Dili silahlı aktyor: ƏLİ SALAHLI – Hafiz Mirzə yazır…

Dili silahlı aktyor: ƏLİ SALAHLI – Hafiz Mirzə yazır…

 

Lənkəran Dövlət Dram Teatrı təkcə Lənkəran üçün deyil, yarandığı uzaq 1973-cü ildən bütövlükdə bölgə üçün sənət və yaradıcılıq məbədi rolunu oynamaqdadır. Onu bölgənin əsas mədəniyyət hadisəsi hesab edənlər də yanılmır. Ötən 53 il ərzində və binası əvvəlcə Rayon Mədəniyyət Evi olduğu səbəbindən burada təkcə teatr tamaşaları oynanılmamış, bura rayonun ən mühüm mədəni-kütləvi tədbirlərə, konsertlərə, festivallara, qastrol tamaşaları və ümumxalq bayramlarına ev sahibliyi etmişdir. Buna görə onu həm də ziyalılar mərkəzi hesab edə bilərik. Həm onun tamaşalarına baxaraq, həm də burada keçirilən mədəni tədbirlərin iştirakçısı olaraq çox şəxsiyyətlər yetişmiş, formalaşmış, Lənkəranın ziyalılıq simasını zənginləşdirmişdir. Bu işdə teatrın gəlib-getmiş rejissorlarının, aktyorlarının, rəssamlarının, yardımçı heyət üzvlərinin mühüm rolu olmuşdur. Və bu missiya hələ də davam etməkdədir. Məbud İsmayılzadə, Oruc Qurbanov, Baba Rzayev, Nazir Əliyev, Təvəkkül Əliyev, Adil Zeynalov, Əli Salahlı kimi mərhum rejissor və aktyorların rolu xüsusi qeyd olunmalıdır. Xüsusən mərhum aktyor Əli Salahlı harada olmasından asılı olmayaraq, hər zaman özünü Lənkəran ziyalısı kimi aparır və özünü daim səhnədə və daim tamaşaçı qarşısında hiss edirdi. Onun üçün səhnədə aktyor rolu bitdikdən sonra cəmiyyətdə ziyalı missiyası başlanırdı. Və o, teatr səhnəsindən kənarda özü özünü oynayırdı: dili silah olan, islah edən Əli Salahlını. Özü bir şəxsiyyət və nümunəvi ziyalı idi. O bütün ictimai –siyasi hadisələrin mərkəzində görünürdü. Harada milli-azadlıq motivli bir gizli və ya açıq tədbir var idisə, Əli Salahlı orada idi. Onun yüksək pafosla söylədiyi Vətənpərvərlik və milli ruhlu şeirlər sanki güllə kimi açılır, bomba kimi partlayırdı. Milli-azadlıq hərəkatının ən çətin məqamlarında da onun silahı onun dili, səsi, söylədiyi şeirlər idi. Hətta şairlər öz şeirlərini onun ifasında tamam yeni bir şeir kimi maraqla və heyrqanlıqla dinləyirdilər. Kimsə elə bu səbəbdən ona “Dili silahlı” ləğəbini qoymuşdu. İmperiyanın represiya, həbs və sürgün gücü öz sonunu hiss etdiyi üçün daha azğın səviyyəyə yüksəlmişdi. Bu səbəbdən kiminsə dilinin silah olması barədə donos çox acınacaqlı nəticə ilə sonlana bilərdi. Ona görə də guya bu ləğəbin səhnədə çox məharətlə ifa etdiyi silahlı adam roluna görə və “Əli Silahlı” olaraq verildiyi barədə qondarma əhvalat da uydurul¬muşdu. Kim idi Əli Salahlı və ya Əli Silahlı,..Dili Silahlı adam?
Xatırlayaq və ölümündən artıq 21 il ötdüyü üçün həm də yeni nəslə tanıdaq.
Əli Məmməd oğlu Salayev (Əli Salahlı) 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuşdu. Bakı Mədəni-Maarif Texnikumunu, sonra M.A. Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunun mədəni-maarif fakultəsini bitirmişdi. 1970-73-cü illərdə o əvvəlcə Lənkəran Mədəniyyət şöbəsində metod kabinetin müdiri, eyni zamanda Hüseyn Ərəblinski adına Lənkəran Xalq Teatrında rejissor və aktyor kimi fəaliyyət göstərirdi. Rayonun əksər bayram və dövlət tədbirlərində aparıcı kimi çıxış edir, bədii qiraət ustası olaraq gözəl şeirlər söyləyirdi. 1973-cü ildə Lənkəranda Dövlət Dram Teatrı bərpa olunduqda o, N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına müsabiqədən kənar, birbaşa peşəkar aktyor olaraq işə qəbul olundu. Öz yaradıcılığına dəqiq bir liman axtaran sənətkar özünü büsbütün bu teatrda tapdı və teatrsevərlərə ciddi, dramatik rollar ifaçısı kimi təqdim elədi. Teatrda çalışdığı qısa ömür ərzində Əli Salahlı yüzə yaxın obraz yaratdı. O, gur və geniş diapazonlu səsə, ifadəli mimika, jest və plastikaya malik aktyor idi. Yaratdığı rollar bir-birindən fərqli və maraqlı alınırdı. O, dramatik, komik, lirik-romantik boyaları öz ifasında məharətlə birləşdirməyi bacaran, obrazları təbii yaradan aktyor kimi səhnəyə öz damğasını vururdu. Əli Salahlının yaradıcılığı çoxşaxəli idi. Rəssam kimi teatrda beş pyesə tərtibat vermis, bir neçə əsərin rejissorluğunu etmişdi. Əli Salahlı qeyri-adi dərəcədə mükəmməl yaddaşa malik aktyor kimi təqdir olunurdu. O, böyük bir poemanı qısa vaxt ərzində əzbərləyə və onu doğru-düzgün avazla, vurğu və ahənglə büsbütün söyləyə bilirdi. Həm klassik, həm də müasir şairlərin poeziyasından nümunələri onun kimi əzbərdən və gözəl ifa edə bilən çox az aktyor tapmaq olardı. El şənliklərində onun aparıcılığı və bədii qiraət məharəti çox yüksək qiymət¬lən¬dirilirdi. O eyni zamanda ziyalı toylarının tamadası kimi ad çıxartmışdı. Yazılmamış bir qayda yaranmışdı: ziyalı toyu idisə məclisi ya büsbütün Əli Salahlı aparmalı idi, ya da o hökmən bu məclisə (toya) şeir söyləməyə dəvət olunmalı idi. Lənkəranın ailə mərasimlərinə – toylara Bakıdan da tanınmış bədii qiraət ustaları, tamadalar, aktyorlar dəvət olunardı. Yerli tamaşaçılar bunu görəndə qısqanır və gedib Əli Salahlını təcili olaraq o məclisə gətirirdilər. Əli bəy Məmməd Arazın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Vaqif Hüseynovun, Şəkər Aslanın şeirlərini böyük ustalıqla, obrazlı şəkildə elə gözəl ifa edirdi ki, dəvət edilmiş aktyor və ya bədii qiraət ustası yaddan çıxırdı. Onun ucbatında məşhur tamadalar və bədii qiraət ustaları daha Lənkərana gəlmirdilər.
M.Hüseynin “Alov”, S.Vurğunun “Vaqif”, Ş.Qurbanovun “Sənsiz”, A.Haqverdiyevin “Bəxt¬siz cavan”, H.B.Vəzirovun “Hacı Qəmbər”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, M.İbrahimovun “Kəndçi qızı”, S.Səxavətin “Büst” və digər tamaşalarda Əli Salahlı baş rolun ifaçısı kimi uğurlu obrazlar yaratmışdı.
28 oktyabr 2000-ci ildə Əli Salahlıya “Azərbaycan Respublikasının Əməkdar artist” fəxri adı verildi. Bu onun yaradıcılığına verilmiş çox böyük qiymət, həyatının çox mühüm hadisəsi idi. Deyilənlərə görə bu barədə rəsmi xəbər oxunan axşam aktyor şəhərin “Ləvəngi” nahiyyəsində Polis tərəfindən saxlanılmışdı. Havalı kimi harasa gedən, sevinc içərisində monoloq söyləyən bu sərxoş adam şübhəli və təhlükəli şəxs hesab edilmişdi. Amma o məhz xoşbəxtlikdən sərxoş olmuşdu. Fəxri ad artıq sənət arixinə rəsmən düşmək demək idi! Kimsə onu tanımış və “O aktyordur!” demişdi. Buna inanmamışdılar. Onda “Ləvəngi”də mini estrada qurulmuş və Əli Salahlı bir saata yaxın şeir və monoloq söyləmişdi. Bundan sonra onun fəxri adı ilk olaraq elə oradaca “yuyulmuşdu”!
Bu hadisənin bir başqa cür olduğunu iddia edənlər də var. Hətta bu yazıya “Polis bölməsində gecələyən əməkdar artist” adını vermək və mövzunun əsas qayəsini dəyişmək istəyirdim. Xatırlayanda ki, Əli bəy çox ciddi adam idi və şounu sevmirdi, ona görə bunu bir haşiyə halına endirdim.
Əli Salahlı həm teatr səhnəsində, həm də Lənkəranda keçirilən Novruz şənliklərində heç vaxt kiçik, epizodik və arxa planda qalan və ya mənfi qəhrəman sayılan rollar qəbul etmirdi. Hər il Novruz şənliyində məhz Dədə Qorqud obrazı ilə xalqın qarşısına çıxardı. Məhz o, Dədə Qorqud duaları ilə milli yeni il gününü müjdələyərdi. Bir sıra televiziya filmlərinə dəvət almış, bir neçə kino-filmə çəkilmişdi. Xüsusən 2003-cü ildə “Durnalar qayıtdı” filmində yadda qalan obraz yaratmışdı.
Görkəmli aktyor, fəal ictimai xadim və nurlu ziyalı Əli Məmməd oğlu Salahlı 24 aprel 2005-ci ildə, 59 yaşında ikən səhnədə qəflətən ürək tutması ilə vəfat etdi.
Yaratdığı və yaradacağı onlarca obraz onsuz yetim qaldı.
2026-cı ildə görkəmli aktyor Əli Salahlının – dili silahlı adamın 80 yaşı tamam olur.
Xatirə gecəsinə onun yaratmış olduğu obrazlar və milli –azadlıq mücadiləsində mübariz ruhumuzun formalaşmasında mühüm rol oynamış şeirlər və misralar gələcək. Belə sərvəti olan sənətkar əbədiyyətə məhkumdur!
Allah rəhmət eləsin!

Hafiz MİRZƏ

Share: