Deputat: Azərbaycan-Çin münasibətləri genişlənir

Azərbaycan-Çin münasibətləri genişlənir.

Bunu -ya açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.

Naqif Həmzəyev deyib ki, Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyasının əsas komponentlərindən biri dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilməsi və ölkəmizin qlobal, eləcə də regional proseslərdə aktiv iştirakının təmin edilməsidir: “Bu kontekstdə Asiya qitəsi dövlətləri, xüsusilə də Çin Xalq Respublikası ilə münasibətlərimiz prioritet istiqamətlərdəndir və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət konsepsiyasının Prezident İlham Əliyev rəhbərliyində uğurla davam etdirilməsinin mühüm nəticələrindən olmaqla bugünkü önəmini qoruyub saxlayır. Azərbaycan və Çin elə marşrut üzərində yerləşir ki, tarixən bu iki dövlətin yerləşdiyi coğrafi məkan arasında güclü ticarət münasibətləri mövcud olub. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də 1991-ci ildə məhz Çin olub. Çinlə münasibətlərin inkişafında qarşılıqlı səfərlər, həyata keçirilən layihələr böyük rol oynayıb. Xüsusilə Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu qeyd etmək lazımdır Çünki bu Anlaşma Memorandumu Azərbaycanın Çinin “bir kəmər, bir yol” layihəsinə dəstəyini, həmçinin iki ölkə arasında nəqliyyat baxımından olduqca güclü perspektiv imkanların mövcud olduğunu təsdiq edirdi. Ölkəmizin yerləşmiş olduğu geopolitik məkan, yəni Qərb ilə Şərqi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynaması göz önünə alınarsa, Çinin Azərbaycanla münasibətlərdə öz növbəsində maraqlı tərəf olduğu aydındır. Bu maraq amili öz növbəsində hər iki dövlət başçısı arasındakı dostluq münasibətləri, qarşılıqlı hörmət və etimad amilinə də əsaslanır. Xüsusilə də Prezident İlham Əliyevin simasında Azərbaycan Çin üçün etibarlı tərəfdaşdır”.

Deputat qeyd edib ki, XXI əsrin iqtisadi mərkəzlərindən biri olan Çin Mərkəzi Asiya, Qafqaz və Xəzər regionunda iqtisadi layihələrin şaxələndirilməsi və həyata keçirilməsində maraqlıdır: “Pekini maraqlandıran əsas məsələlərdən biri Çin istehsalı məhsulların Avrasiya məkanında ən qısa marşrutla hərəkətinin və bazarlara çıxışının təmin edilməsidir. Bu mənada həm Azərbaycan, həm də Çin dövlət başçıları münasibətlərin perspektivindən inamlı şəkildə bəhs edərkən, iki ölkə arasında nəqliyyat-logistika, iqtisadi-enerji baxımdan həyata keçiriləcək layihələrin siqnalını da verirlər.

Azərbaycan-Çin münasibətlərinin mühüm inkişaf tendensiyalarından biri öz növbəsində enerji, elektroenergetika sektorunda da özünü göstərir. Bu kontekstdə Çinə məxsus enerji şirkətləri enerji sektoruna xüsusi maraq göstərir. Qeyd etmək lazımdır ki, “yaşıl enerji” Çinlə ölkəmiz arasında inkişaf etməkdə olan münasibətlərin mühüm istiqamətlərindən biridir. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında Çinin “Dongfang” şirkətinin iştirak etməsi, “Acwa Power” şirkətinin Azərbaycanda yaşıl enerji ilə bağlı inşa etdiyi stansiyanın texniki təminatında Çin şirkətlərinin rolu ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan-Çin münasibətləri sadəcə nəqliyyat-logistika ilə məhdudlaşmayaraq, bir çox sahəni əhatə edir və həyata keçirilməkdə olan layihələrin masstabı hər keçən il daha da genişlənir.

Çin Xalq Respublikası Si Cinpin rəhbərliyində sadəcə iqtisadiyyat yox, texnoloji baxımından da dünya liderliyinə iddialıdır və bu məqsədə nail olmaq üçün Çinin dövlət səviyyəsində tətbiq etdiyi müvafiq konsepsiyalar var. Hazırda Çinin dövlət xərclərinin böyük qismi süni intellekt, robot texnologiyaları, aerokosmik tədqiqatlar, kvant texnologiyasına yönəlib və Çin bu sahələrdə liderliyə iddialıdır. Xüsusilə də robot texnologiyaları və süni intellekt üzrə tədqiqatlar Çinin texno-siyasi konsepsiyasının demək olar ki prioritet istiqamətidir. Çinin bu kimi insan gələcəyinin ən mühüm sahələri üzrə nailiyyətləri təbii ki hazırkı nizamın aparıcı dövlətlərinin narahatlığına səbəb olmaqla, dünyanı kəskin texnoloji rəqabət meydanına çevirir. Hazırkı rəqabət şəraitində isə Çinin istər iqtisadi möcüzəsi, istərsə də yuxarıda qeyd olunan sahələr üzrə nailiyyətləri heç də az deyil”.

Naqif Həmzəyev nəzərə çatdırıb ki, Çinin iqtisadi, hərbi, texnologiya, eləcə də siyasi nailiyyətlərinə qarşı həzmsizlik nümayiş etdirən Qərb xüsusilə də Tayvan məsələsi üzərindən Çinə qarşı həmlələr axtarışındadır: “Lakin Çin “Bir kəmər, Bir yol” kimi layihələrlə olduqca prolifik geopolitik məkan formalaşdıraraq, yol üzərində yerləşən dövlətlərin iqtisadi və ticarət baxımından inkişafına şərait yaradacaq modeli dəstəkləyir. Azərbaycan bu yol üzərində yerləşməklə, Çin üçün çox böyük əhəmiyyətə sahib Xəzər hövzəsi dövlətidir. Bu mənada, gələcəkdə iki dövlət arasında qarşılıqlı münasibətlərin kəmiyyət və keyfiyyət baxımından dərinləşməsi dünya üçün heç də təəccüblü olmayacaq”.

Share: