DİALİZ – Təranə MUSAYEVAnın yeni hekayəsi

Doğmaların, dostların qulağından uzaq, neçə gün idi ki bədənimin sol küncündə yerləşən yumruq boyda orqan sanki varlığını bir daha sübut etmək üçün vurnuxur, çırpınır, yerindən qopacaq həddə gəlirdi ki, son günlər dözə bilməyib şəhərimin ən müasir tibb mərkəzlərindən birinə müraciət etdim.

Düzü bütün dərdlərimin dərmanı olan gözə bir həkimim – Qalib həkimim var ki, ayaq barmağımın ucundan başımdakı ən yüksək nöqtədə bitən telimə qədər hansı orqanım nadinclik etsə ona müraciət edir, onunla məsləhətləşirəm. Bu halda düzü “həkim” sözü bir az yavan qaldı. Gərək  belə bir mütəxəssisə “loğman” deyəm. Əlqərəz, bu dəfə həkim-loğmanım şəhər kənarında olduğundan başqa həkimə getməli oldum.

Son illər ölkədə gedən mədəni quruculuq işləri tibb mərkəzlərində də özünü göstərir. Eiraf etmək lazımdır ki, bəlkə bu sahədəki irəliləyiş-geniş, gözoxşayan, müasir standartları belə geridə qoyan xəstəxana binaları insanın əhval-ruhiyyəsinə siyarət edir, xəstəliyini unutdurur.

Dördüncü mərtəbədəki Kordiologiya şöbəsinə qalxmaq üçün liftin qarşısına gəlib 4 rəqəmi yazılmış düyməyə şəhadət barmağımı toxundurmaq istəyəndə tibb qardaşlardan biri yaxınlaşıb:

– Bu lift xəstəxananın həkimləri üçün nəzərdə tutulub, siz bu liftdən istifadə edə bilməzsiniz – dedi.

– Bəs mən dördüncü mərtəbəyə necə qalxmalıyam? – soruşanda etinasız halda çiyinlərini qaldırıb endirərək etinasız halda sol əlini yellədi. Qeyri-ixtiyarı yellənən əl tərəfə baxdığımda geniş, mərmər pilləkənləri gördüm. Yerə düşmüş şəklimə baxa-baxa yuxarı qalxmağa başladım. Xəstəxanaların baş gicəlləndirən qoxusunu hansı dərmandan və ya iynədən gəldiyini həmişə düşünmüşəm. Bəlkə bir neçə dərmanın qoxusudu, bəlkə bir dərmanın qoxusudu, bilmirəm, amma əsasən hər yerdən eyni qoxu yayılır. Mərtəbələrdən keçdikcə insanda elə təsəvvür yaranırdı ki sanki şəhərdəki bütün insanlar bu an bu xəstəxanadadırlar. Çünki bütün mərtəbələr dolub-daşırdı. Yeri gəlmişkən mən bu hissə son vaxtlar çox yerdə qapılmışam – sanki bütün insanlar metrodadır, teatrdadı, küçədədi, mağazadadı, indi də xəstəxanadadırlar. Bu şübhəsiz insanların artması ilə izah oluna bilər ki, böyük şəhərlərə insan axını elə axın kimi olur. Nəhayət sözləri çox sevdiyim Süleyman Rüstəm, musiqisi İbrahim Topçubaşova məxsus olan “Qubalı qız” mahnısını zümzümə edə-edə qalxdığım dördüncü mərtəbəyə yetişdim. Bu mərtəbədə Urologiya və Kordiologiya şöbələri yerləşirdi. Qəbula yarım saat tez gəlmişdim. Rahat, geniş oturacaqda, sonradan dializ xəstəsi olduğunu bildiyim orta yaşlı bor kişinin yanında əyləşdim. Anında nəzərimi ağappaq əllərinin əsə-əsə ağappaq dodaqlarına apardığı su şüşəsi oldu ki, kişi suyu yalnız dodaqlarına yaxınlaşdırıb onları azacıq islatdı. Dizinin üzərindəki əlini dodaqlarına aparmağı elə zülmlü və gec oldu ki, sanki bu müddətdə əsrlər keçdi. İslatdığı dodaqlarından süd rəngli şalvarına bir damla su süzüləndə kişi o biri əlini qaldırıb az əvvəl dodaqlarına çəkdiyi suyu əsəblə silib ətrafını utancaqlıqla süzüb başını aşağı əydi.

– Əşşi, hardan qaldın? – deyib ona sarı gələn kişiyə təpindi. – Nə oldu?

– İcazə vermirlər. Bəlkə yavaş-yavaş gedək?

– Lift yoxdur axı. Mən burdan düşəsi, evə gedəsi, nə vaxta olar? İcazə vermirlər verməsinlər, mən gedəcəm, – deyib yerindən sıçrayan kişini yanındakı yıxılmaqdan saxladı. Yavaş-yavaş dəhizin sonuna tərəf irəliləyirdilər ki, yaşıl geyimli tibb bacısı yaxınlaşıb:

– Xəstələr üçün deyil ora. Zəhmət olmasa, keçin yerinizdə əyləşin, – dedi.

– Bəs mən nə etməliyəm? – deyə səsini qaldıran kişinin bağırtısına qapısı kip bağlanmış otaqlardan birindən həkimdən çox məmuran oxşayan ağ xalatlı, ağ saçlı bir həkim çıxdı:

– Başa düşürük, dializ xəstəsisiniz, amma bura sizin üçün nəzərdə tutulmayıb, bu tualet xəstəxana heyəti üçün nəzərdə tutulub.  Siz də bunu anlayın, sakit olun, dedi.

– Mən nə etməliyəm? – deyə eyni sualı artıq şöbənin baş həkimi olduğunu anladığım həkimə verəndə baş həkim:

– Mən tapşırıq verərəm sizi tez yola salarlar, cavabını verdi.

Baş həkimin tapşırığı dərhal yerinə yetirildi, dializ xəstəsi daha artıqgözlədilmədən qəbul edildi və tez bir zamanda yola salındı.

Dördüncü mərtəbədən pillələri bir-bir enən xəstə başını aşağı əyib süd rəngli şalvarının ətəklərindən ayaqqabısının yanlarına tərəf axan sarımtıl suyu izlərkən üzündəki nifrətin hara ünvanlandığını anlamaqda çətinlik çəkdim…

 

 

Share: