Darıxmağın dibindəyəm – Ülfət ZİYAFƏTQIZI

(Yeni şeirlər)

Burda bir şəhər var
Küçələri kimsəsiz…
Bu şəhərdə bir mən var,-
sənsiz yox kimi, səssiz…
Burda var balıqları
susuz qalan bir dəniz…
Mən indi anlayıram
Necə boğularmış
Dənizsiz balıqlar…


Mən indi anlayıram
Dəniz olmasa,
Küləyi neyləyir qayıqlar?..
Burada göy meşələr var
Küləklərin gətirdiyi
Ən kimsəsiz toxumlar
Öz-özünə əkilər,
Öz-özünə böyüyər…

Böyüdükcə utanar
Öz boyundan ağaclar…
Bir kəndiri götürüb
Ruhuna bədən boyda
Yelləncək düzəldəndə
İçdən sınan ağaclar
Küləklərdən tutunar…


…Burda bir ayrılıq var
Bükülüb göz yaşıma,
İstəmirəm bu ömrü…
Üzü sənin tərəfə
Göndərrəm görüşünə
Sənsiz qalan şəhəri..
Dəli-dəli küləkləri…


Balıqları,
Qayıqları,
Ağacları,
Budaqları…
Göndərrəm sən tərəfə
O dənizsiz dodaqları…
Bircə qurtum nəfəsinlə
Gəl ruhumdan dol ciyərə.
Qaytar məni mənliyimə
Nəfəs-nəfəs, zərrə-zərrə…
Qaytar eşqi, gözəlliyi
dönüşünlə bu şəhərə…

****

Soruşma ki, necəyəm?
Yaxşı bilirsən pisəm…
Sənsiz qaranlıq gecə, 
Açılmayan gündüzəm.

Yoxluğunla dünyada
Ən kimsəsiz bir kəsəm.
Bəlkə dönəsən deyə
Damarlar qurban kəsəm?

Sən mənim can parçamsan,
Ağrıyır, bax, o hissəm.
Nə gözəl öldürürsən
Ruhumu hissə-hissə…

Bütün gün deyinirəm
Güzgüdən baxan üzə.
Yazığım gəlir ömrü
Deyingən keçən sözə.

Deyirsən ki, danışma
Gözünü süzə-süzə.
Görəsən, necə deyim
Bu gün səninlə küsəm.

Gözləmə yoxluğuna
Səbr edib asan dözəm.
Bilirsən tək səbəb var:
Darıxıram… sənsizəm…

****

İçib-içib
sərxoş olmaq istəyirəm…
Bəlkə onda bitər
keçər bu ağrılar…
Hönkür-hönkür
gah aglayıb,
Sonra isə
göz yaşımın
İsladaraq makyajımı
bir klouna döndərdiyi
öz üzümə
dəli-dəli
gülmək istəyirəm…
Dadlı dodaqlar kimi
güzgülərin
yanağın
öpmək istəyirəm…
Səndən başqa
hər şeydən qopmaq istəyirəm…
Darıxmağın dibindəyəm…
Süpürgəsi uçmağı unudan
küpəgirən qarının küpündəyəm…
Sınıq-salxaq xəyallarda
Uçuram sənə doğru…
Mən ki
istəmirəm dünyanı…
Təkcə Səni…Səni istəyirəm…

Ülfət ZİYAFƏTQIZI

Share: