EBRD prezidentinin Bakıya səfərinin proqramı AÇIQLANDI

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odile Renaud-Basso sentyabrın 11-dən 13-dək Azərbaycana səfəri çərçivəsində Bankın ölkədə həyata keçirdiyi ikinci “Yaşıl şəhər” layihəsinə dair müqavilə imzalanacaq.

Bu barədə “Report”a Bankdan məlumat verilib.

Həmçinin ölkənin telekommunikasiya, media və texnologiya (TMT) sektorunun inkişafına xidmət göstərən investisiyaların təşviqi milli agentliyi – AZPROMO ilə birgə layihəyə start verəcək.

Məlumata görə, Renaud-Basso Bakıya səfəri çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcək. O, həmçinin diplomatlar, biznes ictimaiyyətinin liderləri və Bankın mövcud tərəfdaşları ilə görüşəcək.

Qeyd edək ki, EBRD prezidenti Odile Renaud-Basso əvvəlcə Azərbaycana, daha sonra Gürcüstana, sonda isə Ermənistana olmaqla sentyabrın 16-dək Qafqaza səfər edəcək. Bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk şəxsi səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələnib.

EBRD prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.

“Mən Bankın 30 illik fəaliyyəti ərzində təqdirəlayiq nəticələr əldə etdiyi Qafqaza səfər etməyi səbirsizliklə gözləyirəm. Ölçüsünə baxmayaraq region bizim üçün mühüm investisiya məkanı olaraq qalır və biz bu bölgəyə artıq 10 milyard avrodan çox sərmayə qoymuşuq. Səfərim zamanı mən Qafqaza və onun yaşıl keçid proqramına, eləcə də nəqliyyat əlaqəsinin, dayanıqlı infrastrukturun təkmilləşdirilməsinə və siyasi dialoqa tam dəstəyimizi bir daha bəyan edəcəyəm. Həmçinin özəl sektora, o cümlədən kiçik və orta sahibkarlığa gələcək dəstəyi müzakirə etmək üçün tərəfdaş maliyyə institutlarımızla görüşlərim olacaq”, – deyə Renaud-Basso bildirib.

Bundan başqa, EBRD prezidenti Tbilisidə Gürcüstanın siyasi rəhbərliyi ilə yüksəksəviyyəli görüşlər keçirəcək. Onun, həmçinin diplomatlar, beynəlxalq maliyyə institutlarının regional rəhbərləri, biznes assosiasiyalarının rəhbərləri və özəl sektordan mövcud biznes tərəfdaşları, o cümlədən yerli banklarla görüşü nəzərdə tutulur. Renaud-Basso maliyyə və səhiyyə sektorlarında uzunmüddətli tərəfdaşlarla kredit müqavilələri də imzalayacaq.

Onun səfəri EBRD-nin ölkədə fəaliyyətə başlamasının 30-cu ildönümünə təsadüf edir. Bank indiyədək 270 layihəyə 5 milyard avro sərmayə qoyub.

EBRD prezidenti öz səfərini İrəvanda yekunlaşdıracaq və burada Ermənistanın siyasi rəhbərliyi ilə görüşəcək. Səfər çərçivəsində diplomatik ictimaiyyətin nümayəndələri və beynəlxalq inkişaf tərəfdaşları ilə görüşlər keçiriləcək. Xanım Renaud-Basso həmçinin Mərkəzi Bankda olacaq və yerli tərəfdaş bankların baş icraçı direktorları ilə dəyirmi masa müzakirələrində iştirak edəcək.

Prezident Renaud-Basso həmçinin Yaradıcı Texnologiyalar Mərkəzinə (TUMO) baş çəkəcək, burada Ermənistanın yüksək texnologiya sektorunun rəhbərləri ilə görüşəcək, həmçinin EBRD tərəfindən dəstəklənən Ermənistan İnvestisiya Şurasının 15 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.

1992-ci ildə Qafqazda fəaliyyətə başladığı vaxtdan EBRD regionun maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 652 layihəyə 10,64 milyard avrodan çox sərmayə qoyub və bu investisiyaların böyük hissəsi özəl sektorun payına düşür.

Share: