Aqşin YENİSEY
Son otuz il. Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri; Elon Maskın elektron poliqlot proqramlarını insan beyninə köçürməyə hazırlaşdığı bir dövrdə Azərbaycanda rus dilinin icbari tədrisinə ehtiyac varmı?
Hər dəfə ölkəmizə “kolxoz renessansı”dan miras qalan yerli və milli “davinçilərdən” biri bu mövzunu öz şifrəsi kimi gündəmə açıq elan edib gedir xəyali mavzoleyində çürüməyinin dalınca. Vitgenşteyndən sonra dil mövzusunun bir əsrə yaxındır fəlsəfənin problemi kimi müzakirə olunmasına baxmayaraq, bizim “intelligentxanada” hər dəfə “azsektor-russektor” səviyyəsində müzakirəyə çıxarılması nə qədər utancverici olsa da, günümüzün, tariximizin dolaşdığı “Qordi düyünü” reallığıdır.
Ey cahil kosmopolitlər!
Müstəmləkə ölkələrini mədəniyyət tələsinə salıb “dillərindən tutmaq” qədim strategiyadı. Hələ iki min il əvvəl romalılar sərhədlərini təhdid edən köçəri kelt mədəniyyətini nə qılıncla, nə də qız verib, qız almaqla yox etdilər. Sadəcə, dillərini dəyişdilər.
Təxminən, min il əvvəl fransızdilli normanlar İngiltərəni işğal edərək “qoca ada”da Norman aristokratiyasının hökmranlığını yaratmışdılar. Hakim elita fransız dilində danışdığı üçün İngiltərənin rəsmi dili fransız dili idi. Dini burjua isə latinca danışırdı. İngilis dili yalnız ucqarlara və kəndlərə sıxışdırılmış yoxsul ingilis kəndlilərinin ünsiyyət vasitəsi səviyyəsinə endirilmişdi. (Necə ki, ruslar bizim dili orden, medal verdikləri Xalq şair və yazıçılarımızın “köməyi” ilə məişətə sıxışdırdılar). XIV əsrdə “Qara ölüm” yayılanda şəhərlərdə yaşayan fransızdilli elitaya və latındilli dini təbəqəyə fiziki olaraq daha çox zərər yetirdi. Bir milyona yaxın aristokrat və din xadimi öldu. Kəndlərdə yaşayan sağlam ingilis xalqı isə sağ qaldı və artıb çoxaldı, eyni zamanda kəndli dili olan ingilis dilində danışanların sayı artdı. Nəhayət, ingilis dili öz xilaskarını yaratdı; Şekspir gəlib ana dilini fransız kəlmələrindən təmizlədi.
Daha sonra eyni strategiyanı ingilislər Cənub-Şərqi Asiya müstəmləkələrində, fransızlar Fas bölgəsində, ruslar Qafqaz və Orta Asiya ölkələrində tətbiq etdilər.
Əvvəlcədən qeyd edək ki, müstəmləkəçilik çox vaxt hərbi müdaxilə ilə gəlir, mədəni müdaxilə ilə qalır. Müstəmləkəçiliyin uzunömürlü olması üçün ən uğurlu metod işğala məruz qalanın milli kimliyini unutdurmaq, ya da dəyişdirməkdir. Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının.
Bizim “Dronqolet” müstəmləkə ziyalılarımızın əksinə, müstəmləkəçiliyin “ağ”adamların “qara” adamlar üzərində hakimiyyətindən başqa bir şey olmadığı deyən hindistanlı yazıçı Ania Loomba, “ingilislər gələnə kimi Tac-Mahal ayaqyolu idi” deyib öz ölkəsinin tarixini səbəb-nəticə əlaqələrinin təzahürü kimi deyil, ictimai-siyasi mənzərə kimi seyr edərək yenidən kraliçanın tumanının altında gizlənən Salman Rüşdidən fərqli olaraq “Kolonializm və Postkolonializm” kitabında milli və mədəni kimliyi bir-birindən ayırır. Loomba yazır ki, doğulduğu ölkə və mənsub olduğu soy-kök insanın milli kimliyini, inancı, zövq və dəyərləri onun mədəni kimliyini formalaşdırır. Milli kimlik sabitdir, mədəni kimlik isə tarixin gedişatına uyğun dəyişə bilər. Məsələn, ruslar X əsrə qədər milli və mədəni kimliyi eyni olan slavyan bütpərəstlər idilər. X əsrdə Bizans imperatoru ilə ittifaqa girmək üçün Knyaz Vladimir rus xalqını qamçılaya-qamçılaya mədəni kimliyi ortodoks xristianlığı ilə dəyişdi. Daha sonra həmin qamçını Böyük Pyotr əlinə aldı və rus mədəni kimliyinə Avropa elementlərini əlavə etdi. Yaxud ərəblər kəsib-doğrayıb farsların mədəni kimliyində Zərdüşti Məhəmmədlə əvəzlədilər və s.
Kosmopolitizm dediyimiz “milli simasızlıq” da milli kimliyin bütünlüklə mədəni kimliklə əvəz olunmasına yönəlik imperialist çağırışdır.
Tarixi məsuluyyəti dərk edən xalqlar, adətən, mədəni kimliklərini milli kimliklərinin xidmətçisi, keşikçisi, əsgəri kimi görürlər. Məsələn, Talas döyüşündən sonra islamın mənəvi gücünü görən türklər bu dini qəbul edib mədəni kimliklərinə çevirərək tarixin bütün qalan dövrlərində ondan qılıncın ruhu kimi yararlandılar. Yaxud bu gün də allahın ermənisi, gürcüsü harada olursa-olsunlar, hansı mədəni kimliyi daşıyırsa-daşısınlar milli kimliklərinə sadiqdirlər, onu mədəni kimliklərinə güzəştə getmirlər. Məsələn, bütün dünyanın daha çox arxadan tanıdığı Kim Qardaşyan özünün mədəni kimliyini milli kimliyinin yolunda, deyilənə görə, pornoulduz kimi işlədir. Biz belə deyilik; hətta öz ölkəmizdə də mədəni kimliyimizi milli kimliyimizdən uca tuturuq. Xaricdə böyüyən, yaşayan çox az azərbaycanlı var ki, milli kimliyini mədəni kimliyinə qurban verməsin. Hətta mənə elə gəlir ki, biz dünyəviliyi milli kimliyimizdən qurtuluş kimi başa düşürük. Şanapipik quşu kimi problemi hər yeri batıran dalımızda deyil, yuvamızda görürük. Bu, gizli və milli bir xəyanətdi. Azərbaycanlılarla ideoloji işə bu nöqtədən başlamaq lazımdır.
Ey cahil kosmopolitlər!
Sizin yerinizə də bütün Şərqin taleyini düşünən dünyaca məşhur intellektaul Eduard Səid “Orientalizm” (“Şərqşünaslıq”) kitabında yazır ki, ingilislər, fransızlar Şərq müstəmləkələrində ona görə yüksək təhsil verən ingilisdilli, fransızdilli məktəblər açırdılar ki, bu məktəblərdə yetişdirilən kadrlar məzun olduqdan sonra öz ölkələrinin müstəmləkə ömrünü uzatmaq üçün idarəetmədə onlara lazım olurdu. Onun dediklərini müstəmləkəçilərin qənimi Frans Fanon da başı ilə təsdiqləyir kitablarında. Yəni Qərb imperializmi hər çalınan tütəyə oynayan Şərq ilanını Seyid Əhmədin öz əli ilə tutmaq istəyirdi.
Daha bir məşhur yazıçı Milan Kundera rus mədəniyyətinin təsirindən duyduğu əndişəni Kazmir Brandsın sözləri ilə belə təsvir edir: “Rusiyanın taleyi bizim üçün yaddır, biz buna cavabdeh deyilik. O, bizi əzir, iztirab verir, bizim taleyimiz başqadır. Bunu rus ədəbiyyatı barədə də deyə bilərəm. O, məni qorxudur. Hətta indi Qoqolun bəzi əsərləri, Saltıkov-Şedrinin bütün qələmə aldıqları məni sarsıdır, lərzəyə salır. Düzünə qalsa, onların dünyasını tanımaq, hətta onların varlığını belə duymaq istəməzdim”. Kundera bunun səbəbini çex yazıcısı Karel Qavliçekin sözləri ilə belə izah edir: “Ruslar özlərinə aid hər şeyi slavyan adlandırırlar ki, sonradan slavyanlara aid olan hər şeyi də rus adlandırsınlar”. Bizim kosmopolit “Dronqolet”lər isə müstəmləkə dəllalılığı edirlər. Ümumiyyətlə, bu gün rus dilinın intellektual potensialı hansı inkişaf etmiş Avropa, Asiya xalqının dili ilə müqayisə oluna bilər? Hararinin sözləri ilə desək, yaxın gələcəkdə insanı “homo deus”a çevirəcək layihələrin hansı birində rus dilində bir kəlmə keçir? Bu gün dünyanın elm istehsal edən universitetlərinin arasında hansı Rusiya universitetinin adı var? Son otuz ildə Azərbaycan elmi, hərbi, tibbi ehtiyaclarını hansı dildə yetişən peşəkarlarla ödəyir? Hansı perspektivinə görə rus dili Azərbaycanda, məsələn, Çin, yapon dilindən daha geniş səviyyədə öyrədilməlidir, həm də dövlət büdcəsi hesabına?
Bu gün Anadolu türkləri Osmanlıcadan hansı dünya səviyyəsini öyrənə bilərlərsə, biz də rus dilində o səviyyəni yaxalaya bilərik. Yəni rusdilli azərbaycanlı ancaq rus dilini bilməyən öz həmkəndlisindən üstün ola bilər, bir ingilisdən, bir almandan, bir yapondan yox. Hədəfimiz yenə də fağır Novruzəlini rus dilini bilmədiyi üçün pərt etməkdirsə, ölüm olsun belə hədəfə!
Bu gün hər kəs Azərbaycanda tərcümə məktəbinin zəifliyindən şikayətlənir; peşəkar tərcümələr və tərcüməçilər barmaqla sayılacaq qədər azdır. Ümumiyyətlə, Azərbaycanda bu işə başdansovdu bir yanaşma var.
Nə üçün bir azərbaycanlı anlayışlar mühitinə ayaq basmaq üçün rus dilinin qapısını döyməlidir? Əgər Azərbaycan vətəndaşı ikinci bir dil bilmirsə (karyerə amaclı dil öyrənmək tamamilə şəxsi məsələdir və burada müzakirə olunmur), düşüncənin nitq, sözlər mərhələsində ilişib qalır və Cəfər Cabbarlıdan sonra yaranan Azərbaycan ədəbiyyatının, demək olar ki, bütün nüsxələri dilin deyil, nitqin, yəni şifahi düşüncənin imkanları hesabına yaradılıb.
Bunun səbəbi müstəmləkəçilik illərində bütün elm-nəzəri, fəlsəfi ədəbiyyatın mütləq şəkildə rus dilindən tədris olunmasıdır ki, bu dili də nə müəllimlər düz-əməlli anlayıb, nə də tələbələr. Dindarlarımız ərəbcədən Quranı nə qədər mənimsəyə biliblərsə, elm adamlarımız da elmi ruscadan o qədər mənimsəyiblər. Cənubdan gələn hədələr Quranın tərcüməsinə icazə və imkan vermədiyi kimi, şimaldan gələn göstərişlər də elmi ədəbiyyatı tərcümə etməyə icazə və imkan verməyib. Nəticədə, bütöv bir xalq yaşadığı dünyanı yalnız sözlərlə ifadə və izah edə bilib, onun nəhəngliyinə açılan anlayışların qapısının açarı həmişə rus dilinin əlində olub. Və bu illər ərzində heç bir “Dronqolet”in hünəri çatmayıb ki, imperiya qarşısında bu məsələni qaldırsın, hamısı öz xarabamızda bədbəxt Novruzəlini qapazlayıblar, o vaxt da, indi də…
Anlayışlardan məhrum edilən dilin nə günə düşdüyünə aid başqa bir nümunə çəkək ki, bəzi əyri ağızlar göyçəkləşməsin; X-XI əsrlərdə türkcədə on minə, farscada iki yüz minə yaxın söz olduğu halda, ərəbcə “Əl-Mühkem ve-l-Muhittiu-l – Azam” lüğəti 26 cild idi. XVIII əsrdən başlayaraq ərəb dünyasının Avropalılar tərəfindən müstəmləkələşdirilməsi və ərəb dilinin təhsil-tədris prosesindən uzaqlaşdırılması bu dili Quran oxumaqdan başqa bir işə yaramayacaq hala saldı. Bu gün ərəb dili lüğəti, sadəcə, söz qəbiristanlığıdır.
Tərcümə mətnlərinin yerini rus dilinin işğal etməsi Azərbaycanda ədəbiyyat, sənət aləmini də qısırlaşdırıb. Sovet hökuməti Azərbaycan büdcəsini tərcümə məktəbinin formalaşmasına deyil, rus dilinin kütləvi tədrisinə xərcləməyi, hətta adda-budda tərcümə olunan əsərlərin də orijinaldan deyil, rus dilindən tərcüməsini önərdiyi üçün dünyanın Azərbaycan türkcəsindəki şəkli və dərki bu qədər pinti, primitiv, qarmaqarışıq bir görkəm alıb. Düşünmək doğru deyil ki, Azərbaycanda sovet hökuməti qurulanda poliqlotlar olmayıb. Klassik cümhuriyyətçilərin çoxu xarici dil bilirdi.
Müstəqillik illərinin ən uğurlu layihələrindən olan “150 cildlik Dünya Ədəbiyyatı” seriyasında (öz əlimiz öz başımız olanda demək ki, özümüz də iş görə bilirik) redaktorluq etdiyim vaxtlarda qəribə bir mənzərə ilə qarşılaşmışdım. Bu seriyada, təxminən, 20-30 kitab nisbətən yaxşı tərcümələr olduğu üçün sovetlər dövründəki rus dilindən tərcümələrdən seçilmişdi. Qəribə olan bu idi ki, bu 20-30 kitabı, sanki, eyni adam tərcümə etmişdi, sanki, dünyanın müxtəlif xalqlarına, mədəniyyətlərinə aid olan bu 20-30 müəllif hamısı eyni dildə, eyni üslubda əsər yazmışdılar. Əcəba, Mark Tvenlə Viktor Hüqo əsərlərini eyni otaqdamı qələmə almışdılar ki, üslubları, təhkiyyələri bu qədər oxşar idi? Ola bilməzdi axı Şekspirin sonetləri Blokun şeirləri ilə bu qədər metaforik qohum olsun? “Don Kixot”la “Hacı Murad” niyə eyni bədii üslubu bölüşürdülər, niyə eyni tərzdə danışırdılar? Bir-birilərindən bu qədər uzaq ikən onları bu qədər bir-birinin tayı, oxşarı edən nə idi?
Əlbəttə ki, bütün mətnlərin eyni dildən, rus dilindən və yəhudilərin “10 əmr” daş kitabələrindən daha sərt qadağaların yer aldığı ədəbi lüğətə əsasən tərcümə olunması. Dünyanın bədii dil, fəlsəfi düşüncə spektrini yalnız bir dilin, bir düşüncənin rəngindən mənimsəməklə azərbaycanlı oxucular dünya mədəniyyətini qurbağa kimi bir rəngdə görüblər həmişə. Dünya ədəbiyyatında “hansı səmtə, hansı yana” baxsalar da eyni rəngin olduğuna inanıblar. Onlara həmişə elə gəlib ki, bütün dünya ruslar kimi düşünür, ruslar kimi yazır, ruslar kimi yaşayır. Rus dilinin tərcümə məktəbimizin yerini işğal etməsi dilimizi dünya dilləri ilə birbaşa ünsiyyətdən yayındırıb; özümüz kimi dilimiz də təklənib, özü deyib, özü eşidib. Ruslar orijinalın ətini yeyib, sümüyünü bizə tullayıblar. Dilimizin müasirlik, elmilik, özü-özünü yeniləyə bilmə baxımından, məsələn, Anadolu türkcəsindən geri qalmasının səbəbi siyasi məhbusluğudur, coğrafi tənhalığıdır, orijinal dillərdən bilərəkdən uzaq saxlanılmasıdır. Yazıçılarımızın, publisistlərimizin yaradıcılığını qoyuram bir qırağa, sıravi azərbaycanlıların da bu gün orijinal olmağa can atmaması, bir-birilərini yamsılaması, bir-birilərinə oxşamaq həvəsi bu düşüncə eyniliyi ilə, dünyanın monoton və ikinci əldən dərki ilə bağlıdır. Etiraf edək ki, rusdilli insanlarımız süni şəkildə yaradılmış bu milli bozluğa, monotonluğa bir balaca rəng qatırlar. Yəni bu nəhəng dil bizim həyatımızda kosmetik rol oynayır. Fars dilinin cənubdan gələn azərbaycanlıların düşüncəsindəki payı nə qədərdirsə, rus dilinin də bizim düşüncəmizdəki payı o qədərdir. Sadəcə, hərdən ölkədən kənara çıxmaq lazımdır bunu görmək, hiss etmək üçün. Əgər mədəniyyətimizin üzünə yaxdığı bu “rus dili” kosmetikasını yuyub-təmizləsək altından kifir, tüklü-müklü sifətimiz çıxacaq. Bu dili elitamız milli eybəcərliyimizi gözəlləşdirmək üçün deyil, ört-basdır etmək üçün kullanıb. Polad Bülbüloğlunun ruscasını Rusiyada badımcan satan üç milyon azərbaycanlının kirli ləhcəsinə, çirkli üst-başına yaxmışıq ki, cəhənnəm, heç olmasa, çöldən baxanda bir az səliqəli görünək.
Hər birimizin qohumları, dostları arasında uşaqlarını rus bölməsinə qoyanlar var. İnsanlarımızın rus dili qarşısında öz dillərinin gödək olmasını anlamaq üçün xüsusi biliyə ehtiyac yoxdur.
Bunun iki səbəbi var; birincisi, Eduard Səidin də yazdığı kimi, müstəmləkə siyasətində belə bir ənənə var ki, işğalçının dilində danışanlar, öz milli kimliyini daha tez işğalçının mədəni kimliyi ilə dəyişənlər həmişə öz ölkələrinin ən yaxşı yaşayanları olurlar. Ən yüksək vəzifələrə onları təyin edirlər, ən yaxşı mənzilləri onların almaq imkanı olur, ən yaxşı qoyunu onlar yeyirlər və s.
Bu, mədəniyyətlə deyil, siyasətlə bağlı bir məsələdir. Mədəniyyətlə bağlı məsələ olsaydı, bu gün ölkədə müstəmləkə şüurunun daşıyıcısı olan bu qədər ali təhsilli rüşvətxor, haramzadə olmazdı; vaxtilə rus dili vasitəsilə dünya mədəniyyətinə bələd olan elit təbəqəyə mənsub bir insanımız çıxıb rüşvət almamaq üçün özünü vurardı, məsələn.
Dili beyinlə deyil, qarınla bağlayan bu işğal ənənəsi Hindistanda da vardı, Əlcəzairdə də, Türkmənstanda da.
İkinci və daha faciəvi səbəb bu məsələdə valideynlərimizin bizdən gizlədiyi milli və müdhiş bir sifətimizin varlığıdır. Biz uşaqlarımızı rus bölmələrinə savad alsınlar deyə qoymuruq, mədəni olsunlar deyə qoyuruq. Ailələrimiz özləri də özlərinin mədəni bir yuva olduqlarına inanmırlar. Atalarımız, analarımız uşaqlarının özlərinə bənzəməsini istəmirlər, çünki özlərini hamıdan yaxşı tanıyırlar. Hər birimizin evində ailə tərbiyəsini təhdid edən göbəyiaçıq bir dayı var. Uşaqlarımızı rus bölməsinə ona görə qoyuruq ki, bizə, atalarımıza, analarımıza oxşamasınlar. Dayılarının, əmilərinin, bibi və xalalarının tayı olmasınlar. Onlar da rus dilində böyüyürlər və kimlərə lazımdır onlara da oxşayırlar. Ermənidən, gürcüdən, Anadolu türkündən fərqimiz odur ki, bizdə “Oxşayıb oxşamışlarına” deyimi milli qüruru deyil, milli zırramalağı ifadə edən aşağılamadı.
Biz uşağı rus bölməsində oxutmaqla bu milli zırramalığı müalicə edə bilməyəcəyik. Girin internetdə baxın, əlində yay-ox, əynində əməköməci tursik ingilis dilini tum kimi çırtlayan bütöv xalqlar var Afrikada.
Mən bu yazını bitirərkən saytların birində Qırğızıstanda Rusiyaya birləşmək haqqında müzakirələrin getdiyi xəbərini oxudum. Qırğızıstanın Rusiyadakı keçmiş səfirinin dilindən təklif kimi yayılan bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə vaxtım olmasa da, səksəkəyə qapıldım:
Bir gün o “dronqolet”dən biri bizdə də belə bir təklif irəli sürsə…