Dəyərli, gənc şairimiz Aysel Nəsirzadənin poetik dünyası… – Nəcibə İlkin

Aysel Nəsirzadə elə tanıdığımdan da artıq sevdiyim şairdi. Onun hər misrasında kədərin gül ətirli qoxusu, həsrətin acılı-şirinli xatirəsi var…O, poetizmin, şeir dilini o qədər gözəl bilir ki, şeirlərini oxuduqca insanın qəlbinə su kimi axıb dolur. İnsanın ruhu dincəlir.

Sakit, həzin bir mahnıya qulaq asırsan sanki:
“Əllərim ovcumdan sürüşdü,
Tuta bilməzdim daha”,- deyir.
Misra-misra haqsızlığı döyəcləyən, buludun gözündəki yağış damcısını ürəyinin boş qalan yerinə sərib, zamanın sərtliyini qapısından qovan şair…
Poetizmi də özünü təsdiqləməyi bacaran və bu bacarıqdan məharətlə istifadə edərək xatirələrin odlu çırağında yol gedən, qəhərində boğulub, kədərinə ortaq olan gecələrinin laylasında özünə yol axtaran Aysel Nəsirzadə… Əlindəki qələmin titrək baxışında:
Kağız üşüyər..
Üstünə səpilən soyuq sözlərdən.
Nöqtə qoyulduqca
Ümid doğar isinməyə…
-deyir.
Üstünə səpilən soyuq sözlərdən kağızın üşüməsi və nöqtə qoyulduqdan sonra ümidin yenidən doğulması bədii estetik zövqün lirik mənidir. Şair zövqünün poetik baxışında bu “mən”lər doğulduqca yeni dünya yaranır.
Ürəyim dəniz deyil
Dərdi sahilə vura.
Şair ürəyinə sığdırdığı dəniz dərdlərinin fərqində olmasa da, əslində onun ürəyi sayı hesabı olmayan dərdlərin kədər yuvasıdır. Sahili isə onu sevən ürəklərdir.
Qəlbi vətən eşqiylə döyünən şairə “Şəhidlər unudulmaz” şeirində şəhidlərimizin unudulmazlığında, ana fəryadını, ata ağrısını sətir-sətir pıçıldayaraq dünənimizə, sabahımıza gözü yaşlı xatirə şəkli çəkir.
Vətənsiz dilimiz gödək
Bəxtimiz də fağır oldu.
Şair, qəlbinin vətən ağrılı hisslərinə bürünərək onların əzabını yaşayır. Başına min bir bəlalar gələn vətənin vətənsiz övladlarını şeir-şeir ağlayır. Doğma vətəndə qaçqın kimi yaşaması, babaların qaçqın kimi ölməsi insan qəlbinin çəkdiyi iztirablardı… Bu gün o iztirabları ömürdən ömürə ötürürük.
Balalar qaçqın oldu
Babalar da qaçqın öldü.
***
Dözüb-dözüb axırda
Vətənsiz ölmək günahdır.
Yaraları qaysaq tutmayan, vətənində vətənsiz olan, yurdu talan edilmiş, eşqi qəlbinə gömülmüş cavanların vətənsiz ölmək günahının arxasında nələrin dayandığını demək və görmək o qədər də çətin deyil məncə. Bu günahların nə zamansa dar ağacı var. Ruhundakı yorğunluğun yükünü ürəyindən asan və günahlarını yuyub qurtara bilmədiyi ölümü qapısını kəsən Aysel:
Allah Yazmayan Dərdi
İnsanlar verdi, çəkdim.
-deyir.
Zaman baxımından yerində deyilən həqiqətin acı üzü. Qəribədir ki, insanların bugünkü dost baxışı, doğmalıq baxışı həqiqətin güzgüsünü pərdələyir. Və insanlıq deyilən ülvi hisslərin çağırışına bəzən cavab vermir. Ən böyük faciə sənin doğmalar və səni sevənlərin tərəfindən başa düşülməməyindir. Bu dərd bir ömür payı olaraq səni tərk etmir.
Lirikanın poetik mənzərəsi onun bütün misralarında duyulur. Bu mənzərələr duyğuların qanad açdığı misralarda gah kədərli, gah da duyğusal xəyalların sahilində özünə yer tapır:
Ömrüm payızdan keçir,
Yazıma qırov düşüb.
Dörd yanımı dərd sarıb,
Ürəyim girov düşüb…
Dərdlərin içində qovrulan bir ömrün yazına qırov və bu dərdlərin axarında ürəyinin girov düşməsi bədii fikir baxımından yeni olmaqla gözəldir. Taleyin pəncərəsindən atılan daşlara sinə gərmək, onu sözlə ovutmaq kimi ağırlığı yalnız iradəsiylə, dözümüylə nəzmə çəkmək Ayselin yaradıcılığında möhtəşəmdir. Bu mənada hər kəsin dərdlərini öz dərdinə qatmaqla kədərlərində ətirlənib, şeir-şeir ağlayan şair kövrək hissləri ilə, incə qəlbi ilə şeirlə salama gəli sanki…
Aysel xanım özünü yazmaqla bərabər bütün sevdiklərini də özündə birləşdirir. Onun ruhu, xəyali dünyası, qəlbinin pəncərəsi bütün qadınlar üçün açıqdır. O, hər kəsi özü kimi anlayır, özü kimi duyur
Şeir-şeir axtarırsan sən məni,
Bircə misra rastına da çıxmıram.
***
İçin-için ağlasam da
Yaşlamıram gözlərimi.
Dəli bir sevdanın aşiqliyində şeir-şeir ucalan adamın harayı eşidilir bu səsdə. Sanki misralar da üşüyür. Onu axtaran aşiqin rastına çıxmaqdan çəkinir. Bəlkə də həya edir. Belə bir poeitik düşüncənin sahibi yalnız ülviliyin, leyliyliyin, məcnunluğun zamanına üz tutur. Və o zamanın eşq səhrasında özünü rahat sayır. Çünki, eşqi sadiqliyin, eşqi qəribliyin şirin həsrəti var o səhrada. Ayseli alqışlamağa dəyər.


Yaxud için-için ağlayıb gözlərinin yaşlanmaması ifadəsində bədii təfəkkürün estetik zövqü parlaqlığı ilə kədərin aynasında nazlanır. Bir anlıq fikirləşirsən ki, bəzən için-için ağlamağımız və göz yaşlarımızın ürəyimizə axdığı zaman bəlkə də ən ağrılı anımızı yaşamamışıq. Dərdin misra-misra ağalaması…Əhsən!
Heyf ala bilmədim,
Açar yuxumda qaldı.
Zəngli saatın səsi,
Səni məndən ayırdı.
***
Bu nə sevda, bu nə eşq,
Hələ ki, mənə çatmır.
Həyat məni öldürür,
Amma torpağa satmır.
Bəzən illərlə çəkdiyimiz həsrətin acılığını yuxularımızdan çıxarır, onun şirinliyinin təsirindən ayrıla bilmirik. İlahi bir eşqin, ilahi bir yuxusunda hansısa kamına çatdığın və əzabından qurtarmaq istədiyin sevginin doya bilmədiyin təsirindən bir saatın zənginə ayılırsan və hər şeyin yuxu olduğunu görürsən. Bu anı yaşamağın nə qədər çətin, şeir dilində eşitmək o qədər də asan və şirin olduğunu duyursan…
Və bu dəli eşqin səni hər dəqiqə öldürməsi, yəni canını alması, lakin torpağa qıymaması da elə dəli sevginin dəli bir harayıdır. O haray ki, torpaq müqəddəsliyi ilə, sevgi müqəddəsliyinin birgəliyi eşqin məbədində cəmləşir. Bunu görməmək, hiss etməmək mümkün deyil.
Aysel Nəsirzadənin poetizm dünyası o qədər dərin, o qədər genişdir ki, onun o aləmindəki dərdi də şirindi, ağrıları da. O, yazmır, yazdıqlarını yaşayır. Və sözün iniltilərində misra-misra haraya dönərək yenidən eşqin məcnun könlünü ələ almağa çalışır:
Ürəyimin səsini boğmaq üçün
Cəllada dönüb ağlım…
Boynumda ip kimidir
Sənə olan bağlılığım.
Sözün qüdrətinə baxın. Ürəyinə sığdıra bilmədiyi eşqin səsini boğmaq üçün ağlın da gücü çatmır… Təbii ki, eşqi dəlilikdə ağıl da kara gəlmir, demək istəyir şairəm. Və bu sevgini bir boyunbağı kimi sinəsində gəzdirməklə, bəlkə də sevginin səsini, sədasını dünyaya car çəkmək, hər kəsə bəlli etmək istəyi keçir qəlbindən. Şairin xəyali dünyasında, onun qəlb evindəki eşq yuvasının gözəlliyi bərq vurur. Misra-misra qəlbimizə dolanır. Və onu oxuyan hər kəsin qəlbində şeir-şeir nəğmələşir bu dünya.
Dünyan eşq dolu, nəğmə haraylı, yaşıl gözlü səadət işığına qərq olsun, əzizim Aysel Nəsirzadə…

Nəcibə İlkin

 

Share: