Dünyaya öz haqqını tanıdan Azərbaycan

Tarix boyu bütün fatehlərin işğalçılıq yolu Azərbaycandan keçib. Qərbin İsgəndər, Pyotr kimi hökmdarlarının, Şərqin Çingiz xan, Əmir Teymur kimi sərkərdələrinin dünya fəthi üçün vuruşan orduları vətənimizi işğal etməkdən vaz keçməyib.

XX əsr tarixinin cahan hökmdarı olmaq iddiasında olan son işğalçısı Hitler üçün də Azərbaycan xüsusi bir önəm kəsb edib. Bir sözlə, Şərqlə Qərbin qovuşma nöqtəsində yerləşən, bütün savaşların əsas halqası olan, Böyük İpək Yolunun əvəzsiz körpüsü olan ölkəmiz hər zaman qəsbkar maraqların hədəfində olub və bu gün də olmaqdadır. Yüz illər boyu davam edən bu proses yalnız qanlı iz buraxmayıb, həm də dövlət və millət olaraq Azərbaycanı daha da bərkidib. Bu gün artıq tarix və dünya yeni bir Azərbaycana şahidlik edir. Bu gün Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq platforması kimi çıxış edir. Çağdaş dünyanın siyasi arenasında qlobal layihələrin yalnız iştirakçısı yox, həm də təşkilatçısı olan Azərbaycan var. O Azərbaycan ki, ən yüksək beynəlxalq kürsülərdə, ən güclü dövlətlərlə ikitərəfli danışıqlarda öz milli maraqlarını qoruyur və həyata keçirir.
Dövlətin yürütdüyü xarici siyasət kursunun əsasını təşkil edən tərəfdaşlıq və əməkdaşlıq prinsipi Azərbaycanı qarşıdurma, rəqabət məkanı deyil, qlobal layihələrin icra ünvanına çevirib. Məhz bunun nəticəsidir ki, beynəlxalq münasibətlərin kataklizmlərlə dolu mürəkkəb mərhələsindəndə Azərbaycan strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirilib. Bu ilin ilk ayında Əbu-Dabi Dayanıqlılıq həftəsi, ardından isə Davosda keçirilən Dünya İqtisadi Forumunda önə çıxan arqumentlər bu faktı növbəti dəfə təsdiqlədi. Keçirilən bütün tədbir və görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev dünya biznes elitasının diqqətini Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və müştərək layihələr həyata keçirmək mövzusuna çəkməyə müvəffəq olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınmasına hədəflənib. Azərbaycan mühüm bir coğrafiyanın – Yaxın Şərq ilə Avropanın, eləcə də Çinin eyni maraqlar ətrafında birləşməsini təmin edə bilən bir siyasət yürüdür. İqtisadi əməkdaşlıq siyasi tərəfdaşlığın əsas təməli sayılır – Azərbaycan bu addımı ilə dünyanın təhlükəsizlik arxitekturasına böyük töhfələr verir. Bir sözlə, Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yeridən nadir dövlətlərdəndir. Bu, özünü həm də xarici təmaslarda, həm də iqtisadi əməkdaşlıqda göstərir.
Amma bütün bu nəticələr asanlıqla əldə edilməyib. Nəzərə alınmalıdır ki, qlobal geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycana diqqəti artıran amillərdən biri onun dünyanın aparıcı dövlətlərinin siyasi və iqtisadi mənafeləri üçün strateji ərazidə yerləşməsi, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), əslində, Qərb və Rusiya arasında qarşıdurmanın mərkəzlərindən biri olmasıdır. Rəsmi Bakı fövqəlgüclərin hərbi-siyasi, iqtisadi ziddiyyətlərində Azərbaycanın tərəfsiz olduğunu və ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətlə bildirsə də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və təhdid cəhdləri ilə hələ də üzləşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkəmiz xarici siyasət meydanında müstəqil siyasət yürüdür və heç bir dövlət öz iradəsini ona diktə edə bilməz. Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olmuş, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük vermişdir. Azərbaycan öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra bütövlükdə regionun geopolitik durumunda dəyişilən proses Türk Dünyasının birliyi istiqamətində atılan addımlardır. Türk dünyasının iki böyük lideri – Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün xüsusi səylər göstərir. Atılan addımlar öz nəticəsini verir. Bu gün dünya siyasi düzənində Türk Dövlətləri Birliyi yeni güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın Qərblə Şərq arasında körpü statusu daha da möhkəmlənir və müasir dövrün reallıqları çərçivəsində yeni məzmun qazanır. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı şanlı keçmişi ilə qürur duyur, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir. Zəfər Savaşı ilə başlayan yolun uğurla davam etdirilməsi üçün isə yetərincə gücümüz və potensialımız var. Təbii resurslarımız – yetərincədir. İnsan resurslarımız da həmçinin Dünyanın “qan damarları”nın keçdiyi nəhəng bir coğrafiyada yerləşirik. Daha dəqiq desək, bu gün dünya bizdən keçir! Şərəfli tariximiz, yüksək mədəniyyətimiz, imperiyaların sarsıda bilmədiyi mənəvi dəyərlərimiz bu gün Azərbaycanı dünyada haqq etdiyi söz sahibinə çevirib!

Fəzail İBRAHİMLİ
Milli Məclis Sədrinin müavini

Share: