Dul qadını sevən və qarşılıq almayan cavan

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Romanın süjeti: Əhvalat gənc yazıçının dilindən nəql olunur. Yaxın bir dostu ilə yolları ayrıldığı üçün özünü tənha hiss edən yazıçı həyatında dəyişiklik eləmək istəyir. O, Krit adasına, atasından qalma ərazidə, çoxdan bağlanmış şaxtanı yenidən açmaq üçün gedir. Yolda 60 yaşlarında bir kişi ilə tanış olur. Özünü Aleksis Zorba kimi təqdim edən kişi gənc adamdan ona iş verməyi xahiş edir. Rumıniyada doğulan Zorba aşpaz, şaxtaçı işləyə biləcəyini, hər cür iş bacardığını, sənturda (toxmaqla çalınan musiqi aləti) ifa edə bildiyini deyir. Onun ifadəli manerası, maraqlı danışığı gəncin diqqətini çəkir. O, Zorbanı işə götürməyi qərara alır.

Adaya çatanda onlar madam Qortenziyanın mehmanxanasına baş çəkirlər və onun sahib olduğu komalardan birində yaşayırlar. Madam Qortenziya qonaqlarla isnişir, özünün keçmişindən, kurtizan həyatından danışır. Zorba qadını əzizləyərək Bubilina (1821-ci ildə yunanların Osmanlı imperiyasından azad olmaq üçün başladıqları mübarizədə qəhrəmanlıq göstərən Laskarina Bubilina nəzərdə tutulur) adlandırır.

Ertəsi gün şaxta açılır. İş başlayır. Sosialist baxışlarına malik yazıçıya Zorba xəbərdarlıq edir ki, işçiləri ilə arasında məsafə saxlasın. “İnsan heyvandır. Əgər sən onlarla kobud olsan, qorxacaq və hörmət edəcəklər. Xeyirxah olsan gözlərini çıxaracaqlar”. Zorba özü isə bütün günü işləyir, yazıçı ilə müxtəlif mövzularda söhbət edir. Zorbanın həyat, ölüm, vətən, Tanrı və s. haqda maraqlı, özünəməxsus dərin fikirləri, həyat təcrübəsi gəncə təsir göstərir.

Yazıçının kənddə gənc və gözəl dul qadınla eşq macərası başlayır. Bu isə sərt əxlaq qaydaları olan kənd sakinləri tərəfindən çox pis qarşılanır. Dul qadını sevən bir kənd cavanının sevgisi cavabsız qaldığından o, intihar edir. Və onun atası dul qadını öldürür.

Hadisələrin sonrakı gedişatında Zorba ilə yazıçının yolları ayrılır. Buna baxmayaraq onlar tez-tez məktublaşırlar.

Finalda yazıçı sonradan Serbiyaya yerləşən Zorbanın ölüm xəbərini alır. Arvadı ərinin sənturunu ondan götürmək üçün Serbiyaya dəvət edir.

…1883-cü ildə doğulan Kazantzakis Afinada hüquq təhsili alıb, sonra isə Parisdə fəlsəfəni öyrənib. Yunanıstana qayıtdıqdan sonra fəlsəfi əsərləri tərcümə edib. Ayrı-ayrı illərdə dünyanın müxtəlif ölkələrində jurnalist kimi çalışıb.

1957-ci ildə vəfat edən yazıçının məzarında bu sözlər yazılıb: “Heç nəyə ümid etmirəm. Heç nədən qorxmuram. Mən azadam”.

Qeyd edim ki, Zorbanın prototipi Makedoniyadan olan şaxtaçı Yorgis Zorbadır (1867-1941). Çoban işləyən Zorba sonradan Yunanıstanın şimal-şərqində yerləşən Xalkidikiyə gedir. Burada şaxtaçı işləyir. Ustasının qızı ilə evlənir və 8 uşağı olur. Türklərlə müharibədə ailəsi ağır zərbələr alır, sonra həyat yoldaşı vəfat edir. 1915-ci ildə o, rahib olmağı qərara alır və Afona – Müqəddəs Dağa (Yunanıstanda yarımada) yola düşür. Və burada Kazantzakislə tanış olaraq dostlaşır. Yazıçı sonradan onun hekayətini qələmə alır.

Romanın əvvəlində Nikos Kazantsakisin Zorba haqqındakı fikirləri yer alır: “Həyatda ən etibarlı dayağım səyahətlərim və arzularım olub. Yaşayan və ölən insanlar arasında isə yalnız bir neçə nəfər olub ki, mənə axtarışlarımda kömək edib. Qəlbimdə dərin iz buraxan dördünü xüsusi qeyd edərdim: Homer, Berqson, Nitsşe və Zorba. Zorba mənə həyatı sevməyi və ölümdən qorxmamağı öyrətdi”.

Roman hind mistiki Oşoya əhəmiyyətli təsir göstərib. Oşo Zorba – Buddanı özünə ideal sayır. Onun bu idealı özündə Zorbaya məxsus cizgilərlə Buddanın mənəvi dünyasını birləşdirirdi. Oşo Zorbanın cəhənnəmdən qorxmamasını, cənnətə can atmamasını, həyatı bütün yaşaya bilməsini, həyatın xırdalıqlarından zövq ala biməsini dəyərləndirirdi.

1964-cü ildə yunan rejissoru Mixails Kakoyanis roman əsasında “Zorba” filmini çəkdi. Bu, rejissorun ən məşhur ekran işi sayılır.

Zorbanın monoloqları romanı dinamikləşdirir və ona xüsusi rəng qatır. Romanda olduğu kimi, filmdə də parlaq obraz Zorbadır və bütün əhvalat onun fəlsəfi, dərin fikirlərinin üstündə qurulub. Real hekayəyə əsaslanan bu əsər önəmli olan bir məqamı vurğulayır ki, intellektuallıq, bilgili olmaq heç də yaşamağa kömək eləmir, həyatı asanlaşdırmır. Və üstəlik, intellekt dərinlik anlamına gəlmir. Yığılan həyat təcrübəsi, onun insanın həyatında buraxdığı iz, baş vermiş dəyişikliklər və bütün bunlara fərdin necə bir baxış bucağından yanaşması önəmlidir.

İlk epizodlarda yüngül, bəsit, fırıldaqçı adam təəssüratı yaradan Zorbanın (Entoni Kuinn) yazıçı Bezillə (Alan Beyts) dialoqunda bir fikri, tamaşaçıda onun haqqında kəskin dönüş yaradır. Bezil onu işə götürəndə şərt kəsir: “Mən sizə pul ödyəcəyəm və siz sənturda ifa edəcəksiz”. Bunu eşidəndə Zorbanın üzü dəyişir: “İşdə tamamilə sizə tabeyəm. İfa edəndə və oxuyanda isə mən tamamilə özüməməxsus oluram. Mən azadlığı nəzərdə tuturam”.

Və onun müdrikliyi, çox vaxt insanların görmədiyi sadə həqiqətləri vurğulaması, ən adi şeyləri mənalandırması, ondan zövq alması tamaşaçıya da həyatına yenidən baxmağa, onu yenidən dəyərləndirməyə sövq edir.

Zorba ətalətin yox, fəaliyyətin tərəfdarıdır, çünki, onsuz da, qəbirdə bizi sükut gözləyir və onun düşüncəsinə görə insan çox ağıllı olanda azad ola bilmir.

Zorbanın haqqında danışmaq istəmədiyi dərin yaraları var. Müharibədə itirdiyi ailəsindən danışmaq onun üçün çətindir. Zorbanın rəqsi əhvalatın dramaturgiyasında xüsusi yer tutur. Onun ifasında, bu, sadəcə rəqs deyil, azadlığının ifadəsidir.

Filmdə daha bir maraqlı epizod, türklərlə müharibədə iştirak etmiş Zorbanın buna münasibətidir: “Mən ölkəm üçün çox şey etmişəm. Öldürmüşəm, kəndləri yandırmışam, qadınları zorlamışam. Niyə? Çünki onlar türk idi. Mən belə səfeh olmuşam”.

…Kritə yola düşəndə dənizin yırğaladığı gəmidə sərnişinlərin ləngər vurmasını musiqi sədaları altında verilməsi maraqlı, özünəməxsus rəqs təəssüratı yaradır. Real qadın, kişi portretləri, küçələr, sadə, qədimi evlər filmin koloritini artırır.

Əhvalatın yan xətlərindən biri Bezil ilə dul qadının (İren Papas) ilk görüşmə səhnəsini rejissor, sanki təsadüfi epizod kimi poetik-realist üslubda həll edib. Küləyin dalğalandırdığı döşəkağılarının arxasında qarapaltarlı zərif qadın görünür. Onun sərilən ağlar arasından oğrun gözləri yeni gələn qonağa dikilir. Dul qadında bütün kənd kişilərinin gözü olsa da, o, kimsəyə əhəmiyyət vermir. Bir epizodda, onu aşağılamaq üçün keçisini kənd kafesində gizlədən acgöz, həris kişi üzləri təmkinlə iri planda verilir və guya sərt əxlaq qaydalarına riayət edən bu kişilərin həqiqi mahiyyəti aydın görünür. Yalnız Zorbanın araya girməsi ilə qadın onların heyvani baxışlarından qurtulur.

"Zorba" - Ekranlaşdırılmış ədəbi əsərlər - Sevda Sultanovanın təqdimatında

Dul qadını sevən və ondan qarşılıq almayan kənd cavanı, onun Bezillə münasibətini biləndə intihar eləyir. Qadının yazıçıyla eşq macərasının, kənd kişilərinin oğlana xəbər verilməsi səhnəsi, sanki həbsdə işgəncəverilmə kimi təsvir olunur. Bundan sonra əllərinə bəhanə düşən kənd kişiləri dul qadını təhqir edir, sonda gəncin atası onu öldürür. Dul qadının gözəlliyinə həsəd aparan qadınlar isə onun təhqir olunmasından zövq alırlar. Və onlar üçün əlçatmaz olan bu gözəl qadını öldürməklə kənd əhlinin üzərindən ağır yük götürülür.

Ən təsirli epizodlarından biri madam Qortenziyanın (Lilya Kedrova) ölümüdür. O, kəndin adət-ənənələri ilə uymayan sərbəst həyatı sürür, rəngli, müasir tərzdə geyinir. Qortenziya öləndə qara geymiş kənd qadınları onun evinə doluşaraq əşyalarını, geyimlərini götürür və rəqs edirlər. Madamın meyitinin boş evin fonunda təsviri fanilik hissi aşılayır.

Zorbanın oynadığı rəqs Yunanıstanda məşhur olmayıb, bu filmdən sonra yayılıb. Entoni Kuinn ayağı sındığından, ssenaridə nəzərdə tutulduğu kimi rəqs zamanı tullana bilmir. Aktyor bu səhnə haqda deyir:

“Və mən rəqs edirdim. Ayağımı qaldıra və aşağı sala bilmirdim, ağrı dözülməz idi, amma başa düşdüm ki, onu diskomfort olmadan da sürüyə bilərəm. Ona görə addımlarımı qeyri-adi şəkildə sürüşdürən rəqsi fikirləşib tapdım. Mən ənənəvi yunan mahnılarında olduğu kimi, əllərimi uzadır və qumla yeriyirdim”.

Rejissor bu rəqsin necə alındığını soruşanda aktyor cavab verib ki, bu onun yerli sakinlərdən öyrəndiyi xalq rəqsidir. Beləliklə, Yunanıstanda populyar olan Sirtaki (mənası toxunma, təmas deməkdir) rəqsi belə yaranıb.

Amerika, İngiltərə və Yunanıstanın birgə istehsalı olan film üç Oskar mükafatına layiq görülüb: “ən yaxşı ikinci plan qadın roluna” (Lilya Kedrova), operator və quruluşçu rəssam işinə görə.

Share: