Elşad Əmənov: Fədakar və yorulmaz tarixçi-tədqiqatçı alim…

(Odlar Yurdu Azərbaycanın ayrılmaz parçası olan Muğan diyarının tanınmış tarixçi-tədqiqatçı alimi və peşəkar arxeoloqu Elşad müəllim Əmənova ithaf olunur!)

Bu qısa yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın Muğan tarixi üzrə tanınmış tarixçi alimi və peşəkar arxeoloqu, elm sahəsində alimliyi qədər insanlığı tərənnüm edən ziyalı şəxsiyyət və ləyaqətli müəllim Elşad Əmənov ilə daha yaxından tanış olmasına çalışacam:
Qısa bioqrafik məlumat:
Elşad Əmənov Səfərəli oğlu. 1957-ci ilin Dekabr ayının 14-də Cəlilabad Rayonunun olduqca qədim və zəngin tarixə malik olan Şatırlı kəndində bir ziyalı ailəsində dünyaya göz açıb.
1976-cı ildə Cəlilabad şəhər Nizami adına orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, beləliklə də 1976-78-ci illər ərzində Uzaq Şərq Hərbi dairəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilə qədəm qoymuş və 1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirmişdir. 1978-80-ci illər ərzində Cəlilabad Rayon Polis Şöbəsinin Mühafizə Dəstəsində işləsə də, 1980-ci ildən etibarən öz ixtisasına uyğun olaraq müəllim işləməyə başlamışdır. Çünki onun uşaqlıqdan ən böyük həvəsi və arzusu müəllim olmaq idi. Hal-hazırda doğma kəndində Tarix və ictimaiyyət müəllimi kimi çalışır. Ailəlidir, 6 övladı (2 oğlu, 4 qızı) və 16 nəvəsi var…
Tarix sahəsinə diqqət və marağı:
Elşad müəllim öz ixtisasına uyğun olaraq 1979-cu ildən indiyə kimi tarixi araşdırmalarla məşğul olan tanınmış tarixçi-tədqiqatçılardan, peşəkar arxeoloqlardan biridir. O, daha çox işarə və rəmzlər, simvollar, Küp qəbirlər, yaranış haqqında dini və qədim təlimləri öyrənib tədqiq edir, Cəlilabad taixinin unikal dövrlərini aşkar etməyə çalışır. İndiyədək apardığı araşdırmalar zamanı əldə etdiyi 1250 ədəd tarixi əşyanı əvəzsiz olaraq (akt əsasında) Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim etmişdir. Bundan əlavə, Elşad müəllim Cəlilabad Rayon Şatırlı kənd orta məktəbini əsil tarix muzeyinə çevirmişdir.
Tanınmış tarixçi, peşəkar arxeoloq və ləyaqətli pedaqoq Elşad Əmənovun tarix sahəsində maraq dairəsi genişdir. Tarixin müəyyən mərhələsində baş verənlər deyil, bütövlükdə tarixin özü onu maraqlandırır. Buna görə də, əlinə keçən tarixi əşyanı, yaxud rast gəldiyi tarixi abidənin dövrünü, funksiyası və əhəmiyyərini müəyyənləşdirməyə çalışır. O, öz xalqı, vətəni və qədim tariximizi ürəkdən sevən, bu sahədə öz töhfəsini verməyə çalışan əziz və dəyərli müəllim, tədqiqatçı-tarixçidir.

Fotoğrafı Aç
Elşad müəllim “müəllim” titulunu hər bir tituldan üstün sayır, həyatda müəllimlik tituluna fəxarətlə yanaşır. Cəlilabad rayonunun ləyaqətli müəllimlərindən sayılsa da, özünə xas olan təvazökarlığı ilə hələ də bu adı doğrultmağa çalışdığını söyləyir…
Onun Cəlilabad diyarı və qədim Muğan bölgəsi barədə apardığı araşdırmaların müəyyən bir hissəsi “Muğan: İtmiş tarixin izi ilə” adlı dəyərli əsərdə toplanmış və 2018-ci ildə işıq üzü görmüşdür.
İndiyədək Elşad Əmənovun tarixin müxtəlif sahələrində 130-a qədər məqaləsi müxtəlif qəzet və jurnallar, həmçinin internet portallarında nəşr olunmuş və yayımlanmışdır. O, yazıları və ictimai-siyasi fəaliyyətinə görə dəfələrlə müxtəlif təşkilatlar tərəfindən Fəxri diplom və 10 Fəxri fərmanla təltif olunmuşdur.
Xüsusiyyətləri:
Doğma elimizin görkəmli tarixçi-tədqiqatçı alimi və peşəkar arxeoloqu, eyni halda ləyaqətli müəllimlərindən sayılan hörmətli Elşad Əmənov üçün bir çox dəyərləri, bariz xüsusiyyətləri sadalamaq olar. Bununla bağlı aşağıdakıları qeyd edə bilərəm:
1. Həyatda əqidəli;
2. Səmimiyyət və şəffaflıq;
3. Əzmkarlıq;
4. Sözün həqiqi mənasında ziyalı şəxsiyyət;
5. Yüksək mədəniyyət və etika sahibi;
6. Vətəninə və Dövlətinə sıx bağlılıq (vətənpərvər və dövlətçi);
7. Həqiqətin tanınması və üzə çıxması üçün güclü araşdırma qabiliyyəti;
8. Səmimi və pozitiv insan;
9. Dərin düşüncə, təfəkkür və zəka sahibi;
10. Sadə və təvazökar;
11. Ləyaqətli ağsaqqal;
12. Mehriban ata və gözəl ailə başçısı və s…
Subyektiv baxışım:
Elşad müəllimin haqqında çox danışmaq, çox sözlər yazmaq, hətta, təqdimat əsəri olaraq kitab və kitablar yazmaq olar. Burada yalnız ixtisara riayət edərək onun şəxsiyyəti barədə subyektiv baxışımı, öz ürək sözlərimi yazmaq istərdim:

Fotoğrafı Aç
Həyatda heç bir kəsin haqqında olmayan sözləri dilə gətirmək və kimisə şişirtmək doğru yanaşma deyil. Yalnız olanları ədalətli və obyektiv, həm də təmənnasız şəkildə söyləmək və qələmə almaq lazımdır. Bu baxımdan, həmin prinsipi nəzərə alaraq Elşad müəllim barədə öz ürək sözlərimi təqdim etməyə çalışacam…
Elşad müəllim Əmənov böyük və zəngin, həm də mənəvi dəyərləri özündə ehtiva etmiş görkəmli bir şəxsiyyət sahibidir… O, həyatda çətinliklər görmüş, lakin çətinlik görüncə əyilməyən, öz yolu və əqidəsində möhkəmlənmiş görkəmli şəxsiyyət, ləyaqətli ziyalı və gözəl müəllimdir. Onunla yaxından ünsiyyət qurduqda bu insanın nə qədər pozitiv, nə qədər kübar və nə qədər gözəl bir şəxsiyyət olduğuna valeh olursan. Onu yaxından tanıyanlar bu görkəmli insanın nə qədər təvazökar və səmimi olduğunu təsdiq edə bilərlər. Şəxsən mən qədim və sirli Muğan tarixi ilə bağlı nəşr edilmiş bəzi kitab və məqalələrimdə Elşad müəllimin öncə təqdim etdiyi bəzi tarixi baxışları elm və etika çərçivəsində tənqid etsəm də, hər tənqiddən sonra Elşad müəllimdən daha çox səmimiyyət və daha çox mərhəmət müşahidə etmişəm. O, fikirlərinin tənqid edilməsindən əsla qorxmur və bundan narahat olmur, hər zaman başqaları, xüsusilə də, öz övladları və bəzən nəvələri yaşında olan gənclərlə səmimi dialoqa üstünlük verir. Bu da, onun elm və xüsusilə tarix sahəsində istibdad və təkəbbürdən uzaq olduğunu, həyatında olduğu kimi elm sahəsində də, dərin və zəngin təfəkküründən, şəxsiyyətindəki səmimiyyəti və təvazökarlığından irəli gəlir.
Elşad Əmənov Odlar Yurdu Azərbaycanımızın ayrılmaz parçası sayılan sirli Muğan diyarının tarixi ilə bağlı ilklərə imza atmış fədakar və yorulmaz tarixçi-tədqiqatçı alim, bacarıqlı arxeoloqdur. Küp qəbirləri mədəniyyəti, qədim maddi-mədəniyyət nümunələrində simvol və ornamentlərin tədqiqi, qədim dövrlərdə istifadə edilən sirli xətt növlərinin araşdırılması, əsrlər boyu müxtəlif din və hakimiyyət mənsubları tərəfindən güclü təzyiqlərə məruz qalmış və beləliklə də, tarixin səhifələrindən silinməyə məhkum olmuş sirli Muğan dininin mahiyyəti, təlimləri və s. araşdırılması o cümlədəndir. Həmin yeniliklərlə bağlı ətraflı olaraq onun indiyədək işıq üzü görmüş tarixi əsərlərini (kitab və məqalələrini) mütaliə etmək kifayətdir.
İnsaf və ədalət xətrinə deyə bilərik ki, bu dəyərli tarixçi-tədqiqatçı alimin qədim və sirli tariximizlə bağlı gördüyü işlər bütöv bir institutun görə biləcəyi nəhəng işə bərabər sayılır. Lakin o, bütün bunları qədim tariximizə və eləcə də, Vətənə olan bağlılıqdan tam təmənnasız olaraq həyata keçirir, eyni halda özünü bu sahədə son söz deyəcək bir fərd kimi düşünmür. Çünki istənilən sahədə olduğu kimi tarix sahəsində də, araşdırma, tənqid və mülahizə qapısı hər zaman hər bir bacarıqlı tarixçi və tədqiqatçının üzərinə açıqdır. Əslində elm tənqid və mülahizələrlə saflaşmalı, daha dolğun və daha doğru tərzdə formalaşaraq müasir və gələcək nəsillərə ötürülməlidir.
İnanıram ki, indiyədək tarixi mövzularla bağlı deyilənləri və ya yazılanları olduğu kimi və ya fərqli ifadələrlə təkrar etmək heç bir zaman tarixi araşdırma sayıla bilməz…
Elşad müəllim qədim və sirli tariximizə böyük töhfələr vermiş tarixçi-tədqiqatçı alim və peşəkar arxeoloq olmaqla yanaşı həm də, böyük insani keyfiyyətlərin daşıyıcısıdır. Bu baxımdan hər zaman onun adı və hörmətini uca tutmağı özümə borc və fəxarət saymışam. Çünki hər zaman söylədiyim kimi, qədim və müasir tariximiz əslində bizim “Şəxsiyyət vəsiqəmiz” və “Kimliyimiz” sayılır. Qədim tarixini bilməyən insan sözün həqiqi mənasında vətəndaş və vətənpərvər ola bilməz. Buna görə də, öz ləyaqəti və dəyərlərini qoruyan tarixçi alimlər və tədqiqatçıların hər birinin adı və hörmətini uca tutmaq borcumuz və fəxarətimiz olmalıdır. Çünki onlar bizə Vətən sevgisi və vətəndaşlığın təməllərini öyrədirlər…
Arzu və diləyim:
Ulu Tanrıdan doğma diyarımızın tanınmış və görkəmli tarixçi-tədqiqatçı alimləri, arxeoloqları və ləyaqətli müəllimlərindən sayılan əziz və hörmətli Elşad müəllim Əmənova (Elshad Amanov) uzun və mənalı ömür, həyat xoşbəxtliyi, həmçinin, işlərində yeni-yeni uğurlar diləyirəm!
İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
[email protected]
15.11.2022

 

 

Share: