Dubay Əmirliyindən oğurlanaraq Azərbaycana gətirilən ABŞ vətəndaşı, azyaşlı Ceylanın taleyi Azərbaycan məhkəməsində həll olunur.

Vəkil Abdulla Əfəndizadə: “Cavabdeh Davud Bağırov qəsdən Azərbaycan Ali Məhkəməsinin qərardadını icra etmir”

Azərbaycan Ali Məhkəməsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyindən oğurlanaraq Azərbaycana gətirilən ABŞ vətəndaşı, azyaşlı Ceylanın taleyi həll olunur. Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı olan Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir.

Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovla 2011-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 2 noyabr 2012-ci il təvəllüdlü qızları Ceyla Bağırova anadan olub. ABŞ-ın Nyu-York şəhərində doğulan C.Bağırovaya bu dövlətin vətəndaşlığı verilib. Sonradan ailədə problem yaranıb. Merim Beishekeyeva D.Bağırova qarşı 14 iyul 2015-ci ildə Dubay İbtidai Şəriət Məhkəməsinə “nikahın pozulması, azyaşlı Ceyla Davud qızı Bağırovanın anasının himayəsində qalması, alimentin tutulmasına” haqda iddia təqdim edib. Məhkəmənin gedişatı zamanı D.Bağırov polisə yalan, böhtan xarakterli məlumatlar verib. Həyat yoldaşının pozğun həyat tərzi yaşadığını, narkotiklərdən istifadə etdiyini, spirtli içki aludəçisi, fahişəliklə məşğul olduğunu bildirib. Dubay hüquq-mühafizə orqanlarının müvafiq araşdırmaları Davud Bağırovun öz keçmiş xanımı haqda həqiqətə uyğun olmayan məlumatlar verdiyini ortaya qoyub.

Hazırda Azərbaycan Ali Məhkəməsində D.Bağırovun Bakı Apelyasiya Məhkəməsinin qərardadından verdiyi kasasiya şikayətinə baxılır. İddiaçı 2016-cı ildə M.Beishekeyevaya qarşı  “nikahın pozulması və uşağın atanın yanında qalması” iddiası ilə Səbayel Rayon  Məhkəməsinə müraciət edib. Həmin iddiaya baxılarkən cavabdeh tərəfə bu haqda məlumat verilməyib. Eyni mahiyyətli iddia ilə Merim Beishekeyeva, qeyd etdiyimiz kimi, 2015-ci ildə Dubay Əmirliyinin 1-ci İnstansiya Məhkəməsinə müraciət edib. İş üzrə Davud Bağırov məhkəməyə cavabdeh qismində cəlb edilib. Hər 2 tərəf xarici vətəndaşlar olduğundan Dubay Məhkəməsi iddiaya ilkin baxış keçirilərkən onların iddiaya məhz Dubay Məhkəməsində baxılması haqda fikirləri dinlənilib. D.Bağırov ona qarşı olan iddiaya Dubay Məhkəməsində baxılmasına etiraz etməyib. Dubayda məhkəmə prosesi keçirildiyi zaman o, prosesin müvəqqəti dayandırılmasını xahiş edib. Dubay Məhkəməsi onun xahişini nəzərə alıb. Həmin müddətdə Bakıya gələn Bağırov burada gizlincə Səbayel Rayon Məhkəməsinə eyni məzmunlu iddia verib. İddia tez-tələsik hakim Nurəddin Bağırovun sədrliyi ilə 1 iclas keçirməklə qərar qəbul olunub. Qərar Davud Bağırovun maraqlarına uyğun olub.

Davud Bağırov ile ilgili görsel sonucu

Sonradan Dubaya qayıdan Davud Bağırov orada Merim Beishekeyevanın ona qarşı iddiası üzrə prosesə qatılıb. Lakin yenə də Dubay Məhkəməsinə Azərbaycanda gizlicə çıxarılan qərarla bağlı məlumat verməyib. Dubay Məhkəməsi M.Beishekeyevanın vəkillərinin səhlənkarlığı ucbatından iddiasını təmin etməyib. Dubay Apelyasiya Məhkəməsində isə onun iddiası təmin olunub. D.Bağırovun Dubay Ali Məhkəməsinə verdiyi şikayət təmin olunmayıb. Məhkəmə M.Beishekeyevanın xeyrinə qərarı qüvvədə saxlayıb. Azərbaycan Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Dubay Ali Məhkəməsinin qərarı tanınıb və icraya yönəlib. Bakı Apelyasiya Məhkəməsi hakim Raqib Qurbanovun sədrliyi ilə 21 noyabr 2017-ci il tarixdə Səbayel Rayon Məhkəməsində gizlicə çıxarılan qətnaməni ləğv edib, mülki işin icraatına xitam verib.

D.Bağırov hazırda həmin xitam qərarından şikayətçidir. M.Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə bildirir ki, qarşı tərəfin şikayəti əsassızdır: “Onlar Bakı Apelyasiya Məhkəməsində proses zamanı belə bir şikayət vermələri haqda hakimə məlumat verməyiblər. Gəlin həmin məhkəmə prosesinin protokollarını qaldıraq. Görəcəyik ki, yenə də yalan danışırlar, Azərbaycan Ali Məhkəməsinə doğru olmayan məlumatlar verirlər. Bu isə məhkəmənin aldadılması cəhdidir, ədalət mühakiməsinin azdırılmasına xidmət edir. Bu həm də Davud Bağırovun ilk yalanı deyil. Qırğızıstanda bir neçə ay bundan əvvəl hüquqlarını müdafiə etdiyim Merim Beishekeyevaya qarşı başlatmış olduğu şər, böhtan kampaniyası, nəhayət, Davud Bağırovun öz əleyhinə işləməyə başlayıb. Belə ki, Qırğızıstanda bir əxlaqsız qadın – Luiza Usupbek qızı Merim Beishekeyevaya qarşı hüquq-mühafizə orqanlarına şikayət vermişdi. Şikayətlə əlaqədar Qırğızıstan Respublikasının Baş Prokurorluğu və təhlükəsizlik xidmətinin apardıqları araşdırma zamanı məlum oldu ki, bu yalanın uydurulmasında polisin əməliyyat müvəkkili iştirak edib. Həmin əməliyyat müvəkkili işdən kənarlaşdırılaraq məsuliyyətə cəlb olunub. İşi aparmış müstəntiq barəsində araşdırma aparılır, iş materialları işi aparan istintaq şöbəsindən alınaraq başqa istintaq idarəsinə verilib. Luiza Usupbek qızının Merim Beishekeyevaya qarşı yalanla dolu şikayət verməsi üzə çıxandan sonra o və onu bu işə cəlb edən Davud Bağırovun yaxın tanışı Asel Mamırova Qırğızıstandan qaçaraq Türkiyəyə sığınıblar. Bu arada Davud Bağırovun Türkiyəyə getməsinin də bu məsələ ilə  əlaqədar olmasını ehtimal edirik. Ümumiyyətlə, Davud Bağırovun, onun nümayəndə və vəkillərinin, bacısı Cəmilə Bağırovanın qanunsuz hərəkətlərini prezident seçkisi öncəsi məhkəmə hakimiyyətinə, prezidentin çıxışlarına sayqısızlıq kimi qiymətləndirmək olar”.

A.Əfəndizadənin sözlərinə görə bu yalanlar haqda Ali Məhkəməni məlumatlandırıb: “Bir məlumatı da diqqətinizə çatdırardım ki, Davud Bağırov qəsdən Azərbaycan Ali Məhkəməsinin qərardadını icra etmir. Səbayel rayon İcra və Probasiya şöbəsi əməkdaşları onun mənzilinə gedib, Dubayda oğurlanaraq Türkiyə üzərindən Azərbaycana gətirilən uşağı tələb ediblər. D.Bağırovun bacısı Cəmilə Bağırova icra məmurlarına deyib ki, Davud Bağırov Ali Məhkəməyə şikayət verib”.

Abdulla Əfəndizadə qeyd edir ki, Bağırovun vəkilləri, bacısı Cəmilə Bağırova özlərinə arxayın şəkildə 5 aprel 2018-ci ildə Ali Məhkəmədə keçiriləcək məhkəmə iclasında qalib gələcəkləri ilə öyünürlər. Nümayəndə deyir ki, hər bir halda Ali Məhkəmədə iş üzrə ədalətli qərar çıxarılacağına inanır.

Nümayəndə qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi azyaşlı Ceylanın taleyi həll olunan məhkəmələri diqqətdə saxlayır. İş üzrə prosesdə səfirlik nümayəndəsi ilə təmsil olunur.

Share: