Dünyanı bürüyən su problemi Azərbaycandan da yan keçmir…

Kür suyu nədən içilməz hala gəlib…

Son dövrlərdə dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycanın da qarşılaşdığı əsas problemlərdən biri də su ilə bağlıdır. Koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə su problemi dünyanın bir çox ölkələri üçün kəskinləşir. Hətta bu durumun yeni savaşlara gətirib çıxara biləcəyinə dair xəbərdarlıqlar da edilir.

Problem, demək olar, bütün dünya boyu özünü göstərir. Məsələn, Avropa yeraltı su mənbələrinin tükənməsi səbəbindən içməli və suvarma su problemi ilə üz-üzədir. Britaniyanın “Daily Mail” qəzeti yazır ki, bu, qışın son üç ildə ardıcıl olaraq qeyri-adi isti və quru keçməsi ilə əlaqədardır. Bu il Avropada daha az qar yağması səbəbindən yeraltı su mənbələri həmişəkindən daha zəif olub. Bu durumda sinoptiklər yayın yenidən isti və quraq keçəcəyini proqnozlaşdırır. Qəzet “Copernicus” Avropada İqlim Dəyişikliyinə Nəzarət Xidmətinin yeraltı sular və gözlənilən quraqlığın vəziyyətinə dair hazırladığı xəritələri dərc edib. Buradan görünür ki, may və iyun aylarının əvvəlində Portuqaliya, İspaniya, Fransanın Bretan regionu, Danimarka, İsveçin və Finlandiyanın cənubu, Latviya və Estoniyada yağan az miqdarda yağışlar yeraltı su mənbələrinin vəziyyətini yaxşılaşdırsa da, sonra yağıntılar düşməyib.

Şərqi və Mərkəzi Avropada kənd təsərrüfatı bitkilərini suvarmaq üçün istifadə olunan yeraltı su mənbələri faciəli vəziyyətdədir. Bu, Şimali Qafqazı, bütün Ukraynanı, Rusiya və Belarusun Avropa hissəsinin cənubunu, Polşanın cənubunu və mərkəzini, Slovakiya və Çexiyanı, Almaniyanın cənubunu və Fransanın şərqini əhatə edən tünd qırmızı rəngli geniş bir zolaqdır. Çexiya hakimiyyəti bildirir ki, yaz aylarında su mənbələrinin 80 faizinin tükənməsi ölkəni son 500 il ərzində analoqu olmayan quraqlıq təhlükəsi qarşısında qoyub. Ukraynada Desna çayının səviyyəsi 5 metrədək enib. Bu, ötən 140 il ərzində müşahidə edilən ən aşağı göstəricidir. Vyana Universitetinin mütəxəssisləri bu xüsusda bildirib:“Son illər Mərkəzi Avropa qeyri-adi sabit hava səbəbindən bir neçə quraqlıq mərhələsinə məruz qalıb ki, bu da qlobal istiləşmə ilə əlaqələndirilir. Çoxillik quraqlıq artıq yeraltı sulara və meşələrə də ziyan vurub”. Afrika, Mərkəzi Asiyada da su ilə bağlı ciddi problem müşahidə olunur. Problem ölkəmizdən də yan keçməyib. Artıq məlumdur ki, Qafqazın ən böyük çayı olan Kürdə son aylar indiyədək görünməmiş ciddi ekoloji böhran yaşanır. Belə ki, Kürün mənsəbində Xəzər dənizinin suyu çaya qovuşaraq hələ də “irəliləmək”də davam edir. Artıq dənizin suyu Kür boyunca 60 kilometr məsafədə çaya qarışaraq Neftçala rayonunun Aşağı Surra kəndinə çatıb. Şor dəniz suyunun Kür çayına qarışması nəticəsində çayın suyu əhali tərəfindən istifadə üçün yararsız hala düşüb. Bu səbəbdən də artıq xeyli müddətdir ki, Nefçala şəhəri və əksər kəndlərdə əhali su problemi yaşayır. Hətta Kürün suyu o qədər şorlaşıb ki, onu mal-qara belə içə bilmir, əkinlər susuzluqdan yanır. Problemin əsasında isə o durur ki, Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb və bu səbəbdən çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qovuşaraq geri axır. Qeyd edək ki, Kür çayının suyunun 80 faizdən çoxu, ölkə sularının isə 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Lakin son illər yaşanan qlobal istiləşmə və suların düzgün idarə olunmaması nəticəsində ölkəmizə Kür çayından daxil olan suyun həcmi 25 faiz, Arazdan daxil olan suyun həcmi isə 60 faizdən artıq azalıb ki, bu da ciddi narahatlıq doğuran vəziyyətdir. Yaranmış vəziyyətlə bağlı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 15 aprel 2020-ci il tarixli sərəncamının icrası məqsədilə iki dövlət proqramı hazırlayaraq baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya təqdim edib. Qurumun mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov bununla bağlı bildirib:”Bu proqramların məqsədi qısa zaman ərzində nəticə əldə etmək, su itkisinin qarşısını almaqdır. Sənədlər çərçivəsində SSRİ dövründən qalma köhnə boruların yenilənməsi, torpaq kanalının beton üzlüyə alınması, kiçik tutumlu su anbarlarının yaradılması nəzərdə tutulur. Bunlar təklif formasında hökumətə təqdim edilib. Kənd təsərrüfatı məhsullarının istehsalının 90%-i suvarılan torpaqların hesabına başa gəlir. Son zamanlar dünyada baş verən qlobal istiləşmə, quraqlıq Azərbaycana da sirayət edir. Ölkənin su anbarlarında suyun azalması müşahidə edilir. Odur ki, təcili addımlar atılmalıdır”.

Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilə qədər (ortamüddətli) və 2030-cu ilə qədər (uzunmüddətli) dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsini nəzərdə tutur. Bundan başqa, tədbirlər suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olmağı hədəfləyir. Hesab edilir ki, qeyd edilən istiqamətdə indidən zəruri addımlar atılmasa, su ilə bağlı problem daha da böyüyəcək.

Müstəqil.Az

Share: