“Dənizçi” – dənizçilərin istirahət ünvanı

“Dənizçi” – dənizçilərin istirahət ünvanı

“Dənizçi” İstirahət Mərkəzi Xaçmaz rayonunun Müqtədir kəndi ərazisində, Nabran qəsəbəsinə yaxın, dənizin sahilində yerləşir.

Təbiət öz əsrarəngiz gözəlliyini bu yerlərdən əsirgəməyib. Bir tərəfdə mavi dəniz, digər tərəfdə sıx meşə zolağı…Bütün bunlar mərkəzin ətrafına xüsusi gözəllik və özünəməxsusluq bəxş edir. Gəlib görənlər bilir, görməyənlərə isə gəlib bu gözəllikləri öz gözləri ilə görməyi məsləhət görərdim.

Artıq neçə ildir ki, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi yay mövsümünə təsadüf edən tədbirlərinin bir hissəsini məhz burada keçirir. Bu il də ənənə davam etdiriləcək. Lakin bu yazını qələmə almağımın əsas məqsədi heç də bu deyil.

“Dənizçi” İstirahət Mərkəzi AXDG QSC-yə məxsusdur və uzun illərdir dənizçilərimizin və onların ailələrinin istirahətinə xidmət edir. Son on ildə isə mərkəzin simasında və imkanlarında nəzərəçarpacaq dəyişikliklər baş verib. Burada yeni kotteclər inşa olunub, mövcud kotteclər əsaslı şəkildə təmir edilərək yenilənib. Bu yeniliklər istirahətə gələn dənizçi ailələrinin rahatlığına və xoş təəssüratlarına öz müsbət təsirini göstərir.

Təxminən üç il əvvəl inşa edilən hovuz da bu il tam hazır vəziyyətə gətirilərək istirahət edənlərin istifadəsinə verilib. Xüsusilə yeməkxana və mətbəxdəki səliqə-sahman diqqəti cəlb edir. Bu təyinatlı obyektlərlə müqayisədə burada təmizlik və nizam-intizama verilən önəm xüsusi qeyd olunmalıdır. Peşəkar və məsuliyyətli kollektivin fəaliyyəti bu qənaətə gəlməyimiz üçün əsas verir.

“Dənizçi” İstirahət Mərkəzinin direktoru Cahangir Balakişiyev, məsul şəxslər Rahil Məmmədov, Sevil xanım Süleymanova, aşpaz Hüseynov Camal və digər əməkdaşların işgüzarlığı, qonaqlara səmimi münasibəti və üzlərindən əskik olmayan təbəssüm burada yaradılmış xoş ab-havaya xüsusi rəng qatır. İnsanlarla ünsiyyətdə səmimiyyət və diqqət, xidmətə məsuliyyətli yanaşma mərkəzin ümumi mühitində özünü aydın şəkildə göstərir.

“Dənizçi” İstirahət Mərkəzində dincələn azyaşlılar da ASCO-nun rəhbərliyi tərəfindən diqqətdən kənarda qalmayıb. Onların istirahətinin daha maraqlı və rəngarəng keçməsi üçün müxtəlif idman oyunları və əyləncə meydançaları yaradılıb. Bu da həm uşaqların, həm də onların valideynlərinin istirahətinə əlavə rahatlıq və xoş ovqat gətirir.

Axı dənizçi üçün istirahət sadəcə istirahət deyil. Gərgin iş günündən, dənizdəki növbədən sonra burada dincəlmək, əslində, dənizdə toplanan yorğunluğu geridə qoymaq, fiziki və mənəvi baxımdan yenilənmək deməkdir. Sabahkı günə, növbəti işə və yeni məsuliyyətlərə tam hazır olmaq üçün “Dənizçi”nin yaratdığı imkanlar dənizçilərimiz üçün xüsusi əhəmiyyət daşıyır.

Bəlkə də elə buna görə “Dənizçi” sadəcə bir istirahət mərkəzi deyil. Bura dənizçilərin sahildə nəfəs aldığı, ailələri ilə birlikdə xoş vaxt keçirdiyi, yorğunluğunu unutduğu və yeni güc topladığı doğma bir məkandır.

Faiq Balabəyli,
AXDG QSC DND-nin gəmi kapitanı, “DSD”İB-nin sədri,
AYB-nin Həmkərlar İttifaqının sədri, şair-publisist, Prezident təqaüdçüsü

Share: