“El adamı” sənədli filminin premyerası olub

Yanvarın 27-də “Park Bulvar”da Azərbaycanın ilk qadın çobanının həyatından bəhs edən “El adamı” sənədli filminin premyerası olub.

Kulis.az xəbər verir ki, çəkilişləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus ekran əsəri ilk qadın çoban Kəklik Əhmədovanın həyatından bəhs edir.

Ekran əsərində Kəklik Əhmədovanın həyat yoluna işıq salınır, gördüyü işlər və qazandığı nailiyyətlərdən danışılır. Uşaqlıqdan kənddə böyüyən, ömrünü dağlarda keçirən 68 yaşlı çoban qadın torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Kəlbəcərə yollanıb. Ağcabədinin Hüsülü kəndində yaşayan K.Əhmədova bir müddət orada bələdiyyə sədri kimi də fəaliyyət göstərib.

Ulu Öndər Heydər Əliyev xidmətlərinə görə Kəklik Əhmədovaya avtomobil bağışlayıb.

Filmin rejissoru və ssenari müəllifi Nadir Diridağlı, rejissor assistenti Vüsal Məhərrəmov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.

Qeyd edək ki, film yanvarın 28-də saat 15:00-da AzTV-də yayımlanacaq.

Share: