Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim

Kulis.az Ayişə Nəbinin şeirlərini təqdim edir.

Səssizlik qülləsi

Yaşamın nöqtəsi,

Bəlkə, nidası, deməli

Uzun, upuzun

Yerlə göyü birləşdirən

Son nəfəs qədər uzun,

dərin

Uzun, arpa boyu uzun

arpa boyu bitməyən bu yolun

Qoyub ağırlıqlarımı yerdə

Çıxıram

Səssizlik qülləsinə çıxıram

Burda bütün gözəlliklər ölü

Bütün ölülər gözəldi.

Ölülər susur

Susur və gözəlləşir.

Səssizlik qülləsinin kor quyusuna atıram

səsimi.

Enişi yoxdur

Çıxışdır,

Səssizlik qülləsinin pillələri

Bir tərəflidir.


Dağların kölgəsi

Dağların qurd nəfəsi qarışmış havasıyla,

meşələrin ahəngiylə böyüdük usanmadıq.

Qayığa bənzəyən çökəklərdə top oynadıq,

Suyuna baş vurmadıq şərik çıxmadıq qurbağaya.

Ayaqlarımızı salladıq buz salxımları da olmadıq.

Üzündə əks edən işığını ovucladıq çayların

dənizə baxaraq böyümədim, dənizi böyütmədim

dənizə sevdalanmadım, nə umacaq sular məndən?

Dağları

gecənin zülmətində əjdahaya bənzətdim

başında şaman ruhu dolaşan əjdahaya.

Dəli dəli daş qoparıb bağrından

üstümə atacaq elə bildim

Ancaq ayın aydınlığında

dağların kölgəsi yerə sərilib

ölü kimi qımıldamadığını görəndə toxdadım,

rəbbimin zərrəsi olduğunu anladım

Şaman ruhu yerə sərib dağın ruhunu, dedim.

O zaman dağların topa buludlar kimi yeridiyini bilmirdim

Dağın Məhəmmədə tərəf gəldiyini bilmirdim.

Dağ gündüzləri mərdliyim, qürurum,

Gecələr əjdahaya dönüb kabusum olurdu.

Biz

Dağların havası meşələrin ahəngiylə ruhlandıq

Mən dənizə baxaraq böyümədim, dənizi heç böyütmədim,

Dümdüz qum səhraları görmədim .

Axan çayla rəvan oldu ruhum, axan sulara sevdalandım,

Dağları deşən sularla yüyürdüm.

Şiş qayalarla yarışdı qürurum

Dağlar məni düşmən bəllədi.

Dənizin üstündəki qaranlığa vahimələnmədim

Qorxumu eşqə döndərdim

Kənd qaranlığının yumşaqlığına, bir az da həya üzünə

Həlimliyinə küsəndim, doyursun qürurunu qoy mənimlə

Utancaq havası qarışdı qanıma-düşmən oldu

Meşələr dəniz kimi kükrəmədi üzümə qorxutmadı

Meşələr zümzüməylə oxşadı zövqümü

ahənglədi dərsimin dərinini…


Qar yağır

Qar yağır, qar yağır

Kirpiyimdən sallanır.

Qar yağır, qar yağır

Qamış gölü dərya tək

Hamarca dalğalanır.

Yağan qar çiçəkləyir

Qara torpaqda ləçək-ləçək

əllərimi qoruyur qardan olan buz əlcək.

Ürkək-ürkək qanad çırpır ətcəbala bir quş

Bir qar dənəsinin içində.

Qar yağır qamışlığa

Boğulur içində qamışların səsi

Boğulur içində tapdanan torpağın hayqırışı


Qismət

Bu yerdə gül bitir

Bir damla yaş düşdü

torpağı deşdi

toxum yetişdi

bitdi bir gül bitdi.

Nə rəng verəcəkdir

Nə qoxuyacaq

Gözəllik adına

nə oxuyacaq

toxumu göz yaşıysa.

Sən mənim cənnətim ol

Mən sənə huri olam,

Sən mənim cənnətim ol.

Qarışmasın bir olan nəfəsimizə

nə küləkdən hüzün, nə dəryadan su

Uzun uzun baxaq, itək üzümüzün sonsuzluğunda.

Arınaraq yıxanaraq bir birimizin nəfəsində

Addım atıram ilahiliyin sərhəddinə

Sən mənim cənnətim ol, mən sənə huri olam.

Tökülsün ayağımızdan dünya deyilən çarıq

Piltim piltim olsun zaman çöksün qarşımızda

Yox olsun ətdən sümükdən divarlar,

Sel gəlib sular oynasın, daşlar divarlar oynasın

Tutulsa göydə günəş, yerdə torpaq ağnasa

Sən mənim cənnətim ol, mən sənin hurin olam.

Yox hələ qiyamət fürsət verib qopmayıb,

nəfəsim nəfəsindən hələlik ki, doymayıb,

gül bitər, söz bitər, bu sirlər puçur-puçur

açılır gözlərim yurd oluram hikmətə

gül qoxusu müjdəmdir bu sonsuz hekayətə

sən mənim cənnətim ol, mən sənin hurin olam.


Səsimizin hədəfi

Hər gün sübhlə gecənin ayrıldığı o anda

Pəncərəmin ağzına qonan qaranquşla mən

Bu mürgülü dünyanın başı üstə səs-səsə

verib oxuyuruq biz

O cikcirik eləyir, mən də zikr eləyirəm.

Quran avazınamı uyub nədir bilmirəm

Gözlərini zilləyib üzümə susur bir an

Mən hələ oxuyuram.

Sonra bir iki ağız o oxuyur, mən susuram.

sonra da ikimiz birlikdə oxuyuruq.

çəkmir üzümdən gözün, başını da tərpətmir

Bəlkə alatoranda bu bir budaqdır dedim,

Gözlərimi zilləyib gördüm yox qaranquşdur.

Fikrimi tutdu sanki

başını tərpədərək hüzün qatdı səsinə,

Mən də qısdım səsimi.

Sonra yenə ikimiz düşüb eyni ahəngə

davam etdik həvəslə

O cik-cirik edirdi, mən də zikr eləyirdim.

Qaranlıqdan işığı ayırdıq səsimizlə

Bağrı yarılan gecə al şəfəqə hamilə

Doğdu qırmızı günü

Bitdi gecə hüzünü.

Qaranquşla ikimiz baxışaraq son dəfə

Arxayın olduq ki, bizim səsimiz

Gedib çatıb hədəfə.


Suların sirli dərinliyi

Qol qoymadım nə qopan tufanlara

Nə yalmanan dənizə

Araladım bu axşam tufan sözünü dənizdən

Dəniz indi çəliyə dirənən bir qocadır

İməkləyən körpədir.

çəkilərək dənizin ortasından bir dalğa

Yığıb bütün gücünü

Gəlir üstümə sarı.

sahilə çatandasa yatır hirsi hikkəsi

körpəcə uşaq kimi sarılır ayağıma

qumlarını qısqanıb ayağımdan qoparır

o aldığı sevimli qumları ilə yenə

düz çəkilir suların sirli dərinliyinə.

Bu gün məsumluq donu

əynindədir dənizin.


Bağışlayar

Tanrı nəfəs alınca çəkilir yer üzündən hava

Gərilir dağlar daşlar,

Çəkilir dənizlər.

Nəfəs verincə

rüzgar alıp başını dolanır yer üzünü.

Fıtınalar tufanlar qopur

Hirsləndirəndə Tanrıyı

Amma bir gızılgülün önündə

əlini qanadıb tikanlarıyla

əfv diləsən

gızılgülün xətrinə, gül ətrinin xətrinə

şəhid qanı sayar barmağındakı qanı

bundan sonra bağışlamaz bağışlamazmı Tanrı.


Ağrı dağı

Varsın da uçulsun,

Piltim piltim olsun

Kölgəmin düşmədiyi Ağrı dağı.

Cənnətdən qovulan Adəm

Binə tapmasın dağ adına

Yükləndiyi günahları qaytarsın geri.

Orhundakı h kimi

Dikəlib hara gedir

Aparır kölgəsini

ətəyini sancıb belinə.

Ağrıların yara yara,

Qan qarışar dumanlara.

Cildin qara, donun qara,

Var paralan Ağrı dağı.

Adın yetmir ucalığına,

Nuhun, Adəmin sığınağı.

İndi kölgən kimə düşür,

Var kölgəni yığ yerlərdən.

Bir nərə çək göy genəlsin başımdan,

Anasından cihad əmsin körpələr.

Torpağın altında çürüməyənlər

Qalxıb ordu qursun bayrağın altda.

Bu can, bu tən

Havayla su odla torpaq…

Bu can, bu tən, bu mən.

Çarmıxın qollarında

Sağa sola gərilərək,

Zamanın barmaqları ilə dərilərək,

Meşələrin zümrüdündən süzülərək,

Üzülərək

Üzülüb üzülüb qırılmağa yön qoymayan

İşıq düşür

Şıq düşür

Bu can, bu tən, bu mən.

Göyü başına papaq eyləyib,

Yeri yanına yamaq eyləyib,

Canına cahan gəzib,

Canda nihan gəzib,

Dolaşıb dolan,

Döşənib ölən…

Bu can, bu tən, bu mən.


Sıra sıra sıralanıb

Qışdan qopub aralanıb

Yaz havası can qovğası

Başı qalda qara dağlar,

Hava gəlmir başıma

Ya səbir ya səbir…

Bu can bu tən bu mən.

30.04.09.


Qara qutu

Evin dörd küncünə çəkilib

Gözləyirəm dörd gözlə.

Dörd gözlə gözlədiyim

Tap deyə düşərmi evin ortasına.

Evin orta yerinə.

Dörd küncə birdən çəkilib

Yığılıram.

Yığılıram evin ortasına.

Bu divarların içindəki daşlar

Nəfəs dərib yenilənməz,

Nə qocalıb ölər,

Nə doğular yenidən.

Nə işığı geri qaytarar, nə udar qaranlığı.

Bu evin ortasında bir süfrə qurub

Çağırsam kölgələri işığın ipiylə.

Pəncərənin qırığından sızan o şüa

Qara qələm kimi xətlər cızar

Kölgələrin üstə.

Nə sevinc mənə yaxındır, nə də qəm.

İkisini də ötürdüm gedər gəlməzə.

Bomboşam,

Dopdoluyam.

Hüznü də qoyum bir qırağa

Nə daşıyıram canımda?

Qara qutu….


İfk

Sal bir böhtanın sazağı

Dəlmə-deşik etdi canımın qatlarını.

Dondu həniri nəfəsimin.

Hansı quyuya enilir ki, insan oğlunun ipi ilə.

Böhtan quyusunun dibi görünmür,

Su axmır bu quyunun dibindən,

Buz bağlayıb.

Hey insan oğlu,

Qadına mələk deyib,

qadına xaliq deyib yolladı,

əmanət etdi yer üzünə Tanrım.

Səfil, miskin ruhunun iniltisi ilə

Dil tərpədib söz söyləmə.

İylənməsin ağzında dilin, sözün

Arınmaz, arınmaz iflic ruhunun kifi.

Qüdrətin təcəllisi

Qüdrətin hüsnümdə təcəlli edərkən

Nurunun yoxsulluğu utanar ərdəmindən

Min bəla bir zərrədən çəkinər

Hökmünə gül yağar

Gül axar

Suların şümşad boyunca

Qüdrətin hüsnümdə təcəlli edərkən

varlığım can olar

can qılar

qalar

səcdənin ortasında zikrin hərfinə çöküb

çəkib

içindən mayasını nurun

surun

üfürməsinə meydan oxuyar

qoxuyar

cənnət qoxusu sinər nəfəsimə

səsimə

qarışar cənnət küləyinin həzinliyi.

Qüdrətin hüsnümdə təcəlli edərkən

Erkən

sərzənişi bərq vurar dan üzünün

düzümünün

qıymam pozulsun ahəngi əbədiliyin

Qüdrətin təcəlli edərkən hüsnümdə.

Açıklama yok.

Share: