Deputatın döydüyü polisi Bakıya çağırıblar

Ötən gün Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb. Bakupost.az bildirir ki, Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Z.Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin faktla bağlı araşdırmalara başladığını təsdiqləyib.

Xəbər verildiyi kimi, hadisə iyulun 28-də gecə saatlarında baş verib. Deputat Eldəniz Səlimov qohumuna aid restoranların birində yeyib-içərkən polis əməkdaşları gələrək, gecə 12 olduğunu xatırladıb və restoranın artıq fəaliyyətini dayandırmalı olduğunu bildiriblər. E.Səlimov isə polislərdən restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.

11.36

Deputat Eldəniz Səlimovun Nabranda polisi döyərək xəsarət yetirməsi faktı Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək. Bu barədə “Qafqazinfo” ya parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı məlumat verib. O bildirib ki, hazırda deputatlar məzuniyyətdədir:

“Çox güman ki, məzuniyyət müddəti başa çatan kimi bu barədə iclas çağırılacaq. İclasda baş vermiş hadisənin detalları müzakirə ediləcək. Deputat öz cəzasını alacaq. Sözsüz ki, birinci növbədə ona töhmət veriləcək. Başqa hansı cəzaların olacağı isə müzakirələrin nəticəsində bəlli olacaq. Çünki ortada xuliqanlıq, zorakılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, karantin rejiminin pozulması halları var”.

F. Ağamalı qeyd edib ki, baş vermiş hadisə təəssüf doğurur: “Belə hal olmalı deyil. Deputatın öz vəzifə səlahiyyətlərinə görə belə hala yol verməsi qəbuledilən deyil. Statusundan asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.

***

Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.

Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: “Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Virtualaz.orq

Share: