Dolayaram dikdabanıma dünyanı, Çiynim üstdən arxaya ataram… -Şəlalə Adilqızı

 

***
Gözlərimə mil çəkərəm;
Əksin görən olmasın…
Dilimdə tikan əkərəm;
Adını bilən olmasın…
…Külli-aləm nakam qalsın
Sevgimiz boyda sirdən…
Sus!
Sən də pıçıldama eşqimizi dənizə…
Büküb-bürmələyib əmanət etmişəm
Eşqimizi ömür düyünçəmizə…
Sus!
Adını dilimdən,
əksini gözlərimdən,
səni ürəyimdən oğurlayan
pisniyyət fələk oyanar birdən…

 

***
Gedişin də möhtəşəmdi ürəyimdə;
Gedən sənsən…
Tufan qopur gözlərimdə;
Gedən sənsən…
İstəmirəm, söyləmə də
Gedişinin səbəbini…
Sus!
Səmtini də göstərmə mənə
Gedəcəyin uzaq yerin…
Tüpürərəm
Hər kəsə, hər şeyə;
Mən də gedərəm səninlə.
Gedərəm…
“Sənsiz yaşamaram!” sözümə
Sahib çıxaram!
Dolayaram dikdabanıma dünyanı,
Çiynim üstdən arxaya ataram…
Və…
Və harda olsan,
Gəlib səni taparam!

 

***
Böyüyürdüm…
Dinləyirdim
Həyatdan bəhs edən nağılları…
Düşürdü deyirlər “üç almalar”;
Doyurmurdu həyata dair xəyalları…
Sonra öyrənməyə başladım
Sevməyi, sevinməyi,
Gülümsəməyi, qəmlənməyi,
Və yağışda rəqs etməyi,
Və ovcumdakı damlaya bir dua pıçıldayıb
Gül kökünə göndərməyi…
Bir səhər günəşdən öncə oyandım,
Ovcuma göndərdi saçaqlarını…
Yapışdım saçağından günəşin
Qaçdım yaşıllığın ətrinə sarı…
Bir simitlə mən də doydum, göyərçinlər də…
Bir udumluq sevinc oldu pambıq şəkəri…
Öyrəndim həyata dair hər şeyi;
Kiçik, saysız xoşbəxtlikləri…

 

***
Adına şəhadət gətirdim,
Rəsminə tapındım sənin…
Bir ağac əkdim adına,
Bir arzu kəsdim qurbanlığına…
Belə sevdim səni, əzizim;
Belə aldandım sənə…
Üzgünəm…
Günahkaram,
Bidətçiyəm, bilirəm…
Səni gözəl sevdiyim üçün
Allah babadan üzr istəyirəm…

***
Oxuduğum bir kitabdaydı,
ya da baxdığım bir filmdə;
sənə baxmaq ibadət imiş eşqə…
…Çiyninə baş söykəmək dua,
Dərdindən gülməmək oruc tutmaqmış…
Bunları öyrəndim…
Ağlımın yetmədiyi,
əlimin çatmadığı bircə sirr var:
bu qədər mavi,
bu qədər azad,
bu qədər əngin olmağı
necə bacardın axı?
Bir də…
Niyə filmlər və kitablar
Sənə mənə danışmır?
Demirlər: bir dəli sənsiz darıxır?!

Müəllif: Şəlalə Adilqızı.

Share: