Dənizçilərə Sosial Dəstək İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş”i “Dənizçi” istirahət mərkəzində

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş”i “Dənizçi” istirahət mərkəzində

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Avqustun 11-də “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi (DSD İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Layihənin sayca  bu dəfə  üçüncü tədbiri ASCO-nun Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Dənizçi” İstirahət Mərkəzində baş tutub.

DSD İB-nin Analitik-İnformasiya Bölməsindən Müstəqil.az-a verilən məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə “Dənizçi” İstirahət Mərkəzində istirahət edən şəhid dənizçi ailələrinin üzvləri, müharibə iştirakçıları, Mərkəzin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Qonaqlar arasında 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olan İlham və Fərizə Allahverdiyevlərin yaxınları — İlham Allahverdiyevin qardaşı Elxan Orucov və ailə üzvləri, Fərizə Allahverdiyevanın xalası Bəsti Mustafayeva da olub.

Tədbiri giriş sözü ilə açan DSD İB-nin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli layihənin məqsəd və vəzifələri barədə məlumat verib.

O qeyd edib ki, Azərbaycan dənizçiləri ölkə iqtisadiyyatının möhkəmləndirilməsində mühüm rol oynamaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi uğrunda da fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər.

Faiq Balabəyli çıxışında şəhid dənizçilərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb və bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb.

Tədbirdə çıxış edən ASCO-nun Sosial məsələlər üzrə departamentinin rəhbəri İlqar Oruclu, “Dənizçi” İstirahət Mərkəzinin direktoru Cahangir Balakişiyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə, 20 Yanvar şəhidləri İlham və Fərizə Allahverdiyevlərin yaxınları, şəhid dənizçi ailələrinin üzvləri və qazi dənizçilər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs ediblər.

Çıxışlarda dövlətin şəhid ailələri və müharibə iştirakçılarına yönəlmiş sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi ASCO tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən davamlı diqqət və dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb.

İştirakçılar “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin şəhid dənizçi ailələrinin sosial, mədəni və hüquqi maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirərək təşəbbüsü yüksək qiymətləndiriblər.

Layihə rəhbəri Faiq Balabəyli tədbirin sonunda bildirib ki, “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində nəzərdə tutulan dörd tədbirdən üçüncüsünün “Dənizçi” İstirahət Mərkəzində keçirilməsi şəhid dənizçi ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunun göstəricisidir.

“DSD” İB olaraq layihəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Layihə çərçivəsində mütəxəssis və ekspertlərin rəyləri dinləniləcək, şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar ictimaiyyətə çatdırılacaq. Əsas məqsədimiz bu həssas kateqoriyadan olan insanların problemlərinin diqqətdə saxlanılmasına və onların cəmiyyətə inteqrasiyasına töhfə verməkdir”, — deyə Faiq Balabəyli vurğulayıb.

Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkilib, şəhid ailələrinə və tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.

Tural Balabəyli
“DSD” İB-nin layihə üzrə Analitik-İnformasiya Bölməsinin rəhbəri

 

Share: