Həyatda elə insanlar var ki, onların varlığı təkcə öyrətdikləri ilə deyil, qəlbimizdə oyatdıqları hisslərlə, ruhumuza verdikləri ilhamla, yolumuza saldıqları işıqla dəyər qazanır.
Onlar bizə yalnız bilik vermir, həm də özümüzə inanmağı, sözün qüdrətini duymağı, istedadımızı kəşf etməyi öyrədirlər. Belə insanlar zaman keçdikcə müəllimdən ustada, xatirədən mənəvi dayağa çevrilirlər. Bu gün dəyərli ziyalı, ustad müəllim Vidadi müəllimin doğum günüdür. Bu əlamətdar gündə ona ünvanladığım ürək sözlərimi, səmimi minnətdarlığımı və ən xoş arzularımı bölüşmək istəyirəm.
Əzizim, dəyərlim Vidadi müəllim!
Siz mənim üçün, eləcə də mənim kimi minlərlə şagirdiniz üçün son dərəcə dəyərlisiniz. Bu gün ədəbi aləmdə az-çox tanınmağımda zəhmətinizin böyük və danılmaz payı var. Məni yazmağa həvəsləndirən, qələmimə inam verən, poeziyanın incəliklərini, sözün məsuliyyətini öyrədən insanlardan biri də siz olmusunuz. Hər şeirimə həssaslıqla yanaşmağınız, fikirlərinizi əsirgəməməyiniz, bircə kəlmənizlə belə məni daha yaxşı yazmağa ruhlandırmağınız mənim üçün həmişə böyük dəyər daşıyıb. Siz mənə təkcə şeirin qayda-qanunlarını deyil, sözə ürək qoymağı, sözün qarşısında məsuliyyət daşımağı da öyrətmisiniz.
Həmişə nəzərinizi üzərimdə hiss etmişəm. Bu, dünən də belə idi, bu gün də belədir və inanıram ki, sabah da belə olacaq. Çünki bəzi müəllimlər insanın həyatından keçib getmir, onun ömrünə, taleyinə, yaddaşına yazılırlar. Siz mənim üçün məhz elə müəllimlərdənsiniz. Dünənimdə müəllimim, bu günümdə ustadım, sabahımda yolumu işıqlandıran mayakım! Siz əsl pedaqoq, böyük ziyalı, ən əsası isə BÖYÜK İNSANSINIZ!
İnsanın potensiaını duymaq, onun daxilindəki istedadı görüb oyatmaq, ona özünə inanmağı öyrətmək bir ömrə dəyər. Siz bu gözəl xidmətin sahiblərindənsiniz. Mən də bu gün bir şagirdiniz kimi deyil, həm də əməyinizi, qayğınızı və mənə verdiyiniz mənəvi dəstəyi ürəyində minnətdarlıqla daşıyan bir insan kimi sizə təşəkkür edirəm.
İnsanın həyatında elə əlamətdar günlər var ki, həmin günlər təkcə bir yaşın üstünə yaş gəlməsi deyil, bir ömrün, bir insanın, onun ətrafına bəxş etdiyi yaxşılıqların bayramıdır. Doğum gününüz də elə günlərdəndir. Siz barlı-bəhrəli payız fəslində dünyaya göz açmısınız. Arzu edirəm ki, ömrünüzün bütün fəsilləri payız qədər bərəkətli, bahar qədər təravətli, yay günəşi qədər işıqlı olsun. Üzünüzdən təbəssüm, gözlərinizdən sevinc, qəlbinizdən yaşamaq həvəsi əskik olmasın. Süfrəniz payız bərəkəti ilə dolsun, evinizdən doğmalarınızın səsi, könlünüzdən rahatlıq, ömrünüzdən xoş günlər əskik olmasın.
Arzu edirəm, bundan sonra yaşadığınız hər gün yaddaşınızda gözəl bir xatirəyə, ötən hər an ömrünüzdə əlamətdar bir hadisəyə çevrilsin. Əməyinizin bəhrəsini görəsiniz, yetişdirdiyiniz şagirdlərin uğurları sizə hər zaman qürur yaşatsın. Müəllimlik sevinciniz, valideyn fərəhiniz, doğmalarınızın məhəbbəti tükənməsin. Bu günə qədər neçə-neçə insanın qəlbində işıq yandırmısınızsa, həyat da sizin yolunuzu o işıqlarla aydınlatsın. Başqalarına verdiyiniz mənəvi güc, ruhunuza bəxş etdiyiniz rahatlıq, könlünüzə sevinc kimi qayıtsın. Həyat sizə hər zaman gözəl üzünü göstərsin, qarşınıza ürəyiniz qədər təmiz insanlar çıxarsın.
Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı, tükənməz sevinc və bütün işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Allah sizi sevdiklərinizə, sizi sevənlərə, sizdən öyrənənlərə çox görməsin!
VAR olun, VARLI olun! Varlığınızla varlanın, sevginizlə əhatələnin, yaxşılıqlarınızın bəhrəsini görün!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VİDADİ MÜƏLLİM!
Sizi böyük hörmətlə, dərin minnətdarlıqla və bütün səmimiyyətimlə bağrıma basıram!
NƏ YAXŞI Kİ, VARSINIZ!
NƏ YAXŞI Kİ, MƏNİM MÜƏLLİMİMSİNİZ!
DOĞUM GÜNÜNÜZ MÜBARƏK!!!
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.






















