“Dünya keçir üstümdən, altında əzilirəm…”-Gənc yazar Qəmər Sözayın şeirləri…

Müstəqil.Az gənc yazar Qəmər Sözayın yeni şeirlərini təqdim edir:
Ünvanına gedirəm
Baxışlarım qucaqlar kədərimin izini,
Dünya keçir üstümdən, altında əzilirəm.
Özüm boyda qəhərlə,sarılmışam kölgəmə,
Ünvansız məhəbbəti arayıb,gəzinirəm.
Sürünürəm arxanca məsafələr uzanır,
Ayrılıqlar yol çəkir,həsrətin gözlərində.
Zamanın boynun vurub,o məsum keçmişimə,
Yenidən qayıtmaqçün taqət yox dizlərimdə.
Yaşayıram birtəhər,hər günümdən gileyli,
Bəlkə yaşadığımı sadəcə zənn edirəm.
Hər nəfəsdə boğulan bu bəxtsiz taleyimlə,
Qolboyun bədbəxtliyin ünvanına gedirəm.
Kimsəsiz bir daxmayam
 
Kimsəsiz bir daxmayam,
Qapanmışam özümə.
Xəyalları toz basıb,
Görünmürlər gözümə.
Uçub sevgi çatısı,
Məhəbbəti üşüdür.
Hayqırtımı sadəcə,
Yalnızlığım eşidir.
Payız keçib üstündən,
Xəzanına bürünüb.
Uçuq,sökük bu daxma,
Hey bahara sürünür.
Bütün yollar qapanıb,
Təklik sarıb dörd yanı.
Bitəcəkmi görəsən,
Bu daxmanın üsyanı?
Gəl,birlikdə kor edək…
 
Dağılıb ümidlərin,hərəsi bir köşəyə,
Neyləyim axtarmağa taqətim də qalmayıb.
Mən necə yanılmışam,səni belə sevərək,
Sən adlı bir ünvanım heç əzəldən olmayıb.
Tıxanır boğazımda eşqə dair cümlələr,
Lal olur məhəbbətim sevgisizlik dilindən.
Taxtın qurub qəlbimdə,həsrətin padişahı,
Qurtar məni İlahi,bu qüssənin əlindən.
Üşüyür xatirələr,yaddaşımın evində,
Ruhum soyudur artıq nəfəsimdən özünü.
Yollar uzanıb gedir,hicranın qollarına,
Gəl, birlikdə kor edək,ayrılığın gözünü.
Share: