“Dublyajda “eşşək” sözünü də dəyişmək istəyirlər” – Müsahibə

Kulis.az Xəzər Media Mərkəzinin dublyaj şöbəsinin rejissoru və səs rejissoru Ülviyyə Heydərova ilə olan müsahibəni təqdim edir.

– Necə oldu ki, dublyaj sahəsinə gəldiniz?


– Yoldaşım Lider TV-də dublyaj sahəsində işləyirdi. Mənim də həmişə bu sahədə özümü sınamaq arzum var idi. Çox vaxt özümü cizgi filmlərinin səsləndirmələrində görürdüm. Ondan xahiş etdim ki, məni çalışdığı yerdə dublyaj sahəsinə yönəltsin. Razılaşdıq. Ora getdikdə səs duyumumun yaxşı olduğunu görüb səs rejissoru kimi onlarla işləməyimi istədilər. Beləliklə, səs rejissoru kimi fəaliyyətə başladım. O zaman dublyaj indikindən fərqli formatda idi.

2012-ci ildə Lider TV-də dublyajın fəaliyyəti dayandırıldığı üçün oradan ayrıldım. Bir sıra yerlərdə çalışdım və son dayanacağım Xəzər TV oldu. 2017-ci ildən Xəzər TV-nin nəzdində yaranan “Dalğa TV”nin dublyaj departamentində çalışıram. Burada imkanlar daha genişdir. İndi əvvəlkindən fərqli çalışırıq.

– Dublyaj işi indi asandı, yoxsa əvvəl daha asan idi?


– Əvvəl daha asan idi. İndi tələblər çoxdur.


– Dublyaj sahəsində pul var?


– Bu aktyorlarımızın da yaralı yeridir. Çox istərdik ki, onların qanorarları artırılsın. Artıq aktyorlar arasında belə bir tendensiya yaranıb. Onlardan işi incəliklə görməklərini tələb etdikdə deyirlər bizə verilən pula dəyməz. Bildirirəm ki, bir işə başlamışıqsa, tam görməliyik. Heç kimə maraqlı deyil biz əməyimizin qarşılığını alırıq, ya yox, hamını nəticə maraqlandırır. Ölkəmizdə bu sahəyə diqqət yoxdur.

Bir ara dublyaj sahəsinə diqqət yetirdilər. Mədəniyyət Nazirliyi ilə Teleradio Studiyası birlikdə seminarlar təşkil etmişdilər. Sevindik ki, artıq ölkəmizdə dublyaj sahəsinə maraq var, yeniliklər olacaq. O vaxtdan artıq iki il ötsə də,heç bir dəyişiklik, inkişaf yoxdur.


– Azərbaycanda dublyaj sahəsində hansı problemlər var?

– Problemlər bütün dövrlərdə olub. Özümüz onları aradan qaldırmağa çalışmışıq. İlk başda aktyorların qonorar problemi durur. Daha sonra tərcüməçi və redaktor problemi var. Nadir hallarda savadlı tərcüməçi tapmaq olur. Bəzən tərcüməçiliklə məşğul olan mərkəzlər bizə irad bildirirlər ki, düzgün tərcümə etməmisiniz.

– Etiraf edək ki, tərcümələr bəzən həqiqətən də gülməli alınır. Məsələn, “Atla gel, Şaban” filminin adı “Tullan gəl, Şaban” kimi verilir.


– Ola bilər. Kamal Sunalın filmləri artıq köhnə sayılır. Digər tərəfdən bu bizim tərcüməmiz deyil və başqa kanallara biz cavabdeh deyilik.


– Sizin buna münasibətiniz necədir?


– Əlbəttə ki, pisdir. Bir ara həqiqətən çox gülməli tərcümələr olurdu. Bu birbaşa tərcüməçinin tərcümə etdiyi dili bilməməsi ilə bağlıdır. Tərcüməçi hansı dildən tərcümə edirsə, o dili yaxşı bilməlidir. Tutaq ki, rus dilindən Azərbaycan dilinə tərcümə edirəm. O zaman hər iki dili yaxşı bilməliyəm.

Bir dostum macəra-komediya filmi olan “Ferdinand”ı rus dilindən dilimizə tərcümə etmişdi. Orada camış digər heyvan dostuna deyirdi ki, “Gedək ürəyim”. Dostuma dedim bunu dəyişək, yaxşı səslənmir. Razılaşmadı, filmdə belə olduğunu iddia etdi. Gedib o filmin rus dilində olan versiyasına baxdım. Orada deyilirdi ki, “samnoy tuşa”. Tuşa və duşa. “Duşa” ürək, “tuşa” cəmdək deməkdir. Rus dilini bilirəm deyən adam bunu tərcümə edib. Cəmdəyi ürək kimi qeyd edib. Onu başqa bir sinonimlə əvəz etmək olardı.

Başqa bir filmdə deyilir ki, mən arıqlayım rus maykalar geyinəcəyəm. Rus dilində həmin filmə baxanda isə görürəm ki, “uzkiy rubaşka” yəni dar mayka geyinəcəyəm deyilir.

“Uzki”ni dilimizə ruski kimi tərcümə edəndə filmin məğzi də dəyişir. Başqa bir misal çəkim, rus dilində hamilə qalmaq “zaletela” ifadəsi var. Danışıq dilində istifadə olunur. Uçmaq mənasını da verir. Tərcüməçi bunu başa düşmür. Həmin cümləni “Mən onunla ilk görüşdən sonra uçdum” şəkilinə salır. Hərçənd ki, burada “Mən onunla ilk görüşdən sonra hamilə qaldım” deyilib.

Düzdür, savadlı tərcüməçilər var. Amma onlar da film tərcüməçiləri deyil. Tərcüməçi olmaq asan, film tərcüməçisi olmaq isə çətindir.

– Dublyajla bağlı hansısa kursun yaradılmasına ehtiyac var?


– Bu mənim ən böyük arzumdur. Aktyorlar da deyirlər ki, dublajla bağlı kurslar olsa, tələbələri öyrədərik. Biz dublyajı özümüz öyrənib bu səviyyəyə çatdırmışıq. Görün məktəbimiz olsa idi, nələr edərdik. Sırf dublyaj səs rejissorlarını, aktyorlarını, tərcüməçilərini, redaktorlarını birləşdirəcək vahid bir mərkəz olsa, dublyaj sahəsi inanılmaz dərəcədə inkişaf edər. Kurslar yaradılsa, biz xaricdən dublaj məktəbinin professionallarından da ölkəmizə dəvət edərik.


– Ölkəmizdə peşəkar dublyaj ustalarından kimləri tanıyırsınız?


– Eldəniz Zeynalov və Ədalət Əliyevi. Onları dublyajın pionerləri kimi tanıyırıq. Amma yenə də Ədalət müəllimlə danışanda deyir ki, halal olsun, siz bizdən də irəliyə getmisiniz. Dublyaja ömrünü qoyan bir adamdan bunu eşitmək insana ləzzət edir.


– Son illər dublyaj sahəsində nələr dəyişib?


– İndi dublyajın orfeopiyasında da ciddi dəyişikliklər var. Əvvəllər aktyorlar səsləndirmədə daha çox kitab cümlələri işlədirdilər. İndi isə danışıq dilində səsləndirirlər. Bu arada böyük fərq və təbiilik yaradıb.


– Yerli kinoteatrlarda dublaj üçün xüsusi maliyyə ayrılır?


– Ayrılır. Amma mən ancaq televiziya dublajında çalışdığım üçün prosesdən o qədər də xəbərdar deyiləm.



– Ən çox hansı janrda və dildə olan filmlərin dublajı çətin olur?


– Bizim aktyorlar ingilis dilinə öyrəşib. Onlara asan gəlir. Rus dilində də rahat işləyirlər. Dil baxımından o qədər də çətinlik çəkmirlər. Monoton filmlər aktyorları yorur. Fantastik filmlərin dublajı isə asan olur.


“Türk dilindən niyə dublaj edirsiniz? Onsuzda hamı başa düşür də” – bəzən bunu deyən adamları bizim iş prosesinə dəvət etmək istəyirəm. Qoy gəlib özləri çətin məqamları görsünlər. Onların şivələri dəhşətdir. Elə bilirlər türk filmlərini çox işlətdikləri üçün bu dilə bələddirlər. Məsələn, “Babam ve oğlum” filmini dublaj edəndə orada istifadə olunan sözlər dəhşət idi. Hətta tərcüməçi belə bəzi sözləri dilimizə çevirə bilməmişdi. Bizə isə irad tuturlar ki, niyə türk dilindən dilimizə tərcümə edirsiniz? Türk dili öz dilimizdir. Elədirsə, gəlin o problemli sözləri tapın. Bizim dilimiz Azərbaycan dilidir. Bu, tərcümə mütləqdir.


– Kamal Sunalın filmləri bizim kanallarda veriləndə Şabandan başqa bütün obrazları bizim aktyorlar səsləndirmişdi.


– Çox gülünc mənzərə idi. Bunu ya tam saxlamalı, türk dilində verməli idilər, ya da bütün obrazları səsləndirməli idilər. Bizdə türk dilindən anonslar belə çox məzəli dublyaj olunur. Daha çox komediya filmlərinin dublyajı uğurlu alınır. Bayağı səslənmir.


– Siz olsanız, Şabanı səsləndirmək üçün hansı aktyoru seçərdiniz?


– Bu potensiala sahib aktyorlarımız var. Mahir Mirişli çox gözəl səsləndirib.


– Bizdə dublaj sahəsində aktyor problemi də var…

– Aktrisa Nəcibə Hüseynova ilə türklərin “Annem” filmini dublaj etmişdik. Orada Nəcibə xanım qızının xəstəlik xəbərini eşidən cəfakeş bir ananı səsləndirib. Nəcibə xanım o qədər gözəl obraza girmişdi ki, səsləndirmədə həqiqətən ağlamışdı. Hər aktyor bunu bacarmır. Aktyorların əksəriyyəti deyir ki, bu dublajdır, səhnə deyil, rola girək. Başa düşmürlər ki, səsləndirmə edəndə də səhnədəki kimi olmalısan. Özünü səhnədə hiss etməlisən. Rusların dublyajlarına fikir vermisiniz? Elə bilirsən ki, canlıdır. Aktyor səhnədədir. Bütün səs tembrları yerinə oturur.


Mən Lider TV -də işləyəndə İncəsənət Universitetinin gənc tələbə aktyorları 2-ci, 3-cü kursdan bizimlə işləyirdi. Müdiriyyət onlar üçün studiya ayırmışdı. İndi isə gənc aktyorlara şərait yaradılmır.


Uşaq səsini tapmaqla bağlı problemimiz olur. “The Lion King” filmini səsləndirəndə çox əziyyət çəkdik. Müdiriyyətdən xahiş etdim ki, məni tələsdirməyin, bir ay vaxt verin. Onların filmdə oxuduğu mahnını biz də oxutduraq. Bir-iki aktyorun övladları da gəldi onlarla işlədik. Cizgi filmlərində mahnı oxumaq səhnələrini dublaj etmək çətin olur.

– Dublyajda aktyor seçimi necə edilir?


– Dublyajın uğurlu alınması üçün aktyor seçimi vacibdir. Bizdə 20-30 aktyor var ki, bu sahədə profesionallaşıblar. Aktyor seçimində həssas olmaq lazımdır. Məsələn, bəzi aktyorlar həvəsli olsa da, səsləri yerinə oturmur, obrazlarla düz gəlmir. Onlara səslərinin üzərində çox işləməyi məsləhət görürük.

Bir filmə maxsimum 6 və ya 8 aktyor dəvət edə bilirik. Elə filmlər var ki, orada 30 obraz var. 8 aktyorla 30 obrazı səsləndirmək də çətindir. Tamaşaçı səslər arasında bir az oxşarlıq hiss edən kimi etiraz edir. Bir aktyor bəzən 4 fərqli səsi çıxarmalı olur.


– Bir aktyor elə bir obrazı səsləndirə bilməz?

– Normalda belə olmalıdır. Amma bu büdcəyə bağlı məsələdir. Elə olsa, biz dəvət etdiyimiz bütün aktyorlara qonorar yaza bilmərik.


– Qonorar aktyorun səsləndirdiyi mətnin ölçüsünə görə təyin olunur?


– Əvvəllər belə olub. İndi isə film sayı əsas götürülür. Bəzi kanallarda fərqlidir. Məsələn, baş rolu səsləndirən aktyora daha çox qonorar verilir. Bizdə isə eynidir.

– Filmlərdə müxtəlif söyüşlər səsləndirilsə də, əksər hallarda tərcümə eyni olur. Sizcə, bu doğrudur?


– Efir senzurası deyilən bir şey var. Buna əsasən bəzi sözləri efirdə vermək olmaz. İndi internet portalları kifayət qədərdir. Qobuda bir dublaj studiyası var. Rəhbəri Vahid Mustafayevdir. Orada bütün söyüşlər olduğu kimi tərcümə olunur. Bəzən şikayətlər də olur bununla bağlı. Amma normaldır. Bu, internetdir. İstəyən baxacaq, istəməyən yox. Efir mədəniyyəti isə buna yol vermir.

Düzdür davamlı olaraq “lənətə gəlsin”, “sən dəli olmusan?” ifadəsini eşitmək izləyiciyə gülünc gəlir. Amma bəzən adi “eşşək” sözünü belə dəyişmək istəyirlər. Bunun tərəfdarı deyiləm.

İradlarda haqlılıq var. Amma digər tərəfdən, küçədə söyüş eşidərkən buna görə dava salan birinin ailəsi ilə birlikdə TV izləyəndə söyüşlərin bu şəkildə tərcümə olunmasına irad tutmağa haqqı yoxdur.


– İndi hansı filmin dublyajı ilə məşğul olmusunuz?


– “Oyanış: Böyük Səlcuqlu” filmi üzərində çalışırıq. 10 nəfər aktyorun səsindən istifadə edirik. Yaxşı komandamız var. İzləyənlərdən müsbət rəylər alırıq.


– Son olaraq yerli dublyajı bəyənməyənlərə, bu sahə ilə maraqlananlara nə demək istərdiniz?


– Azərbaycanda yaxşı dublyaj yoxdur deməsinlər. Var. İşinə can qoyan adamların hesabına bu sahə daha da inkişaf edəcək. Dublyaj sahəsində yaşlı, uşaq, gənc, fərq etmir, bütün səslərə ehtiyac var. Vahid məktəb olmadığı üçün onları bir araya gətirə bilmirik. Əgər kiminsə həvəsi varsa, bacarığı olduğunu düşünürsə əl çəkməsin. İnanırıq ki, yaxın illərdə bu sahəyə diqqət göstəriləcək. Dublyaj sahəsindəki problemlər həllini tapacaq. O zamana kimi biz də səylərimizi davam etdirəcəyik.

Share: