Dəyərlərimizə hörmətlə yanaşaq…

 

1982-ci ildən Azərbaycan Yazıçılar Birliyi ilə əlaqəm var. Gənc yazarların özlərindən yaşlılara necə hörmət, ehtiramla yanaşmalarının dəfələrlə şahidi olmuşam. Heç kəs özündən yaşlıdan eyib axtarmazdı. Əksinə, hər hansı incikliyə görə özünü danlayardı ki, “Deyəsən hardasa səhv etmişəm ki, belə oldu…” deyə düşünərdi. Yaşlılar ərklə cavanlara istədiyi qulluğu deyə bilərdi. Cavanlar da məmnuniyyət hissi ilə onlara qayğı göstərərdi…
Bilirəm, zaman dəyişib. Bütün sahələrdə həyata baxış da fərqlidi. Heç kəs köhnə qanunlarla yaşamaq istəmir. Onu da bilirəm ki, məni bu yazıya görə qınayanlar çox olacaq. Olsun. Amma etiraf edək ki, insan yaşlaşdıqca daha təcrübəli, daha müdrik olur. Başqa sahələrdə yaş sindiromu rol oynaya bilər. Yardıcı sahələrdə istisna olmalıdır, axı.
Keçək əsas məsələyə. Oktyabrın 26-da AYB-nin XIII qurultayında xalq yazıçısı Anar növbəti dəfə Yazıçılar Birliyinin sədri seçildi. Başqalarını bilmirəm, şəxsən mən bu seçimdən çox məmnunam. Anar dövrümüzün ən güclü qələm sahibi, ictimai xadimlərindəndir. Hər bir yazara qayğıyla yanaşır, səlahiyyətləri çərçivəsində köməklik də göstərir. Bu gün onu yaşını önə çəkib, aşağılayıcı ifadələr işlədənləri düzü, başa düşmürəm.
Mən demirəm ki, Anarın alternativi yoxdu. Sözsüz ki, var. Bəlkə ondan da yaxşı sədrlik edə bilənlər də var. Amma bu bizə haqq vermir ki, ağsaqqalımıza, dünyada tanınmış dəyərlimizə hörmətsizlik edək.
Çingiz Abdullayevin “jurnalistin” sualına sərt cavabına haqq qazandırmasam da, qınamaq da istəmirəm. Birincisi, jurnalist xalq yazıçısına sualı professional formada verməli idi, müstəntiqin müttəhimə verdiyi kimi yox. “Tutulmayan oğru deyil” deyiblər. Faktı dəqiqləşdirməmiş ittiham etməyin özü tərbiyəsizlikdi. Çingiz Abdullayev dünyada tanınan, əsərləri sevilə-sevilə oxunulan Azərbaycan yazıçısıdır. Onun müasirimiz olmasından qürur duymaqdansa, ondan eyib axtarırıq. Unutmaq lazım deyil ki, Çingiz müəllimin dünyada milyon tirajlarla çap olunan kitablarının qonararı onun zəngin olmasına kifayət edər.
Mən hörmətli Anar müəllimin yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilməsini alqışlayır, gələcək fəaliyyətində uğurlar arzulayıram.
Gəlin dəyərlərimizə hörmətlə yanaşaq. Anar da, Çingiz də millətimizin karifey yazıçıları, milli dəyərləridir.

Şərafəddin İlkin,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvi.

Share: