Dəniz qulduru hücumlarına daha çox Qvineya körfəzində rast gəlinir

2020-ci ilin ilk yarısında yük gəmilərinə və onların heyətinə edilən hücumlarının sayı artıb. Bu dövrdə 77 nəfər dənizçi quldurların girovuna çevrilib. 

Müstəqil.Az “Seanews.az”-a istinadən xəbər verir ki, Beynəlxalq Dəniz Bürosunun (İMB) direktoru Maykl Haulettin sözlərinə görə, hazırki dövrdə dəniz quldurları hər tipli gəmiyə hücumlar edirlər.

Təkcə son üç ayda Qvineya körfəzində 32 dənizçi girov götürülüb. Bu ilin ilk yarısında Sinqapur Boğazında 11 hadisə baş verib. İndoneziyanın lövbər dayancaqlarında bu ilin birinci yarısında 15 hücum qeydə alınıb.  Latın Amerikasının yeni ərazilərində, əsasən də Şimali və Cənubi Amerikada da dəniz quldurlarının sayı artıb.

Meksikada aprel ayı ərzində dörd hücum qeydə alınıb. Lövbərdə durmuş gəmiyə 6 nəfər silahlı quldur daxil olaraq heyət üzvlərini yaralamış və gəmiyə ziyan vurmuşdular. Kapitanın qaldırdığı həyəcan siqnalından sonra quldurlar gəmiyə məxsus bir neçə qiymətli qurğunu götürərək qaçmağa nail olmuşdular.

Perunun Kalyao lövbər dayanacağından da quldur hücumları barədə məlumatlar daxil olmaqdadır. Ekvadorda da 2017-ci ildən  hücumların sayında artım müşahidə olunur. Cari ilin ikinci rübündə üç ədəd konteyner gəmisi reyddə olan zaman hücumlara məruz qalıb. Hücumların birində quldurlar gəmini qarət edəndən sonra heyət üzvlərindən bir neçə nəfəri girov götürüblər. Digər bir hücum zamanı quldurlar gəmiyə daxil ola bilmədiyi üçün gəmini odlu silahlarla atəşə tutublar.

Somali sahillərində heç bir hücum qeydə alınmayıb.

Ümumilikdə isə dənizçilərin girov götürülməsi hallarının 90% -dən çoxu Qvineya körfəzində baş verir.

Müstəqil.Az

Share: