“Mənim tikinti şirkətim yoxdur, yaşayış binalarının və ofislərin tikintisinə heç bir aidiyyatım yoxdur. Bunu yoxlamaq çətin deyil”, – haqqin.az və virtualaz.org-da dərc olunmuş tənqidi yazıya cavab olaraq deputat, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev bildirib.
“Nazirlər Kabinetinin pilot layihəsi çərçivəsində Bakıda yüzə yaxın müxtəlif yerdə tikinti-bərpa işləri aparılır. İstifadə müddəti bitmiş, yaşayış üçün yararsız, köhnə, şəhərin görüntüsünə xələl gətirən tikililərin yerində müasir standartlara cavab verən rahat binalar ucaldılır. Dövlət strukturları və tikinti şirkətləri bu işə görə ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar.
Təəssüf ki, bəzi rayon icra hakimiyyətlərinin başçıları dövlətin bu xeyirxah təşəbbüsündən öz mənfəətləri üçün istifadə edirlər. Bu günlərdə bir məmurla söhbət edirdim – vətəndaşlar şikayətlənirlər ki, bu adam kimsə mənzilinin qapısını dəyişəndə belə haqq istəyir və deyir ki, bu rayonda bütün işlər onun “razılığı” ilə görülməlidir. Bu, əlbəttə, bir qədər başqa mövzudur və indi mən bununla bağlı material hazırlayıram. Həmin materialda özbaşınalığa yol verən icra başçılarına münasibətimi bildirəcəyəm”, – A.Əliyev deyib.
Deputat hesab edir ki. Azərbaycan o qədər də iri dövlət olmadığı üçün harada nə baş verirsə, cəmiyyətə məlum olur. “Mən rahatam, – o iddia edir. – Fəaliyyətimdə qeyri-qanuni heç nə yoxdur ki, insanlardan gizlədim. Amma kimsə mınfəəti üçün adımdan istifadə edirsə, həmin şəxs mənim ən böyük düşmənimdir. Mənim çox geniş tanış əhatəm var – idmançılardan tutmuş, jurnalistlərə qədər – və ətrafımda olanlar, özüm kimi, başqalarına münasibətdə hər hansı mənfi əmələ yol verməkdən uzaqdır. Mənim həyat prinsipim – mümkün olduğu qədər, bacardığım qədər insanlara yardım etməkdir. Uzun illərdir ki, xeyriyyəçiliklə məşğul oluram və əminəm ki, bu ən yaxşı insani keyfiyyətdir. Barəmdə şayiələr və dedi-qodular yayanlar isə öz vicdanları qarşısında cavab versinlər”, – o qeyd edib.
A.Əliyev özünü “Heydər Əliyevçi” hesab edir. O, 1969-cu ildə – Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi il anadan olub və o vaxtdan böyüdüyü evdə ümummilli lider barəsində yalnız xoş və tərifli sözlər eşidib. Deputat əlavə edib ki, siyasi iddiası yoxdur və özünü “İlham Əliyevin sadiq əsgəri” hesab edir.
Müstəqil.Az