Daşkəsəndə qayınatasının qətlə yetirdiyi qadınla bağlı yeni FAKTLAR: Mülk davası – YENİLƏNİB + VİDEO

Daşkəsən rayonunun Bayan kəndində qadının qayınatası tərəfindən qətlə yetirilməsinin bəzi məqamları bəlli olub.

Oxu.Az-a Bayan kəndinin bələdiyyəsindən verilən məlumata görə, Nəzakət Həsənova ilə qayınatasının mülk üstündə davası olub:

“Onlar Bakıda kirayədə yaşayırdılar. Əri tikinti şirkətində fəhlə işləyirdi. Tez-tez də kəndə gəlib-gedirdilər. Bu dəfə sənədlərini düzəltmək üçün gəliblərmiş. Hadisə baş verən vaxt gəlinin yoldaşı küçədə kəndlilərlə söhbət edirmiş. Həmin vaxt Məhəmmədəli Mustafayev arvadına pul verib ki, gedib kartof alsın. O gedən kimi də gəlini bıçaqlayıb öldürüb. Aralarında həmişə mülk üstündə mübahisə yaşanırmış, gəlin evdən onlara da pay verilməsini istəyirmiş, kişi də razılıq vermirmiş”.

Bələdiyyə nümayəndəsi Məhəmmədəli Mustafayevin psixoloji problemləri olduğunu da vurğulayıb:

“Nəzakət İmişli rayonundandır. Həmin gün yoldaşıyla Bakıya qayıtmağa hazırlaşırmış. Amma kişi imkan vermədi. Dünən prokurorluq əməkdaşları gəldilər, istintaq aparıldı. Gəlinin yaxınları gəlib meyiti apardılar. Nəzakət Məhəmmədəlinin ikinci gəlini olub, yəni oğlu bundan əvvəl bir dəfə ailəli olub, amma kişi onları da ayırıb, məcburi boşadıb.

Məhəmmədəli Mustafayev gəlinini bıçaqlayandan sonra “102” “qaynar xətt”inə zəng edərək təslim olmaq istədiyini bildirib. Poçtun yanında polisin onu həbs eləməsini gözləyib. Kişinin psixoloji problemləri vardı, hətta deyəsən, bununla bağlı əlində sənədi də olub. Təxminən 10 il bundan əvvəl evdə öz arvadını bıçaqlayıb, oğluna şiddət göstərib. Həmin hadisəyə görə də həbs edilib. Azadlığa çıxandan sonra isə heç bir psixoloji dəstək almayıb. Bağda qoyun otarırdı, çobanlıq edirdi”.

11:06

Daşkəsən rayonunda gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

Hadisə avqustun 22-si, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəzakət Həsənova çoxsaylı bıçaq zərbələri ilə öldürülüb.

Qətlə yetirilən qadının qayınanası Gülövşə Mustafayeva bildirib ki, hadisə gözlə qaş arasında baş verib.

Belə ki, səhər yeməyi zamanı 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayev süfrəyə yaxınlaşaraq ağrıdığını deyib. Daha sonra uzanacağını və çay istədiyini qeyd edib. Bu zaman gəlin onunla razılaşaraq çay gəticəyəni söyləyib.

Gülövşə Mustafayeva açıqlamasında qeyd edib ki, bu zaman həyətlərinin önündən keçən kartof satan maşından alış-veriş etmək üçün aşağı düşüb. Qayıdanda isə gəlinin qətlə yetirildiyini görüb.

Sayad Həsənli

Share: