Emiliyanı söyüb İvana ilə şəkil çəkdirənlərin ikiüzlülüyü

Kulis.az Ülvi Bahadırın “Çəhrayı və qara” adlı yeni yazısını təqdim edir.

Bir müddət əvvəl ölkəyə səs salan “Əqrəb mövsümü” serialının final seriyasında bir öpüşmə səhnəsi var idi. Qısa, 5-10 saniyəlik bir səhnə idi. Vay dədə vaay… Harda gözəl qız görən kimi beynində lüt soyunduran “qaqulya”, dayday var, daş atıb başını tutdu ki, ay nə bilim abır-həya əldən getdi, ay nə bilim, əxlaqımız qaldı düzlərdə.

Türk seriallarında az qala hər səhnədə öpüşürlər. Onlar öpüşəndə romantika olur, biz öpüşəndə əxlaqsızlıq. Hollivudda yataq səhnəsi olanda art olur, bizdəki cart. Nə yalan deyim, bizdəkilər bəzən, doğrudan da, cart olur. Bu da aktyor və aktrisalarımızın cəmiyyətin qınağından çəkinməsi ilə bağlıdır.

Baxın, mən deyiləm, sizsiniz, bu ölkədə qanın su yerinə axdığı filmlərdə, seriallarda uşağını televizorun qabağında çəkən neçə adam tanıyırsınız? Şəxsən mən, çox-çox az.

Bu ölkədə qadınlar körpə uşaqlarını qoyur televizorun qabağında, mətbəxdə yemək bişirir, ev təmizləyir. Efirdə də Xoşqədəmin, Zaurun verilişi gedir. Dava-dalaş, haray-qışqırıq, qəzəb, nifrət, kin…

Ortastatistik azərbaycanlı üçün bu, normaldır. Çünki o Polat Alemdardan təsirlənib oğlunun adını “Polat” qoyur. A zalım, barı “Polad” qoy da. Yox, o qədər təsirdədir ki, qorxur “d” xarizmanı öldürər.

Nə başınızı ağrıdım, deməli, indicə belə bir xəbər çıxdı qabağıma. Yadınızdadırsa, Emiliya adlı influenserin çəhrayı geyimdə şəkilləri yayılmışdı. Yadınıza düşdü?

Başında çəhrayı maska, əlində çəhrayı su tapançası…

İndi necə? Xatırladınız?

Hə, yadınıza düşür də onu nə qədər söydülər. Olmazın təhqirlər, alçaltmalar, “gör nə günlərə qaldıq”lar. Hələ qızın ünvanını-filan axtarırılar ki, yaxşı əyin-baş alıb göndərsinlər. Bəlkə, ala bilmir, qoy geyinsin, baxan nə deyər?.. Deməzmi ki, bu ölkədə bir kişi tapılmadı bu qıza bir dəst paltar alıb versin?..

Burda evlənib iş adı ilə “Urset”ə gedibən rus qızları ilə yaşayan, adam arasında mədəni görünüb sosial şəbəkədə söz atmadığı adam qalmayanlar daha çox sevir namusdan, əxlaqdan danışmağı. Bu adamlar elə düşünürlər ki, kişi yaxşı qazanırsa, ailəsini yeyib-içməklə, geyim-keçimlə təmin eləyirsə, o hər işi tuta bilər. Səd-əfsus ki, qadınlarımız da onlara ayaq yeri qoyur bu mövzuda.

Feodal cəmiyyətlərdə qadının qərar verməyi həmişə başqalarının iki dodağının arasında olur. Zamanla bu, normallaşır, adiləşir.

Ta uşaqlıqdan belə qadınlarla çox qarşılaşmışam. İlk illərdə baxışları başqa olur. Sanki qəlbinin ən dərinlərində, məhrəmlərində kimisə gözləyir. Zamanla gözlərində ölümcül boşluq yaranır. Çox təhlükəlidir o boşluq… Adamı içində köz eləyər.

Bir müddət sonra isə boşluq o qədər böyüyür ki, içində alçaldılmışlığın və təhqir olunmuşluğun nisgili və qəzəbi kök atıb budaqlanır. Dözümsüzləşir, səbirsizləşirlər. Ən adi hərəkətində belə uşaqlarını incidə bilərlər. Sanki unudulmuşluğun qisasını alırmışcasına… Ancaq tez də soyuyurlar.

Uşaqların qəlbinə isə zamanla böyüyüb sonsuz qaranlığa çevrilib hamını udacaq bir xal düşür…

Nə isə, qayıdaq hadisə yerinə.

Qıza dişlərinin dibindən çıxanı dedilər. İndi məsələ nədir? F1 yarışlarında İvana adlı bir xarici influenser peyda olub və qəfildən sevimlimizə çevrilib. Hamı boy-boy şəkillər çəkdirir. Elə bil ki, həyatları boyu ilk dəfə influenser görürlər.

Bəs niyə Emiliyanı söyürdünüz?

Niyə İvana ilə ağzınızı ayırıb şəkillər çəkdirib, paylaşırsınız?

Bu nə ikiüzlülük? Bu nə şəbədə?

Şəksiz ki, bu müstəmləkə təfəkkürünün iliyimizə yeritdiyi yad yaltaqlığının bariz nümunəsidir. Belə nümunələr çoxdur. Məsələn, Türkiyədən tez-tez arabeskçilər gəlir. Adamlar ta özlərini cırıb-dağıdırlar da. Ə, arabeskçidir də! Nə özünə əl qatmısan? Elə bil Boçellidir.

Sənin onlardan qat-qat böyük istedadların, sənətkarların konsert verəndə niyə getmirsən? Çünki elə o arabeskçi boydasan, ona görə!

Türkiyə demişkən, orda buna “yabancı hayranlığı” deyirlər. Bizdə bu mövzuda el arasında yaxşı bir məsəl var, amma yazmıram, ariflərə bir işarə kifayətdir.

Məsələn, adamlar desə ki, mən qadın bədəninin bütün formalarda istismarına qarşıyam, bağrıma basaram, “kaş ki, səndən çox ola” deyərəm. Şəksiz ki, buna mən də qarşıyam. Hansı millətdən olmasından asılı olmayaraq. Dünyada müxtəlif qadın təşkilatları da bunu dəfələrlə vurğulayıb, buna qarşı mübarizə aparır. Qərbdə buna münasibət daha kəskindir. Bir sözünə görə adamı dilindən asırlar.

Di gəl ki, əksərən belə olmur. Belə düşünən bir ovuc adam var, ya yox. Bu adamlar deyir ki, bizimki eləməsin, İvana gəlsin “işgil” vurdurub modern görünək.

Tik-tok fenomenləri var ha, səhərdən axşamacan söyürlər, onları da yaşadan elə həmin adamlardır. Adamlar az qala evdən çıxmadan bəy balası kimi yaşayır. Kim eləyir bunu? Kim göndərir o hədiyyələri? Kim bu ölkənin başına çıxarır onları? Siz eləyirsiniz də. Lap pul göndərməsəniz də davamlı paylaşaraq reklam eləyirsiniz, millətin yaddaşına qazıyırsınız.

Nadir Qafarzadənin soyuducusunu kim doldurur? Onu neçə minə toya çağıranlar. “Füzuli kantatası”nı oxuyanda heç yada düşmürdü adam. “Maral-maral”ı oxuyan kimi qəfildən ayıldınız ki, sən demə, bu adda adam da var imiş, üstəlik, oxuduğu da bayağı imiş.

İndi burda da həmin məsələdir. Sadəcə Emiliya qız olduğuna görə eşmə bığlı ərənlərimiz məsələyə paça arasından baxmaq qərarına gəliblər. Hələ də diaqnostika işləri gedir. Yekunlaşan kimi nəticələri bölüşəcəklər.

Hə, deyə bilərsiniz ki, bəs İvana? Əlbət ki, onda proses eynidir. Sadəcə prosedur fərqi var.

Nə isə, onsuz da deməklə, yazmaqla dəyişən deyil. Ancaq ümid çox pis şeydir. Nə qədər əlini üzsən də, deyirsən ki, bəlkə, nə vaxtsa…

Bəlkə, nə vaxtsa…

Share: