədən aşiq olduğum Emilya atası ilə yenə də tribunala gəldi. O gülümsəyib mənimlə salamlaşdı.
Emilyanın uzun boyu cənnət mələklərini xatırladırdı. İri gözləri, qaraşın üzü vardı. Onun baxışları Da Vinçinin “Xanım sincab ilə” rəsmindəki baxışların tam eynisi idi.
Hakim Səlimov onları içəri dəvət etdi.
Otaqda dərin sükut hökm sürürdü.
Səlimov cinayət işi olan qovluğu o tərəf-bu tərəfə çevirib kədərlə Emilyanın atasına baxırdı. Emilyanın atası polis idarəsinin müdiri imiş. Bir neçə dəfə günahsız adam həbs etməsi ilə bağlı şikayətlərə görə saxlanılmışdı. Onun adı Rəhim idi.
Rəhim özünü günahkar bilmir, etdiyi hərəkətlərin qanun çərçivəsində olduğunu deyir, Emilya atasının yanında göz yaşlarını saxlaya bilmirdi. Mən bu mənzərədən sarsılmışdım.
Emilya…. O pərişan gözlərə, səsə mən necə də vurulmuşam..
İlk iclas bitəndən sonra onu atasıyla maşınacan ötürdüm. Yolda xeyli söhbət etdik. Emilyada özümə qarşı qəribə yaxınlığın olmasının fərqindəydim. Deyəsən, o da mənə vurulmuşdu.
Növbəti günlərdə Rəhim və qızı tribunala daha çox gəlməyə başladı.
Məhkəmə prosesi isə uzandıqca uzanırdı. Biz artıq görüşməyə başlamışdıq.
Yığma komandamız İsveçrə yığması ilə oynayacaqdı. Vədələşdiyimiz yerdə görüşdük.
Hərbi paltarda olduğum üçün məni biletsiz buraxdılar. Emilya, deyəsən, əvvəlcədən hazırlaşmışdı. İki yer üçün bilet almışdı.
Futbola tamaşa edirdik. Hiss edirdim ki, oyuna marağı yoxdur. Söhbət etmək istəyirdi. İlk dəfə idi ki, atasını azadlığa necə çıxarmaq barəsində danışırdı. Artıq mən də onun kimi düşünməyə başlayırdım.
Oyun bitdi. Stadiondan çıxanda onu ötürməyimi xahiş etdi.
Metro bağlanmışdı.
Emilyanın üzündə qorxudan əsər-əlamət yox idi. Bu vaxtı harada olduğunu valideynlərinə necə deyəcəkdi? Mən ürəyimdən keçənləri ona deyəndə güldü:
-Sən heç narahat olma. Bizə gedirik. Qardaşım da, anam da səni görmək istəyir. Heç yana buraxan deyiləm.
Taksiyə veriləcək pulum yox idi, razılaşdım.
Həmin yay gecəsi səhərədək Emilyanın qonağı oldum. Onun ali məktəbə hazırlaşdığını gördüm. Sən demə, Emilya keçən il tələbə adını qazana bilməyib yenidən hazırlaşırmış.
Anası Ülkər xanım məni mehribanlıqla qarşıladı. Tanış olduqdan sonra ailəyə kömək edə biləcək adam olduğuma özünü inandırmağa başladı. Onlar ailə başçısının günahsız olduğuna əmin idilər. Mən də Rəhimin günahsız olduğunu sübuta yetirəcək onlarla dəlil tapdım. Yazışmalar, şəkillər… Amma bunu necə sübuta yetirəcəkdim?!

Səhəri gün Rəhimi növbəti dəfə sorğu-suala çəkdilər. Emilyadan aldığım kağızları da hakimə təqdim etdim.
Hakim Səlimov xeyli danışdıqdan sonra məhkəmə heyətinin müşavirə otağına gedəcəyini elan etdi.
Mən ilk dəfə idi ki, Səlimovun bu dərəcədə qayğılandığını görürdüm.
– Mən onu buraxa bilmərəm,-dedi,- yuxarıdan aldığı əmrlər olsa da, o bunları edib.
Həmin gün ədliyyə işçiləri Rəhimi məhkəmə otağındaca həbs etdilər. Səlimov onu 12 il müddətinə azadlıqdan məhrum etdi.
Rəhimin tutulduğu gün Emilya məni tərk etdi. Onların yaşadığı ünvana getsəm də, köçdüklərini eşitdim.

2007-ci ildə işlədiyim tribunala ali məhkəmədən məktub gəldi. Oraya çağırılmışdım.Getdim.
Ali məhkəmənin binasına daxil olub ikinci mərtəbəyə qalxdım. Məktubdakı ünvanı – məhkəmə- hüquq şurasının sədri yazılmış qapını döydüm:
-Buyurun, keçin.
İlahi, yenə də həmin səs!
İllərdir məni öz sehrində saxlayan səs.
Emilya atasının tutlmasından sonra hüquqşünas olmaq qərarına gəlir və arzusuna çatır. Ona ən yüksək vəzifələrdən biri tapşırılır.
Biz bir- birimizə sarıldıq. O ağlayırdı. Arzusuna çatmaq, intiqam almaq üçün keçdiyi əzab dolu illərindən danışırdı:
– Səlimovu keçən ay həbs etdirdim. Qanunsuz əməllərində günahının olmadığını sübut etməyə çalışırdı, amma alınmadı. Atam isə bəraət alıb, bu gün həbsdən buraxılacaq. Həbsxanaya səninlə gedəcəyik.

Bayıl həbsxanasının giriş qapısından içəri keçdik. Emilya əllərimdən tutdu. Qaranlıq tuneldə qıfıl-açar səsi eşidilirdi. Yeddi il günahı olmadan həbsdə yatan Rəhimi azadlığa buraxırdılar.
Emilya məndən gizlətməyə çalışsa da, bütün baş verənlərdə mənim də günahımın olduğunu demək istəyirdi. Mən bacarmadığım işi o etmişdi.
*
Epiloq
Həbsxanasının qaranlıq tunelindən kiminsə qəzəbli səsi eşidilirdi:
– Haqsızlıq edən hər kəs əvvəl-axır bu tuneldən keçəcək…

Share: