Cumhuriyyətin 100-cü ili İstanbulda qeyd olundu

Türkiyənin İstanbul şəhərində “Ural Təhsil və Mədəniyyət Mərkəzi”nin təşəbbüsü ilə Əli Əmiri Mədəniyyət Mərkəzində “Azərbaycan Cumhuriyyətinin 100-cü, Əbülfəz Elçibəyin anadan olmasının 80-ci ili”nə həsr edilmiş konfrans keçirildi. Konfransı giriş sözü ilə açan “Bütöv Azərbaycan Birliyi”nin sədri Aqil Səmədbəyli ilk öncə 1988-ci ildə Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatından və bu hərəkatın lideri Əbülfəz Elçibəyin xidmətlərindən danışaraq, 17 Noyabr Azərbaycan Milli Dirçəliş Gününün tarixini anlatdı və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinin şahlanış günü olduğunu vurğulayaraq bu münasibətlə hər kəsi təbrik etdi. O, həmçinin Azərbaycandaki bugünkü ictimai-siyasi durumu da dəyərləndirərək Milli Dirçəliş Günündə “Fəxri Xiyaban” və “Şəhidlər Xiyabanı”na girişin qapatılmasını və AXCP sədri və fəallarının həbs edilməsini şiddətlə qınayaraq, bunu şəhidlərimizə sayqısızlıq kimi dəyərləndirdi.
Daha sonra çıxış edən araşdırmaçı yazar, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş mətbuat rəhbəri Turqut Ər Əbülfəz Elçibəyin keçdiyi şərəfli həyat və mübarizə yolundan və onunla bağlı xatirələrindən danışdı.
Azərbaycan tarixi haqqında ətraflı bilgi verən tarixçi Qələndər Muxtarlı hələ çar Rusiyası zamanında türklərə qarşı yürüdülən mənfur siyasətdən danışaraq 1917-ci ldə Rusiyada yaradılan Erməni Milli Komitəsinin toplantısında Leninin “bes bunu nece edeceksiniz” sualına cavab veren Teoyanin “Türkiyədə yaşayan ermənilər belə istəyir, öncə orada bir erməni dövləti qurarıq, sonra da Azərbaycanda, daha sonra da onları birləşdirərik” deyərək dənizdən dənizə böyük Ermənistan qurmaq xülyalarının var olduğunu (bunu ilk dəstəkləyən Fransa olub), ardından M.Ə.Rəsulzadə öndərliyində Azərbaycan Demokratik Cumhuriyyətinin yaradılması və 23 ay sürən fəaliyyəti, Azərbaycanın 1920-ci ildən məhkum olduğu Rusiya müstəmləkəsi dönəmi və nəhayət 1988-ci il olayları və Elçibəy öndərliyində Milli Azadlıq Mücadiləsini tarixi faktlara dayanaraq mərhələ-mərhələ anlatdı. Q.Muxtarlı həmçinin 4 iyun 1918-ci ildə Qafqaz ölkələri arasında bağlanan və 14 maddədən ibarət olan “Batum” müqaviləsindən bəhs edərək, həmin müqavilədə Azərbaycan ərazisinin 114 min m2, Ermənistanın isə 9200 m2 olduğunu (bununla bağlı Osmanlı arxivlərində detalli bilgilər var) bildirərək, bu gün Azərbaycan coğrafiyasının nə qədər kiçildiyi üzülərək qeyd etdi.
Konfransda Türkiyənin Milliyətçi Hərəkət Partiyası İstanbul başqanı Birol Gur, Ural Təhsil və Mədəniyyət Mərkəzi başqanı Bülənt Maşaoğlu, Əhməd Yəsəvi Vəqfi başqanı Ərdoğan Aslıyücə, Bolqar Türkləri Dərnəyi başqanı Rafet Ulutürk və bir şok sivil toplum quruluşlarının başqanları, tələbələr və mediya nümayəndələri iştirak edirdi.
Yaqut Misirxanlı, İstanbul
Share: