Dənizdə boğulan LALƏNİN Qardaşından ürək dağlayan sözlər…Təfərrüatlar…

Xəbər verdiyimiz kimi, “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin qızı Lalə dənizdə boğulub. 33 yaşlı Lalə Xəzər dənizinin Mərdəkan hissəsində boğulub. Hadisə zamanı dəniz çox dalğalı olub. Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Lalənin qardaşı Azər Həsənoğlu sosial şəbəkədə bacısının dənizdə boğulması ilə bağlı ürək sözlərini yazıb. Yeniavaz.com hər kəsi təsirləndirən qeydlərdən bəzi hissələri təqdim edir: “Gözəl Laləm! Başımın tacı bacım! Nəsilimizin fəxri bacım! Mənə Azər adını verən bacım! Həyatımdakı ən dəyərli hədiyyəmi, Şahmarımı ad günümdən bircə gün öncə, 19 oktyabrda mənə bəxş edən bacım! Cibimi boş qoymayan bacım! Atam olan bacım! Anam olan bacım! Böyük qardaşım olan bacım! Onurğa sümüyüm olan bacım! Döyünən ürəyim olan bacım! Aldığım nəfəsim olan bacım! Yaşadığım həyatımın mənası olan bacım! Tutan əlim olan bacım! Yeriyən ayaqlarım olan bacım! Danışan dilim, dodaqlarım, sözlərim olan bacım! Dünyadakı ən dəyərli varlığım bacım! Allah sənə rəhmət eləsin! Öz əllərimlə səni torpağa verdim! Məni tək qardaş qoydun! Nəsilimizdə bir sən tək idin! 9 il gözlədin məni! Qardaşın olsun istədin! Gəldim! Adımı qoydun! Adımla fəxr elədim! Hər kəsin yanında qürur duydum ki, adımı bacım qoyub! Vətənimin adını qoyub! Çexiyada əlaçı oldum! Atamdan qabaq xəbəri ilk sənə dedim! Qürur duydun mənimlə! Mən də səninlə hər saniyəmdə qürur duyurdum! Bəs niyə bu adı qoydun mənə? Niyə mənim dünyaya gəlməyimi istədin? 24 il sonra məni sənsiz qoyub gedəsən deyəmi? Axı mən sənin Azərin idim! Gecə saat 3-4 belə olsa, acam dediyimdə, yuxulu-yuxulu olsanda məni ac qoymayan bacım!

2 ay Şamaxıya getdim, sonra 2 ay sizdə qalmadım! İt kimi peşmanam! Kaş, hər saniyəmi sənin yanında olaydım! Evə gec gəlməzdim! Amma bircə kəlmənlə, sadəcə bircə kəlmənlə evə qayıtdım! Zəng edib dedin ki, gəl, darıxmışam! Bircə kəlimənlə gəldim! Bəs sən hara getdin ay mənim dünyam?

Dənizə gedəndə nə qədər dedin sən də gəl! Gəlmədim! “Zaqar”dan xoşum gəlmirdi! Dərim soyulacaqdı deyə gəlmədim! Həm də axşam 5-də görüşüm var idi! Mən bədbəxt guya pul qazanacaqdım! Gəlmədim, sənin istəyini yerinə yetirmədim! Mən orda olsaydım, qoymazdım belə olsun! Hər zaman qoruyardım səni!

Axı biz birlikdə işləyib pul qazanacaqdıq, ata-anamıza Bakıdan ev alacaqdıq! Özünə paltar almadın sən, restoranlara getmədin! Öz boğazından kəsdin! Bizim üçün xərclədin! Əsgərlikdən gələndən sonra bildim ki, Naxçıvanda olarkən, ad günümdə yanıma gəlməsi üçün atanın cibinə pulu sən qoyub qardaşının yanına göndərmisən!

Ata şərlənib həbs olunanda mən elədə çox üzülmədim, Laləm! Çünki sən var idin! Sən atamın qardaşı idin! Sən anamın bacısı idin! Sən ailəmizin həm atası, həm anası idin! Sən mənim solmaz Laləm idin! Kişilərin hamısını ağlar qoydun Laləm! Son tikəni düşmənin olsa belə ac qalmasın deyə ona verəcək Laləm idin sən mənim! Çünki sən Həsənin, Təranənin qızısan! Beynimə ən pis gün olaraq yazıldı, torpağa səni öz əllərimlə tapşırdığım gün – 05.08.2018. Şahmarı bizlərə bəxş etməyin mənim ad günü hədiyyəm, gedişin də anamın ad gününə 4 gün qalmış hədiyyən oldu ay bacım! Dünyada yeganə hədiyyədir ki, “sağ ol” düşmür! Sənin Azibalan”.

Share: