Elin ürəyində yaşayan Musa Yaqub… – Vaqif Osmanov yazır

 

 

“Bəlkə də borcumdan çıxmadım, Vətən”. Vətəndən nigaran Vətən oğlunun ən ağrılı sualıdır bu. Zamanın mizan tərəzisinin  gözlərini özümüz öz əllərimizlə əydiyimiz, tamahın, matahın əsirinə çevrildiyimiz dövrdə Vətən borcu imtahanını düşünən insanların ürəyi nə böyüklükdədir görəsən? Hər halda bu cahana sığmaz.

Bu dünyada “söz kainatı” yaratdı. Bu dünyanın ağrısını, acısını özündə yaşatdı. Biganələr, bozüzlülər şəhərindən, özündən də inciyib çıxıb getdi havası, qidası dərman, insanları loğman doğma Buynuzuna. Söz səltənəti, söz qəsri yaratdı Babadağın zirvəsində, Canalının yamaclarında, Göyçay çayının zümzüməli sahillərində.  Cənnətə – ziyarətə çevirdi sözüylə Vətənin bir guşəsini. “Bu dünyanın qara daşının göyərməyəcəyini” bilsə də, hər qayaya, hər daşa, hər ağaca nəvazişlə sığal çəkdi, can verdi, Musa Yaqub.

“Hayla huyun, odla suyun arasında bir qarışıq yol getmək”  taleyi yaşadı, “mərdi qova-qova namərd eləməyə” çalışsalar da, Musa Yaqub bu dünyadan “günaha batmamış dil, yalana yatmayan əl, zora əyilməyən bel” apardı. Taleyin acı zərbələrindən “boyunduruq döymüş kəl boynu kimi alnı döyənək, rəngi gümüşü” olanlar insanlıq,  Vətən, od-ocaq, vicdan, ləyaqət yolçularıdır.

Musa Yaqub yanğısı “bu torpağın yanğısıydı, bu yanğıdan torpaq laləzar olur, el yolunda bu tövr ilə yanan kəs, yana-yana dönüb Bəxtiyar olur”. Bu əbədi ömürdür.

Vicdan məhkəməsinin qalibləri  Vətənin qoynunda mənəvi qızıl külçələridir. Musa Yaqub kimilər “çürüyüm bir ovuc torpağın artsın” inamlı Vətən oğludur. Ancaq heç vaxt çürümürlər, torpağı şərəfləndirirlər. Həqiqi söz yaradan şair ürəyi  əbədiyaşardır.

Özü kimi sadiq dostlara, sözsevərlərə arxayın olan Musa Yaqub əmin idi ki, bu dünya mərdlərin çiynindədir:

Nə yaxşı namərdin yanında mərd var,

Biri söksə, biri tikər könlümü…

Özü kimi sadiq dostlara, sözsevərlərə arxayın olan Musa Yaqub əmin idi ki, dostların, onu sevənlərin ürəyində yaşayacaq…

 

 

 

Vaqif Osmanov

 

Müstəqil.Az

Share: