Döyüm pəncərəni bir yağış ilə Öpüşsün gözümüz bir baxış ilə – Səadət Qərib

GƏL AY YENİ İLİMİZ

Arzular ümman, dəniz,
Çağlayır sevincimiz.
Yolunu gözləyirik
Gəl ay yeni ilimiz!

Müjdəli bir xəbərlə
Bəmbəyaz bir səhərlə,
Ruziylə, bol bəhərlə
Gəl ay yeni ilimiz!

Yağır narın-narın qar
Soyuyubdu havalar.
Hər qəlbdə min arzu var,
Gəl ay yeni ilimiz!

Gəlişin saçsın ətir,
Ürəklərdə gül bitir,
Bu cahana sülh gətir,
Gəl ay yeni ilimiz!

Bu dünyaya baxışlar,
Çəksin zərif naxışlar,
Könüllər səni oxşar-
Gəl ay yeni ilimiz!…

Tut əlimizdən bərk-bərk,
Dünyamıza sevgi ək!
Qədəmlərin mübarək!
Gəl ay yeni ilimiz!!!

 

Öpüşsün gözümüz bir baxış ilə

Qəlbimin istisi isitsin səni,
Əllərim əlində olmasa belə,
İstərəm toxunsun kipriklərimiz,
Öpüşsün gözümüz bir baxış ilə.
Sevdamız dilimdə olub zümzümə,
Kölgənlə düşübsən sanki izimə,
Fələk insaf etsin dəyməsin bizə,
Yazsın yazımızı bir naxış ilə-
Öpüşsün gözümüz bir baxış ilə.
Təbiət həmdəmim olub hər zaman,
Buludla dərdimiz bənzəyir yaman,
Mən deyil. ürəkdir sevgini uman,
Döyüm pəncərəni bir yağış ilə
Öpüşsün gözümüz bir baxış ilə.

Türk şəhəridir Kərkük

Aslanlar yurdudur, türk şəhəridir.
Alınmaz qaladır düşmənə Kərkük.
Çakallar yığılıb qurd yuvasına,
Tarixdən əmanət Türkmənə Kərkük.
Nəğmələr yazıldı, dastan qoşuldu,
Təlafər, Kərkükdü, Hələb, Mosuldu,
Hər gün qadın, yaşlı, qoca vuruldu
Yazılıb günahsız qan sənə Kərkük.
Zənginlik bəladır türkün yurduna
Məğrurluq yazılıb uca adına,
Qızına bilmədik atəş, oduna
Boyanıbsan qana ,sən yenə Kərkük.
Axı babamızdan sən əmanətsən,
Namussan, şərəfsən, türkə qeyrətsən,
Qoruya bilməsək tər, xəcalətsən,
Bürünüb dumana, his -çənə Kərkük.
Təklikdən əzilir, inləyir Kərkük,
Qardaşın yolunu gözləyir Kərkük,
Düşmənlər tək görüb, təkləyir Kərkük,
Bağlıyıq cana biz, bədənə Kərkük.
Share: