Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının da iştirakı ilə 20 Yanvar faciəsinin 34-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb. Mehman Həsənli 20 Yanvar hadisələrinin nəticəsiz qalmadığını, Azərbaycanın müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb. Vətən Müharibəsində qələbə qazanan ölkəmizin hərbi uğurlarının davam etdiyini qeyd edib. 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu xatırladıb.
Sonra Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin qurbanlarının daim ehtiramla yad edildiyini bildirib. Gənc alimlərin də bu işdə nümunəvi fəaliyyət göstərdiklərini söyləyib.
Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd həmin qətliamın canlı şahidlərinin xatirələrini də yada salıb. Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Orxan İsayev, İnstitutun əməkdaşı, şair İbrahim Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərli tədbirin mövzusu ilə bağlı fikirlərini bölüşüblər.
Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qasımlı “20 Yanvar faciəsi poemalarımızda” adlı məruzə ilə çıxış edib.

Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Share: