Ehtiyacdan evini satdı, Müslüm Maqomayevin əmanətini itirdi

Kulis.azƏhməd Salahov haqqında maraqlı faktları təqdim edir.

Salahov Əhməd Məmməd oğlu 22 fevral 1964-cü ildə Bakıda anadan olub. 172 saylı məktəbdə orta təhsil alıb. 1988-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsi bitirib. Dörd il Gənc Tamaşaçılar Teatrında çalışıb.

***

“Nizami”, “Bakı oğrusu”, “Bircəciyim”, “Kənar adamlar”, “Şəbəkə”, “Zirzəmi” filmləri ilə yanaşı Rusiya istehsalı olan “Ölüm Cəzası” filminə, “Kişilər ağlamır” serialına çəkilib.

Aktyorun ilk rolu 1981-ci ildə Eldar Quliyevin çəkdiyi “Nizami” filmi olub. Aktyor müsahibələrinin birində bu haqda deyir:

“Filmin çəkilişlərinin bir qismi Ağcaqum çölündə aparılıb. “Nizami” Türkmənistan, Özbəkistan, Qırğızıstanda çəkilib. Daşların üstündə ayaqyalın qaçırdıq. Ayaqlarımızın altı para-para olmuşdu. Çəkilişlər elə yerlərdə aparılırdı ki, su içmək qadağan edilmişdi. Su içsəydik, xəstələnərdik. 50 dərəcə isti, yun paltarlar, uzun saç, üzümüzdə də qrim. Mən “Nizami” filmində Məcnun rolunu, indi ABŞ-da yaşayan Gülnarə Sanəliyeva “Leyli” rolunu oynayırdı. Mənim 17, “Leyli”nin 14 yaşı vardı. Hamımıza su əvəzinə alma vermişdilər. ”Leyli” ilə mən sususluğumuzu yatırmaq üçün bizə verilən almaları vaxtından əvvəl yedik. Gənc olduğumuz üçün hamıdan tez, özü də çox susadıq. Əlli dərəcə istinin altında ora get, bura get, sağa-sola qaç, məşqlər. Heç vaxt yadımdan çıxmaz. Nizami obrazını yaradan Müslüm Maqomayev bizə yaxınlaşdı: “Mən “Nizami”yəmsə, siz də mənim “Leyli” “Məcnun”um, qəhrəmanlarımsınız. Bunu deyib, özünün alma payını iki yerə bölüb mənə və Gülnarəyə verdi. Halbuki o özü də çox susamışdı”.

Çəkiliş vaxtı Müslüm Maqomayevin əlində çox böyük, özü də olduqca bahalı üzük olur. Onu dahi sənətkara İran şahı bağışlamışdı. Çəkiliş vaxtı o, üzüyünü Əhmədə verib xahiş edir ki, saxlasın. Əhmədin əli qrimli olduğundan əllərini yuyanda, üzüyü də əlüzyuyanın kənarına qoyur. Başı çəkilişə necə qarışırsa, üzüyü unudur. Birdən yadına düşəndə, əlüzyuyanın yanına qaçır. Üzük orda olur. Üzüyü gətirib Maqomayevə verir. Ölənə qədər o üzük Müslüm Maqomayevin barmağında olur.

Aktyora ən böyük uğuru isə 1987-ci ildə İlyas Əfəndiyevin romanı əsasında ekranlaşdırılan “Sən həmişə mənimləsən” adlı tele-tamaşada Nargilə adlı qəhrəmanı sevən Rəşid obrazı gətirir. Əhməd Salahov keçmişi xatırlayaraq deyir:

“1987-ci ildə çəkilən “Sən həmişə mənimləsən” filmində rol alanda hələ 3-cü kursda oxuyurdum. Son səhnələr çəkiləndə xəstəxanada yatırdım. Futbol oynayanda zədə almışdım. Xəstəxanadan çəkiliş meydançasına gətirir, elə oradaca iynə vururdular. Çəkiliş bitdikdən sonra yenidən xəstəxanaya qaytarırdılar”.

2018-ci ildə aktyor Əhməd Salahovla aktrisa Məlahət Abbasova uzun illər sonra yenidən bir araya gəliblər. Əhməd Salahov Məlahət xanımın verilişində olarkən deyib:

“Məlahətlə mən 31 il əvvəl “Sən həmişə mənimləsən” televiziya tamaşasında çəkilmişəm. O illərdən sonra onu, demək olar ki, görməmişəm. Çünki bildiyiniz kimi Məlahət xanım Türkiyədə yaşayır və işləri ilə əlaqədar olaraq Bakıda az olur. Amma bu günlərdə biz görüşdük. O, məni müəllifi və aparıcısı olduğu “Məlahətli söhbətlər” verilişinə dəvət etdi. Necə deyərlər, həsrət sona yetdi. Bizim çəkildiyimiz televiziya filmi o qədər uğurlu alınmışdı ki, hamı bizi sevgili bilirdi”.

***

Əhməd Salahov 1989-cu ildə ailə qurur. Bu nikahdan onun bir oğlu dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Aktyor ikinci dəfə 2000-ci ildə ailə qurur. Bu evlilikdən isə onun iki övladı doğulur.

Əhməd Salahov 1992-ci ildən Xalq artisti Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrına işə düzəlir. Ancaq nə aktyor sənətinin imkanlarına cavab verən fakturası, nə yaraşıqlı siması Əhmədin teatr və kino sahəsində uğur qazanmasına kömək etmir.

***

Elə bir dövr gəlib yetişir ki, hətta aktyor maddi sıxıntıların girdabında çapalayır. Bu haqda onu yaxından tanıyan qonşuları, dostları deyir. Aktyorla uzun illər bir ərazidə yaşamış qonşusu Günel Bulud Əhməd Salahovun son illər maddi çətinliklər yaşadığını deyir:

“Bir gün kassada müştəriləri yola salırdım. Başımı qaldıranda qarşımda Əhməd müəllimi gördüm. Sakitcə, hər kəs kimi növbəyə durmuşdu. Əhməd Salahov bəzən ərzaq aldığı mağazaya borclu qalırdı. Mağaza rəhbərliyi də onun bazarlıq xərcini minimuma endirirdi. Bəzən pulu çatmırdı, özünün də xəbəri olmadan onun əvəzinə hesabı mən ödəyirdim. Nisyə mal götürən günləri də olurdu”.

40 ilə yaxın sənətdə olan, 21 filmə çəkilən, 50-dən çox tamaşada iştirak edən, ehtiyacdan evini satmağa məcbur olan aktyor bu məsələyə münasibətini bildirərkən deyir:

“Maddi sıxıntılarım var, dolanışıq çətindir. Maaşım 250-300 manatdır. Həmkarlarımın bəziləri toyda tamadalıq, bəziləri klounluq etməklə ailələrini dolandırırlar. Burda utanmalı, gizlətməli heç nə yoxdur. Kim necə bacarırsa, o cür dolanır. Əvvəllər məşhur aktyorlar gənc həmkarlarına kömək edirdilər, amma indi elə şey yoxdur. Məşhur aktyorların özünə kömək, dəstək lazımdır. Hər il eşidirik ki, vəziyyət düzələcək, amma heç nə dəyişmir. Söhbət təkcə maaşımızın azlığından getmir. Kim istəməz ki, işləsin, qazancı olsun. Məsələ burasındadır ki, iş də yoxdur. Dövlət də pul ayırır, amma biz onu görmürük”.

***

Əhməd Salahov 1986-cı ildə 13-cü Ümumittifaq kinofestivalının laureatı olub. 2002-ci ildə əməkdar artist adına layiq görülüb.

Share: