ƏƏSMN nümayəndəsi: “Ukraynalı uşaqlar Azərbaycandakı reabilitasiya xidmətindən çox məmnundurlar”

“Azərbaycanda reabilitasiyadan keçmiş ukraynalı uşaqlar vətənlərinə böyük məmnunluq hissi ilə qayıdırlar”.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyətinin sədr müavini Vüqar Məmmədov reabilitasiya xidmətləri ilə təmin edilməsi məqsədilə Azərbaycana gətirilən daha 30 ukraynalı uşağı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayarkən deyib.

“Qeyd edək ki, bu illər ərzində artıq 100-ə yaxın uşaq üç qrup şəklində ölkəmizdə olaraq bu reabilitasiya xidmətlərindən bəhrələniblər. Onların çox yüksək məmnunluq hissini biz vətənlərinə dönərkən verdiyi müsahibələrdən, sosial mediadakı yazılarından görürük”, – ƏƏSMN-nin nümayəndəsi vurğulayıb.

Sədr müavini ukraynalı uşaqların yazdıqlarından misal da çəkib:

“Onların yazılarından bir ifadəni misal çəkmək istəyərdim: “Azərbaycanda bizi sevgi dəryasına almışdı”. Şübhəsiz ki, bu, Azərbaycanda olan ukraynalı uşaqlara yüksək diqqət və qayğının, həm də nazirliyin, agentliyimizin, bütün əməkdaşlarımızın bu uşaqlara göstərdiyi həm peşəkar, həm insani münasibətin bir ifadəsidir”.

Xatırladaq ki, ƏƏSMN-nin tabeliyindəki DTSERA-nın təşkilatçılığı ilə bu gün daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Share: